Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 13:21

Məhkəmə hicaba görə işdən çıxarılan həbsxana işçisini dəstəkləmədi


Hicablı qadın (arxiv fotosu).

Yanvarın 18-də ABŞ-ın Nyu Cersi ştatının Kamden dairə məhkəməsi cəzaçəkmə müəssisəsi əməkdaşının baş örtüyünə görə işdən çıxarılmasına dair qərarı qüvvədə saxlayıb.

Həbsxananın 13 illik işçisi Linda Tisby 2015-ci ilin mayında işdən çıxarılması ilə barışmır. O deyir ki, bu, Nyu Cersi ştatının “Ayrıseçkiliyə qarşı qanun”una ziddir. Tisby islam dininin sünni cərəyanını qəbul edəndən sonra işdən çıxarılıb.

Buna da bax:​ Müsəlman olmağa görə 'üçqat cəza'

QƏRARDAN NARAZILAR VAR

Ancaq apellyasiya məhkəməsinin üç hakimdən ibarət şurası Ali Məhkəmənin Tisby-yə qarşı qətnaməsini qüvvədə saxlayıb. Məhkəmə qərarında deyilir ki, Tisby-nin ximar, yaxud hicab kimi tanınan dini baş örtüyü onun cəzaçəkmə müəssisəsindəki işində çətinliklər yaradacaq. Məhkəmə bildirib ki, yaranmış şərait ştatın qanununda istisnaya yol açıb və Tisby-nin işdən çıxarılmasını mümkün edib.

Hakimlər həbsxananın hicab qadağasını "təhlükəsizlik məsələləri, qaçaqmalın gizlədilməsi imkanı və neytral uniformanın əhəmiyyətini" nəzərə alaraq qüvvədə saxlayıblar.

Dairə rəsmiləri məhkəmənin bu qərarından razı qalıblar.

Buna da bax: Müsəlman qızlar da üzgüçülük dərslərinə qatılmalıdır

Müsəlmanların vətəndaş hüquqlarını müdafiə edən Amerika-İslam Münasibətləri Şurası qərardan narazılığını bildirib.

İMTİNA EDİB VƏ İŞDƏN ÇIXARILIB

Qurumun paytaxt Vaşinqton bölməsindən Ibrahim Hooper deyir ki, iş yerlərində dini etiqad üçün şərait yaradılması məsələsi, əsasən, həll olunub. "Yeganə həll edilməmiş məsələ uniformanın geyildiyi polis və islah müəssisələrinin qaydalarıdır", – deyə o bildirib.

Məhkəmə qərarında deyilir ki, həbsxananın uniforma siyasəti yalnız "icazə verilmiş baş örtüyünün" geyilməsinə imkan verir.

Həbsxana rəisi David S. Owens Jr. 2015-ci il mayın 11-də Tisby-yə söyləyib ki, onun "Vətəndaş Hüquqları Aktına əsasən vəziyyətinin nəzərə alınması" məsələsinə baxıb, ancaq bunun çətinliklər yaradacağı qərarına gəlib.

Buna da bax:​ "Kimsə müsəlmanlar haqda qorxunc şeylər danışanda..."

Owens Tisby-yə deyib ki, işə hicabsız gələcəyi halda heç bir cəzayla üzləşməyəcək. Tisby bu təklifi rədd edib və buna görə də elə həmin gün işdən çıxarılıb.

MƏHKƏMƏ İDDİALARI RƏDD OLUNUB

Bunun ardınca Tisby həmin ilin iyununda və iyulunda iki dəfə məhkəməyə müraciət edərək dairə rəsmilərinin onun hüquqlarını pozduqlarını bildirib. O, iş yerinə bərpa olunmasını və dəyən zərərə görə təzminat tələb edib.

Ancaq onun iddiaları bütün məhkəmə instansiyalarında rədd edilib.

Buna da bax: Məhbus qadınların hicab problemi

Hakimlərin çərşənbə günü verdikləri qərarda 2007-ci ildə Filadelfiya (Pensilvaniya ştatı) polis əməkdaşlarının iş yerində hicab geyməsinə qarşı çıxarılmış məhkəmə qərarına da istinad olunur.

Həmin işə baxılan zaman Filadelfiyanın polis komissarının arqumenti belə idi: "Polisin öz vəzifələrini icra edən zaman siyasi və dini neytrallığını qoruyub saxlaması və ictimaiyyətin onun bu və ya digər qrupu, yaxud dini inancı dəstəkləmədiyini görməsi vacibdir".

XS
SM
MD
LG