Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:27

Hikmət Hacızadə: '...Sakit olun, çox danışmayın'


Hikmət Hacızadə
Hikmət Hacızadə

Dövlət başçısı İlham Əliyev 2020-ci il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verib.

Bu dəfə indiyə qədər keçirilən seçkilərdən fərqli nələrsə baş verə bilərmi?

Politoloq Hikmət Hacızadə Azadlıq Radiosuna deyib ki, ümumilikdə düzgün seçki gözləmir. Amma onun fikrincə, ən yaxşı halda 3-4 nəfər hansısa müxalifətçi parlamentə buraxıla bilər:

“Şərt qoyacaqlar”

“Bu da yenə hansısa şərtlər daxilində olacaq. Şərt qoyacaqlar ki, sizi buraxırıq, amma sakit olun, çox danışmayın. Bir də ola bilər ki, ən yaxşı halda bu 3-4 nəfərə danışmaq imkanı verilsin. Onsuz da çoxluq onların əlindədir, nə istəsələr onu da edəcəklər. Beləliklə, üç variant var. Birincisi, kənardan heç kəs parlamentə buraxılmayacaq. İkincisi, kimsə keçəcəksə şərt daxilində olacaq, üçüncüsü müxalifət təmsilçiləri də parlamentə seçilə bilər”.

“Bu da dekorasiyanın dəyişməsidir”

H.Hacızadəyə görə, qarşıdakı parlament seçkilərində yaşlaşmış komandanın hakimiyytdən getməsi, yerinə İlham Əliyevin cavan komandasının gələcəyi gözlənir. Onun sözlərinə görə, yeni parlament də sözəbaxan, üzüyola, heç nəyi həll etməyən, bir parlament ola bilər:

“Belə parlament nəyə lazımıdır, nə fikirləşirlər, onu bilmirəm. Keçmişdəkilər susurdular, yenilər də belə susacaq. Amma cavanlaşma gedir ki, bu da dekorasiyanın dəyişməsidir, dekorasiya xarakterli dəyişikliklər deməkdir”.

“Amma bu məsələdə də elə addımlar atılmalıdır ki,...”

Qabil Hüseynli, 24 fevral 2010
Qabil Hüseynli, 24 fevral 2010

Politoloq Qabil Hüseynli-nin isə obyektiv, xalqın səslərinə söykənən, demokratik, adil, şəffaf seçkilər keçirilməsi kimi gözləntisi var.

Q.Hüseynli “Turan” agentliyinə qeyd edib ki, onun daha bir gözləntisi parlamentin tərkibində cavanlaşma siyasətnin daha güclü gedəcəyi ilə bağlıdır:

“Amma bu məsələdə də elə addımlar atılmalıdır ki, qocalıq adı ilə parlamentdən çıxan adamın övladını gətirib deputat seçməsinlər. Yəni, həqiqətən də ümumxalq rəyinə söykənən bir parlamentin formalaşmasını gözləyirik. Hakimiyyətin bu qolunun doğrudan da ölkədə gedən ciddi islahatlar prosesinə yarıdm edəcəyi qənaətindəyəm”.

Xatırlatma

Ötən ay, noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilib. İclasda partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Bundan sonra hakim partiyadan olan deputatlar bu məsələ ilə bağlı həmin müraciəti hazırlayıb göndəriblər. YAP Siyasi Şurası o qərarını Prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı.

Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahişi ilə prezidentə müraciət edib. Prezident isə parlamentin buraxılmasının konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uğun sayıb.

«Azərbaycan Respublikasının Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarından da göründüyü kimi,... deputatlarının mütləq əksəriyyəti parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə qəti mövqe ortaya qoymuşdur», - qərarda yazılırdı.

Nəhayət, dekabrın 5-də Prezident İlham Əliyev Milli Məclisinin beşinci çağırışının buraxılması və parlamentə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Azərbaycanın bir sıra müxalif qüvvələri ölkədə son ( 2015-ci il noyabr) pralment seçkilərinin total saxtakarlıqlarla keçirildiyini bəyan etmişdi. Rəsmilər və Mərkəzi Seçki Komissiyası bu mövqeyi bölüşməyərək, seçkilərin Azərbaycan xalqının iradəsini ifadə etdiyini açıqlamışdılar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG