Bu gün – sentyabrın 9-dan Hindistan bir neçə düyü növünün ixracına nəzarət tətbiq etməyə başlayıb. “Financial Times” qəzeti bu addımın qlobal bazara təsir göstərə biləcəyini yazır.
Hindistan dünyada ən böyük düyü ixracatçısıdır, qlobal ticarətin 40 faizə yaxınını təşkil edir. Təmizlənməmiş ağ düyü, təmizlənmiş qəhvəyi düyü, yarıtəmizlənmiş, yaxud tam təmizlənmiş düyü ixracına 20 faizlik rüsum qoyulub. Qadağan Hindistanın məşhur basmati düyüsünə aid deyil.
Sentyabrın 8-də axşam açıqlama yayan maliyyə nazirliyi bu addımı “dərhal tədbir tələb edən şərait”lə izah edib.
İnflyasiya 7 faizə yaxındır
Baş nazir Narendra Modi hökuməti ərzaq təhlükəsizliyini gücləndirmək və inflyasiyanı cilovlamaq üçün tədbirlər görür. Covid-19 pandemiyası və Ukraynada müharibənin təchizat zəncirində yaratdığı pozuntular son məsələlərlə bağlı gərginlik yaradıb.
Hindistan Beynəlxalq İqtisadi Əlaqələr üzrə Tədqiqat Şurasının professoru Aşok Qulati qəzetə deyib ki, ixrac məhdudiyyətləri “dənli bitkilər üzrə daxili inflyasiyanın səngiməsinə kömək edəcək”.
“Financial Times” bu il Hindistanda musson yağışlarının qeyri-sabit yağdığını, bunun da düyü istehsalında azalmaya səbəb ola biləcəyi sarıdan narahatlığa rəvac verdiyini qeyd edir. İnflyasiya 7 faizə yaxındır, baxmayaraq ki, Hindistan Ehtiyat Bankı 4-6 faizlik hədəf qoyub.
8.8 milyard dollarlıq düyü ixracı
Hindistan 2020-2021 maliyyə ilində 8.8 milyard dollarlıq düyü ixrac edib. Qeyri-basmati düyüsünün ən böyük bazarları Nepal, Banqladeş, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Malayziya və qərbi Afrikadır.
Düyü ixracı üzrə növbəti yerləri tutan Vyetnam və Tailandın isə taxıl ixracını artıracağı gözlənir.
Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan dünyada ərzağın qiyməti qalxıb. Ukraynanın Qara dəniz limanlarının bloklanması dünyaya taxıl ixracına maneələr yaradıb. Ancaq iyulda BMT və Türkiyənin vasitəçiliyi ilə əldə olunan razılaşma çərçivəsində taxılla dolu gəmilər Ukraynadan çıxmağa başlayıb.
Rusiya Prezidenti Vladimir Putin bugünlərdə iddia edib ki, Ukraynadan taxıl ixracı yoxsul ölkələrə gedib çıxmır. Bu açıqlama Rusiyanın taxıl ixracı marşrutunu dəyişə biləcəyi ehtimallarına yol açıb.