Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:04

Niderland səfiri Türkiyə XİN-ə çağrılıb


Yerevandakı soyqırım xatirə ansamblının eksponatları
Yerevandakı soyqırım xatirə ansamblının eksponatları

Fevralın 23-də Niderlandın Türkiyədəki baş diplomatı Xarici İşlər Nazirliyinə çağırılıb. Bir gün öncə Niderlandda deputatlar ermənilərin Osmanlı imperiyası dövründə kütləvi öldürülməsini “soyqırımı” kimi tanıyan qətnamə qəbul edib.

Niderlandın Ankaradakı müvəqqəti işlər vəkili Erik Weststrate son bir həftədə artıq ikinci dəfədir çağrılır. Ötən həftə Niderland parlamentarilərinin belə bir planı açıqlananda o, nazirliyə çağırılmışdı.

Türkiyə qətnaməni “kəskinliklə” pisləyib, onun “hüquqi qüvvə və etibar”ının olmadığını bildirib.

***

Hollandiya parlamentinin aşağı palatası 1915-ci ildə ermənilərin Osmanlı imperiyasında baş vermiş ölümlərinin “soyqırım” kimi tanınması barədə qətnaməni əksər səs çoxluğu ilə qəbul edib.

Parlamentin spikeri Khadija Arib fevralın 22-də keçirilmiş səsvermədən sonra qətnamənin 142 leyhinə, 3 əleyhinə nisbəti ilə qəbul olunduğunu elan edib.

Millət vəkilləri bundan əlavə qəbul edilmiş ayrıca qətnamədə hökuməti gələn il və bunun ardınca daha beş il müddətində hər il aprelin 24-də qətliamın yad edilməsi məqsədilə Ermənistan paytaxtı Yerevana nümayəndə heyəti göndərməyə çağırıblar.

Birinci Dünya Müharibəsində, 1,5 milyon erməninin Osmanlı imperiyası tərəfindən kütləvi qırğını və deportasiyası Ermənistan və Türkiyə üçün həssas məsələ olaraq qalır.

Ermənistan bildirir ki, bu, müasir tarixdə, hələ Holokostdan əvvəlbaş vermiş ilk soyqırım nümunələrindən biri olub. Türkiyə buna etiraz edərək bildirir ki, əvvəla ermənilər iddia ediləndən daha az sayda həlak olub və ikincisi bu, Osmanlı hökuməti tərəfindən planlaşdırılmış aktdan daha çox vətəndaş münaqişəsinin nəticəsində baş verib.

Almaniya və Fransa da daxil indiyədək 23 ölkə erməni qırğınlarını “soyqırım” kimi tanıyıb.

Ermənistanın Xarici İşlər Nazirliyi Hollandiya parlamentindəki səsverməni alqışlayaraq deyib: “Bu addımla, Hollandiya parlamenti bir daha özünün ümumbəşəri dəyərlərə, habelə soyqırımı və bəşəriyyətə qarşı cinayətlərin qarşısının alınması kimi nəcib məqsədə sədaqətini təsdiq edib”.

Lakin Türkiyənin Xarici İşlər Nazirliyi Hollandiya parlamentinin hərəkətini pisləyərək, qəbul edilmiş qətnamənin hüquqi qüvvə və etibara malik olmadığını bəyan edib. Türkiyə XİN-in bəyanatında xatırladılır ki, parlamentin qətnaməsi ölkə hökumətinin siyasətinə çevrilməyəcək.

Parlamentdə keçirilmiş səsverməyə baxmayaraq, Hollandiya xarici işlər nazirinin əvəzi Sigrid Kaag deyib ki, hökumət millət vəkillərinin mövqeyini bölüşmür.

Hollandiya xarici işlər naziri əvəzi Sigrid Kaag deyib ki, hökumət parlamentin qərarını bölüşmür
Hollandiya xarici işlər naziri əvəzi Sigrid Kaag deyib ki, hökumət parlamentin qərarını bölüşmür

Kaag bildirib ki, hökumət bu məsələdə “təmkin nümayiş etdirməkdə” davam edəcək. Nazir deyib ki, hökumət habelə bu məsələnin müzakirəsini davam etdirəcək.

Bununla belə, Kaag əlavə edib ki, hökumət aprelin 24-də Yerevanda keçirilən yadetmə mərasiminə nümayəndə heyəti göndərəcək, lakin bu, Hollandiya hökumətinin erməni soyqırımını qəbul etməsi kimi başa düşülməməlidir.

Xanım Kaag əlavə edib ki, “hökumət əvvəllər daha yaxşı münasibətdə olduğu Türkiyə ilə ehtiyatlı davranmaq niyyətindədir”.

Türkiyə və Hollandiya arasında münasibətlər 2017-ci ildə, Hollandiya hökuməti Türkiyə nazirlərinə referendum kampaniyası aparmaq üçün ölkə ərazisinə daxil olmaq icazəsi verməyəndən sonra korlanıb.

Bu referendumdan məqsəd hazırkı prezident Recep Tayyip Erdoğana hüdudsuz hakimiyyət səlahiyyətlərinin verilməsi idi.

Hələ fevralın 17-də Türkiyə Hollandiyanın Ankaradakı işlər müvəkkilini Xarici İşlər Nazirliyinə dəvət edərək parlamentdə keçirilməsi planlaşdırlan səsvermə ilə bağlı etirazını bildirmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG