Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Heydər Əliyevdən 11, Rəsulzadədən 1 sitat...


E.Astanbəyli
E.Astanbəyli

«Ölkədə Cümhuriyyətin yüzilliyi, yubiley ab-havası duyulmur», – köşə yazarı Elnur Astanbəyli deyir. Onun qənaətincə, yüzillik bu cür «səssiz, ruhsuz» qeyd edilməməliydi, Cümhuriyyətin möhtəşəm tarixini göz önünə sərəcək filmlər çəkilməli, kitablar yazılmalı, konfranslar keçirilməli, başda Rəsulzadə olmaqla Cümhuriyyət qurucularının xatirəsini əbədiləşdirmək üçün addımlar atılmalıydı. Astanbəyli bu səssizliyi hakimiyyətin Cümhuriyyətə, onun qurucularına münasibətiylə izah edir:

***Buna da bax-Elnur Astanbəyli: '...2018-ci il artıq 'Cümhuriyyət ili' olmayacaq'

«İstənilən halda, Azərbaycan üçün bu qədər əlamətdar olan bir tarix bu qədər səssiz, ruhsuz şəkildə qeyd edilməməlidir. Hər şeyi 28 mayda keçiriləcək bir tədbirə sığışdırmaq, o günə hesablamaq düz deyil. Yüzillik ab-havası ilin başlanğıcından hiss olunmalı idi. Hiss olunmur. Sanki hansısa xalq şairinin, xalq yazıçısının yubileyi kimi bir tədbir düzənləyəcəklər. Halbuki, Cümhuriyyətin tarixini, gələnəklərini, dəyərlərini önə çıxaracaq, ifadə edəcək tədbirlərə ehtiyac vardı. Böyük ehtimalla bu olmayacaq. Onun qurucularına münasibət məlumdur. Rəsulzadənin yubileyi ilə bağlı iki dəfə sərəncam verildi. O sərəncamlarla Cümhuriyyət qurucusunun yubileyi adına-şanına uyğun necə qeyd olundusa, Cümhuriyyətlə bağlı da eyni mənzərənin şahidi olacağıq».

«Məzarlar gətirilməli... mavzoley kompleksi inşa olunmalı idi»

«Çox təəssüflər olsun ki, Cümhuriyyətlə bağlı görülən işlər çox zəifdir. Daha çox iş görə bilmək üçün isə zaman çox azdır», – Məmməd Əmin Rəsulzadə Mərkəzinin başqanı, tədqiqatçı alim Nəsiman Yaqublu bu qənaətdədir.

N.Yaqublu
N.Yaqublu

O, hələ ötən il prezidentin yüzilliklə bağlı verdiyi sərəncamdan sonra İlham Əliyevə 12 maddədən ibarət təkliflərini göndərmişdi. Tədqiqatçı-alim 100 il öncə Azərbaycan kimi müstəqillik qazanan, dövlətini quran Gürcüstanla Ermənistanda yüzilliyin necə keçirilməsi, hansı işlərin görülməsi ilə bağlı məlumatlar topladığını və 28 mayda bunu burdakı işlərlə müqayisə edərək fikirlərini açıqlayacağını bildirir. N.Yaqublunun istədiyi odur ki, Azərbaycan hakimiyyəti yubiley ərəfəsində Cümhuriyyət və onun qurucuları ilə bağlı daha çox iş görsün:

***Buna da bax-'AXC qurucularının məzarları Azərbaycana gətirilsin'

«Ən azından, onların məzarları bura gətirilməliydi. Bu, hələ də həll edilməmiş qalır. Bu dövlətin qurucularının irsinin araşdırılması, toplanması üçün vəsait ayrılmayıb, bu iş də yarımçıq qalır. Onların qohumlarının, oğul-uşaqlarının axtarılıb-tapılması sistemli şəkildə həyata keçirilməyib, onlarla bağlı kataloq hazırlamaq olardı».

N.Yaqublu Cümhuriyyət qurucularının şərəfinə böyük mavzoley kompleksinin inşasını, orda qurucuların hər birinə aid guşə yaradılmasını da təklif edir:

«Heç olmasa, 28 mayda ora gedib adları qarşısına bir dəstə gül qoyardıq. Bax, indi 28 mayda biz bir dəstə gülü hansı məzarın üstünə qoyaq? Hara qoyaq? «İstiqlal bəyannaməsi» abidəsinin? Etiraf edək ki, Cümhuriyyətimizin adına layiq abidə deyil. Birincisi, yeri onlara layiq deyil, ikincisi, o, abidə də deyil, heç bilmirəm nədir. Onlarla bağlı muzey kompleksi, mavzoley yaratmaq, nəşlərini gətirib orda torpağa tapşırmaq lazım idi».

