Maliyyə Nazirliyi «Azərenerji» ASC-də istehsal edilən elektrik enerjisinin maya dəyərini və enerji istehsalında yanacaq sərfini araşdırmaqdan ötrü beynəlxalq məsləhətçi şirkət axtarır. Ölkədə elektrik inhisarçısı “Azərenerji”nin xaricdə məsləhətçi axtarmasının bir səbəbi də texniki itki normativlərini araşdırmaqdır.
Artıq bu məqsədlə tender elan edilib. Tenderin qalibinə elektrik stansiyaları və enerji istehsalının, eləcə də enerji qurğularının səmərə baxımından diaqnostikasını aparmaq da tapşırılacaq.
«Azərenerji»nin tərkibində 13 istilik və 15 su elektrik stansiyası fəaliyyət göstərir. Dövlət Statistika Komitəsi təkcə 2014-cü ildə elektrik stansiyalarında 21,9 milyard kilovat-saat elektrik enerjisi istehsal edildiyini bildirir. İtkilər 3 milyard 362,5 kilovat-saat olub. Bu, bir il əvvəldəkindən 81,9 milyon kilovat-saat çoxdur.
“Azərenerji”nin borcu hələ də qalır
Rəsmi məlumatlara görə, son 10 ildə Azərbaycanda elektrik enerjisinin artırılmasına, enerjipaylayıcı şəbəkənin yenidən qurulmasına 4 milyard manat sərmayə qoyulub. Bu vəsaitin əsas qaynağı dövlət büdcəsi və xaricdən cəlb olunmuş kreditlərdir. 2007-2014-cü illərdə texniki itki kimi təqdim olunan enerjinin ümumi həcmi ölkədə bir ildə generasiya olunan enerjinin həcminə, yəni 28,5 milyard kilovat-saata bərabərdir. Enerji itkilərinin hələ də yüksək səviyyədə qalması artıq hökumətdə rahatsızlıq yaradıb.
Enerji məsələləri eksperti İlham Şaban Maliyyə Nazirliyinin «Azərenerji» ASC ilə bağlı planlarını AzadlıqRadiosuna şərh edərkən deyib ki, istehsalçının maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığa dair cavabı açıq qalan xeyli sual var:
«2015-ci ildə “Azərenerji”nin istilik enerji stansiyaları qazdan mazut rejiminə keçdi. Səbəb - istifadə olunmuş təbii qaza görə SOCAR-a yüz milyonlarla manat borcun yığılıb qalması idi. Neft şirkəti “Azərenerji”ni borca görə məhkəməyə verdi və qalib gəldi. Amma 382 milyon manatlıq borc problemi hələ də qalmaqdadır».
“Cənub” İES-in avadanlığı köhnədir?
Ekspertin sözlərinə görə, istehsala çəkilən xərclər baxımından Azərbaycanda elektrik enerjisinin maya dəyəri yüksək sayılmalıdır: «Bir kilovat elektrik enerjisinin maya dəyəri orta hesabla 2,7-2,8 qəpikdir. Enerji paylayıcı şəbəkəyə 3,5 qəpikdən ötürülür. Bununla belə, şirkət öhdəliklərini yerinə yetirə bilmir».
Hökumət Mingəçevirdən ötürülən elektrik enerjisi itkilərini azaltmaq üçün bir neçə il öncə Şirvan şəhərində gücü 800 meqavat olan “Cənub” İES-i tikdi. Bu məqsədlə kredit götürüldüyündən həmin stansiya, az qala, 1 milyard ABŞ dollarına başa gəldi. Amma görünür, köhnə avadanlıq ucbatından indi həmin stansiya enerji sisteminə cəmi 300 meqavat elektrik ötürə bilir. Sənayenin və əhalinin əsas hissəsinin cəmləşdiyi Abşeron yarımadasında enerji təshizatı yenə də, əsasən, Mingəçevir elektrik stansiyası hesabına aparılır.
Yenidən qurulubsa, niyə nəticə yoxdur?
Ekspertlər deyirlər ki, “Azərenerji”nin rəhbərliyi elektrik enerjisi sisteminin Avropa standartları səviyyəsində yenidən qurulması üçün gərəkli tədbirlərin görüldüyünü iddia edir. Ancaq Qərbin enerji şirkətləri «Azərenerji» ASC-nin problemləri ilə üzləşmir.
Maliyyə hesabatına görə, ötən ilin əvvəlinə “Azərenerji“nin vergi, kredit və s. öhdəliklərinin ümumi məbləği 3 milyard 266 minyon manat olub. 2014-cü il ərzində gəlirlər 11,7 faiz artaraq 830 milyon 700 min manata çatıb. Bu qədər gəlirin qarşısında şirkətin xalis mənfəəti cəmi 19,6 milyon manat olub.
Mövzu ilə bağlı “Azərenerji“nin də mövqeyini işıqlandırmağa hazırıq.