Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:38

Hökumətə verilən qiymətlər…


Baş nazir Əli Əsədov deputatlara hesabat verir. 15 mart 2022
Baş nazir Əli Əsədov deputatlara hesabat verir. 15 mart 2022

Bu gün, martın 15-də Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edilib. Hesabatı təqdim edən Baş nazir Əli Əsədov bildirib ki, prezident hökumət qarşısında yeni vəzifə və tapşırıqlar qoyub. Onun sözlərinə görə, hökumətin qarşısına fiskal dayanıqlığın təmin edilməsi, biznes mühitinin yaxşılaşdırılması, struktur dəyişikliyinin sürətləndirilməsi, qlobal ərzaq bazarlarında bahalaşmanın mənfi təsirinin azaldılması və digər məsələlər qoyulub.

Hesabata görə, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat proqnoza qarşı 26 milyard 396.3 milyon manat təşkil edib. 2021-ci ildə dövlət büdcəsinin xərcləri də 27 milyard 422.4 milyon manat və ya 96.1 faiz səviyyəsində icra olunub. Bu da 2020-ci illə müqayisədə 1 milyard 6.1 milyon manat və ya 3.8 faiz çoxdur.

F.Mustafa
F.Mustafa

"Hökumət bunun üçünü saxlaya bildi"

Milli Məclisin deputatı Fazil Mustafa "Turan"a bildirib ki, hökumətin ötənilki fəaliyyətində həm müsbət, həm də mənfi məqamlar var: "Məsələyə üç əsas istiqamətdə baxılmalıdır. Birinci - ölkəni pandemiyadan (koronavirus) iqtisadi və sağlamlıq baxımından az itkilərlə çıxarmaq. İkinci - beynəlxalq səviyyədə baş verən münaqişələr fonunda ölkənin təhlükəsizliyini qorumaq. Üçüncü isə bütövlükdə ölkədə daxili sabitliyi təmin etmək. Məncə, hökumət bunun üçünü pis-yaxşı qoruyub saxlaya bildi".

Lakin deputatın sözlərinə görə, əlverişli biznes mühitinin yaradılmaması, insanların çox sayda problemlərinin qalması və ədalət mühakiməsi problemi hökumətin fəaliyyətinin mənfi tərəflərdir: "Bunları həll etmək lazım idi, amma hələ ki, bu sahələrdə işlər yetərli səviyyədə deyil".

N.Əliyev
N.Əliyev

"Hökumət fürsətləri gerçəkliyə çevirə bilməyib"

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası ( AXCP) İqtisadiyyat komissiyasının sədri Nemət Əliyev isə AzadlıqRadiosuna bildirib ki, hökumətin fəaliyyətini qənaətbəxş saymaq mümkün deyil: "Ötən il əvvəlki illə müqayisədə imkanları daha çox olub. Amma təəssüf ki, hökumət bu fürsətləri gerçəkliyə çevirə bilməyib. 2021-ci ildə dünyada neft və qazın bahalığı səbəbindən Azərbaycan külli miqdarda gəlir əldə edib. Azərbaycanın 12 ayda ixrac gəlirləri 8 milyard dollar olub. İdxaldan da 2 milyard gəlir əldə edilib".

Onun sözlərinə görə, buna baxmayaraq, reallıqda Azərbaycanın iqtisadiyyatı böyüməyib: "Hökumət Ümumi Daxili Məhsulun artması ilə bağlı bir məlumat atıb ortaya (Rəsmi açıqlamaya görə, 2021-ci ildə ölkədə 92 milyard 857.7 milyon manatlıq və ya əvvəlki illə müqayisədə 5.6 faiz çox ÜDM istehsal olunub), amma makroiqtisadi göstəricilərin təhlili ilə çox rahat bunu təkzib etmək olar. Baxmayaraq ki, ölkənin maliyyə imkanları 17 milyard manat həcmində artıb, ölkə iqtisadiyyatı böyüməyib və insanların həyat səviyyəsinin artmasına təsir etməyib".

Mütəxəssislər hökumətə inflyasiya cilovlama resepti təqdim edir
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

"Ölkədə 35-40 faiz bahalaşma yaşandı"

O xatırladıb ki, rəsmi açıqlamalara görə, ötən il bahalaşma səviyyəsi 12 faiz üzərinə çıxıb: "Amma orta aylıq əməkhaqqı göstəricisi vur-tut 3.4 faiz artdı. Qeyri-rəsmi şəkildə isə biz bilirik ki, ölkədə 35-40 faiz səviyyəsində bahalaşma yaşandı. Demək, bahalaşma gəlir artımını qat-qat üstələdi və əhalinin həyat səviyyəsində pisləşmə yaşandı".

İqtisadçının fikrincə, ötən il iri və orta sahibkarların sayında azalmalar olub: "Necə ola bilər ki, ölkənin imkanları əhəmiyyətli dərəcədə artsın, pandemiyanın doğurduğu şərait əhəmiyyətli dərəcədə yumşalsın, ancaq sahibkarlıq müəssisələri fəaliyyətlərini genişləndirmək əvəzinə pis vəziyyətə düşsün? Elə ona görə də hökumətin fəaliyyətini heç cür müsbət qiymətləndirmək mümkün deyil".

Martın 15-də Milli Məclis Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını qəbul edib.

XS
SM
MD
LG