Y.Mahmudov
Y.Mahmudov

N.Yaqublu hesab edir ki, ən azından, Gürcüstanın paytaxtı Tbilisidə Cümhuriyyətin elan olunduğu Qafqaz Canişinliyi binasındakı xatirə lövhəsini yeniləmək olar: «Xatirə lövhəsi pis vəziyyətdədir, üstündəki yazıları oxumaq da olmur. Bu, böyük xərc də tələb etmir».

Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, YAP-çı deputat Yaqub Mahmudov AzadlıqRadiosuna müsahibəsində demişdi ki, M.Ə.Rəsulzadənin məzarını Türkiyədən Azərbaycana gətirmək «ədalətsizlik» olardı:

***Buna da bax-Y.Mahmudov: 'Rəsulzadənin məzarını Türkiyədən Azərbaycana gətirmək ədalətsizlikdir'

«O orada mübarizə aparıb, qardaş xalqımız ona qoynunu açıb. O, ordakı tarixin bir parçasıdır. Topçubaşov orda işləyib. Və ya Fətəli xan Xoyski Tiflisdə işləyib. Mirzə Fətəli Axundovun və ya Fətəli xan Xoyskinin məzarları Tiflisdən niyə bura köçürülməlidir? Orda bizim tariximiz var. Tarixi hər yerdən yığışdırıb bura gətirsək, biz dünya tarixində zəifləyərik. Mən hesab edirəm ki, qəbirləri gətirmək doğru olmazdı. Tarixi bu cür dəyişdirməyi düzgün saymıram».

Bundan başqa, direktor ilboyu Cümhuriyyətlə bağlı elmi konfransların keçiriləcəyindən, yeni kitabların nəşr ediləcəyindən danışmış, eləcə də Cümhuriyyət ənənələrinin Azərbaycanda qorunduğunu söyləmişdi: «Biz AXC-nin varisi olaraq o dövrdə qəbul edilən bütün qərarlara hörmətlə yanaşırıq. Hesab edirəm ki, o tarixi öyrəndikcə, o irsə daha çox sahib olacağıq».

Elə bu ilin əvvəlindən bir sıra dövlət qurumlarında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi konfranslar keçirilib.

AXC-nin yüzilliyi ilə bağlı loqo
AXC-nin yüzilliyi ilə bağlı loqo

«Yaradıcı ruhdan uzaq, zövqsüz... loqo»

Bugünlərdə Mədəniyyət və Turizm Nazirliyi Cümhuriyyətin yüzilliyi ilə bağlı loqosunu yaydı. Ancaq loqo sosial şəbəkələrdə kəskin tənqid edildi. Tənqidçilərdən biri də köşə yazarı E.Astanbəyli oldu. Hərçənd nazirlik az sonra bunun tamamlanmamış variant olduğunu, üzərində iş getdiyini açıqlasa da, Astanbəyli deyilənə inanmır, «Tamamlanmamış variantı açıqlamaqda məqsəd nədir» deyə sual edir. Köşə yazarı qurumun sadəcə, kəskin reaksiyalar qarşısında geri çəkildiyini düşünür:

***Buna da bax-Rəsulzadə: 'Onlar yarasa kimidirlər, günəşdən qaçarlar'

«Yaradıcı ruhdan uzaq, zövqsüz, xeyli dərəcədə də gülünc, multiplikasiya filmini xatırladan bu loqo onu hazırlayanların da, hakimiyyətin də Cümhuriyyət dəyərlərindən, ruhundan, eşqindən, sevdasından nə qədər uzaq olduğunu göstərir».

Türkiyədə yaşayıb işləyən azərbaycanlı jurnalist Könül Şamilqızı da Mədəniyyət və Turizm Nazirliyinin işinə iradını bildirir. O, Facebook-da yazır ki, nazirliklə Milli Kitabxana «Azərbaycan Xalq Cümhuriyyəti – 100 (Metodik tövsiyələr)» bir sənəd hazırlayıb:

«Sənəddə «Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı görkəmli şəxsiyyətlərdən sitatlar» deyə bir bölüm var. O bölümdə Heydər Əliyevdən 11, İlham Əliyevdən 3, Mehriban Əliyevadan 1 və ən sonda lütf eləyib Məhəmməd Əmin Rəsulzadədən 1 sitat veriblər...».

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxməmmədov bununla bağlı AzadlıqRadiosunun əməkdaşına deyib ki, məsələni araşdırdıqdan sonra cavab verəcəklər. Bir neçə saatdan sonra isə o, sözügedən sənədi Milli Kitabxana hazırladığı üçün onlarla əlaqə yaratmağı məsləhət görüb.

Milli Kitabxananın direktoru Kərim Tahirovun köməkçisi onun xəstə olduğunu, işə çıxmadığını, müavini Ədibə İsmayılovanın isə Yeni Azərbaycan Partiyasının iclasına getdiyini bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG