Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Sentyabr, Cümə, Bakı vaxtı 14:21

720 milyon nəfər hipertoniya ilə gəzir, müalicə almır


İllüstrativ foto

Hər il dünyada hipertoniyadan dolayı 8.5 milyondan çox ölüm qeydə alınır. Yüksək qan təzyiqi ürək xəstəlikləri, iflic, böyrək xəstəliyi riskini artırır

1990-cı ildən bəri dünyada yüksək qan təzyiqi ilə yaşayanların sayı iki dəfə artaraq 1.3 milyard nəfərə çatıb. Avqustun 25-də London İmperial Kolleci ilə Dünya Səhiyyə Təşkilatının (DST) bu haqda birgə araşdırması yayılıb.

Qan təzyiqi yuxarı olan qadınların 41, kişilərin isə 51 faizinin bu durumdan xəbəri yoxdur. Halbuki, onlar ucuz dərmanlarla rahatca müalicə ala bilərdilər.

720 milyon nəfər müalicəsiz gəzir

“Onillərin tibbi və farmakoloji irəliləyişlərinə baxmayaraq, hipertoniyanın idarə olunması üzrə proqres ləng gedib, hipertoniyalı insanların çoxu müalicəsiz gəzir”, – London İmperial Kollecindən araşdırmanın əsas müəllifi Məcid İzzəti deyib.

Araşdırmada 2019-cu ildə 720 milyon nəfərin yüksək qan təzyiqinə görə müalicə almadığı vurğulanır.

Hər il dünyada hipertoniyadan dolayı 8.5 milyondan çox ölüm qeydə alınır. Yüksək qan təzyiqi ürək xəstəlikləri, iflic, böyrək xəstəliyi riskini artırır.

Araşdırma zəngin ölkələrin bu xəstəliyi əsasən nəzarətə aldığını, azgəlirli ölkələrdə daha çox yayıldığını göstərir.

Fərq

2019-cu ildə Kanada və Peruda yüksək qan təzyiqinin miqyası ən aşağı həddə düşüb, hər dörd nəfərdən birində qeydə alınıb.

Tayvan, Cənubi Koreya, Yaponiya, İsveçrə, İspaniya və Britaniyada qadınlar üzrə hipertoniya göstəricisi cəmi 24 faiz, Eritreya, Banqladeş, Efiopiya və Solomon adalarında kişilər üzrə 25 faizdən az olub.

Paraqvay və Tuvaluda qadınların yarıdan çoxu, Argentina, Paraqvay və Tacikistanda kişilərin yarıdan çoxu hipertoniya ilə yaşayır.

Araşdırma müəllifləri yüksək qan təzyiqin diaqnozunu və müalicəyə çıxışı genişləndirməyi çox vacib sayırlar.

Hipertoniyanın səbəbləri sırasında genetik risk faktorları ilə yanaşı, həyat tərzinə – qeyri-sağlam qidalanma, fiziki hərəkətsizlik, alkoqoldan istifadə, şəkərin nəzarətdə saxlanmaması, artıq çəkiyə bağlı faktorlar da göstərilir.

Şərhlər

XS
SM
MD
LG