Livanda minlərlə insan noyabrın 3-də Hizbullah silahlı qruplaşmasının lideri Həsən Nəsrüllahın televiziya ilə yayımlanan çıxışına baxmaq üçün meydanlara yığılıb.
Bu, Hizbullah liderinin ötən ay Həmasın 1400 israillinin ölümü və Fələstin silahlıları və İsrail arasında müharibənin alovlanması ilə nəticələnmiş hücumundan bəri ilk çıxışı idi.
Gizlində yaşayan və nadir hallarda ictimaiyyət qarşısında görünən Nəsrüllah qeyri-müəyyən məkanda əvvəlcədən yazılmış müraciətində HƏMAS-ın oktyabrın 7-də İsrail üzərinə hücumunu alqışlayıb. Bununla belə Nəsrüllah vurğulayıb ki, bu hücum “sırf fələstinlilərin planlaşdırması və icrası ilə edilib”.
90 dəqiqəlik müraciətində Hizbullah lideri deyib ki, onun təşkilatı HƏMAS-ın sözü gedən hücumundan bəri bu münaqişədə hər gün iştirak edir və bu səbəbdən İsrail Qəzzaya göndərməli olduğu qoşunlarını Livanla sərhəddə saxlamağa məcbur olub.
Son günlərdə İsrail-Livan sərhədində qarşılıqlı atışmalar olub. İsrail noyabrın 2-də bildirib ki, Hizbullah İsrailin 19 mövqeyinə eyni vaxtda hücum etdiyini bildirdikdən sonra buna “geniş həmlə” ilə cavab verilib.
Nəsrüllah "bütün ssenarilərin açıq olduğunu" deyib və bildirib ki, Qəzzada HƏMAS üzərinə hücumlar böyüyərsə, Livan-İsrail sərhədi boyunca döyüşlər indiyədək görünməmiş miqyas ala bilər. Bununla belə Hizbullah lideri tammiqyaslı müharibə elan etməyib.
ABŞ münaqişədən "fürsətlənməməyə" çağırıb
AzadlıqRadiosunun İran xidməti – Fərdanın bu çıxışı izləmiş müxbirinin dediyinə görə, Nəsrüllahın dediklərindən belə başa düşmək olar ki, İran 7 oktyabr hücumunun planlaşdırlılmasında iştirak etməyib. Hizbullah liderinin sözlərindən belə anlaşılır ki, təşkilat bu mərhələdə İsrailə qarşı müharibə etmək istəmir, amma qruplaşmanın məhdud hücumları davam edəcək.
Nasrüllah bu çıxışında habelə onu Livanı müharibəyə sürükləməkdə və ya İsrailə qarşı yeni cəbhə açmamaqda ittiham edən tənqidçiləri və tərəfdarları arasında balans yaratmağa çalışıb.
AFP agentliyinin məlumatına görə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü deyib ki, Hizbullah hazırkı vəziyyətdən “fürsətlənməyə” çalışmamalıdır:
"Biz və partnyorlarımız açıq bildirmişik: Hizbullah və başqa dövlət və ya qeyri-dövlət aktorları davam edən münaqişədən fürsətlənməyə çalışmamalıdırlar”.
ABŞ və Avropa İttifaqında Hizbullaha fərqli münasibət
İsrailin baş naziri Benyamin Netanyahu isə Livana işarə edərək deyib ki, “şimaldakı düşmənlər” İsraili sınağa çəksələr, bunun “ağır bədəlini” ödəməli olacaqlar.
Təhlilçilər bildirirlər ki, hərbi baxımdan HƏMAS-dan güclü olan Hizbullahla müharibə, həm İsrail, həm də Livan üçün dağıdıcı ola bilər.
Hizbullahın İsrail ərazisinin dərinliklərini vura bilən dəqiq silahlara malik olduğu ehtimal edilir.
Almaniyanın hazırda Ermənistanda səfərdə olan xarici işlər naziri Annalena Berbok mətbuat konfransında deyib ki, eskalasiya bütün tərəflər üçün pis ola bilər.
ABŞ 1997-ci ildə Hizbullahı terrorçu təşkilatlar siyahısına daxil edib.
Avropa İttifaqı da Hizbullah silahlılarını terrorçu təşkilat adlandıb, amma bu təsnifatı onun Livan parlamentində mandatlara sahib siyasi qanadına şamil etməyib.