Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:01

Hillary Clinton-un səhhəti suallar doğurur


H.Clinton özünü «əla» hiss etdiyini deyir.
H.Clinton özünü «əla» hiss etdiyini deyir.

Ötən bazar - 11 Sentyabr hücumlarının ildönümü mərasimində Hillary Clinton-un halı pisləşəndən sonra həm demokratlar, həm də respublikaçılar onun sağlıq durumunu soruşmağa başladılar.

Prezidentliyə namizəd əvvəlcə «çox istiləndiyini» deyib, sonra isə mərasimi vaxtından əvvəl tərk edərək qızının evinə gedib. Orada 1 saat 45 dəqiqə dincələndən sonra günorta saat 12-yə doğru yenidən gəlib və insanlara əl yelləyərək özünü «əla» hiss etdiyini deyib.

OLAYDAN BİR NEÇƏ GÜN ƏVVƏL

Bu hadisədən cəmi bir neçə gün əvvəl Clinton-un auditoriya qarşısında öskürməsini respublikaçılar ciddi xəstəlik əlaməti kimi dilə gətirsələr də, onun seçki komandası bunun mövsümi allergiya olduğunu iddia etmişdi.

«Clinton allergiya səbəbindən öskürürdü. Cümə günü… ona pnevmoniya diaqnozu qoyuldu. Ona antibiotiklər təyin edilib, dincəlmək və iş cədvəlində düzəliş etmək tövsiyə olunub. [Bazar günü keçirilən] tədbirə gəlincə, orada ona çox isti olub və o, çox maye itirib. Mən onu müayinə etdim. İndi o, yenidən lazımi qədər maye alıb və bərpa olunmaqdadır». Bu sözlər Clinton-un həkimi Lisa Bardack-ın yazılı bəyanatında əksini tapıb.

68 yaşlı prezidentliyə namizəd həm mövsümi allergiyadan, həm də hipotireozdan əziyyət çəkir.

Clinton hazırda pnevmoniyadan qurtulmağa çalışır. Dövlət katibi işlədiyi vaxtlar onun gərgin və səfərlərlə zəngin iş cədvəli olsa da, səhhəti yaxşı olub.

«O, SAĞLAM HƏYAT TƏRZİ SÜRÜB»

Doktor Bardack ötən ilin iyulunda dərc etdiyi hesabatda yazır: «O, sağlam həyat tərzi sürüb. Keçdiyi tibbi müayinələr əlavə tibbi problem, yaxud ürək-damar xəstəliyi aşkar etməyib. Onun xərçənglə bağlı müayinələri təmiz çıxıb. O, əla fiziki durumdadır və Birləşmiş Ştatların prezidenti vəzifəsini gerçəkləşdirməyə qadirdir».

Bardack 1998-ci ildə təyyarə ilə uzaq məsafələrə səyahət etdiyi zaman Clinton-a qanı durulaşdırıcı dərmanlar məsləhət görüldüyünü də yazıb. Bu dərmanlar dərin damar trombozunu önləyəcəkdi.

Tromb təyyarədə səyahətə çıxan adamları ciddi risklə üzləşdirə bilər. İnsan uzun zaman oturaq vəziyyətdə qalanda, olur ki, onun ayaqlarının dərin damarlarında tromb əmələ gəlir. Tromb qoparaq bədənin başqa üzvlərinə, tutalım, ağ ciyərlərə doğru hərəkət edəndə problem ciddiləşir.

XANIM CLINTON-UN TİBB TARİXÇƏSİNDƏKI DETALLAR

Bardack-ın hesabatında o da deyilir ki, Clinton qandurulducu preparatlardan başqa hipotireoza görə də dərman qəbul edir. Onun qalxanabənzər vəzi yetərincə fəal çalışmır. Nəticədə, qanda bu vəzin mühüm hormonları çatışmır.

Clinton-un tibbi tarixçəsində sümük sınması da var. 2009-cu ilin yayında Dövlət Departamentinin binasında büdrəyən Clinton-un sağ dirsəyi sınıbmış. İkisaatlıq əməliyyat uğurlu başa çatıbmış.

Bardack-ın hesabatına görə, 2012-ci ilin dekabrında Clinton mədə virusuna yoluxaraq bayıldığından kontuziya alıb. Bunun ardınca aparılan müayinələr onun beynində də tromb olduğunu üzə çıxarıb. Sonradan bu trombu zərərsizləşdirmək mümkün olub.

CNN-in təbabət müxbiri, neyrocərrah Sanjay Gupta bildirib ki, kontuziya beyin zədəsidir: «Cümə günü qoyulan pnevmoniya diaqnozuna gəlincə, bu xəstəlik tam sağaldılan xəstəlikdir və hər hansı suala gərək qalmır. Ancaq yenə dədiaqnozun ciddiliyi gözardı edilə və ona yüngül yanaşıla bilməz».

TRUMP-IN ÖZÜNƏ GƏLİNCƏ…

Donald Trump-ın kampaniyası, hələ ki, Clinton-a qoyulan pnevmoniya diaqnozuna münasibət bildirməyib. Trump-ın özünə gəlincə, o öz səhhətindən çox az danışıb.

Trump-ın şəxsi həkimi doktor Harold Bornstein-ın ötən ilin dekabrında dərc etdirdiyi sənəddə bir çox tibbi detallar göstərilməyib. Bu sənəddə qeyd olunur ki, Trump «nə zamansa prezident vəzifəsinə seçilmiş ən sağlam fərd olardı».

S.Gupta sənədin dilini təəccüblə qarşılayıb və onu yetərincə obyektiv saymayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG