Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 14:48

Heydər Əliyev Fondunun adıyla aldadıldığını deyir


Pul

Dələduzluqla bağlı cinayət işlərinin təhlili göstərir ki, adamlar əksər hallarda ya daha ucuz ev almaq, ya da işə düzəlmək istədikləri halda tələyə düşürlər. Yenə bir qrup adam Heydər Əliyev Fondunun gənc ailələr üçün tikdirdiyi evlərdən birinə sahib olmaq istədikləri vaxt aldanıblar. Onları aldatmaqda suçlanan Elçin Qələndərov məhkəmə önünə çıxarılıb. Adamlar isə deyirlər ki, indi əsas istədikləri verdikləri pulun geri qayıtmasıdır.

Cinayət işinin materiallarında yazılıb ki, E.Qələndərov zərərçəkənlərin bəzilərinə özünü Heydər Əliyev Fondunda vəzifəli şəxslərdən birinin (adı açıqlanmayıb-red.) köməkçisi, digərlərinə Almaniyadan avtomobil gətirib satmaqla məşğul olan ticarətçi kimi təqdim edib. Onlardan pul, əsasən. ya Fondun gənc ailələr üçün inşa etdirdiyi binalardan mənzil almaq, ya da maşın ticarətindən əldə olunan gəlirdən qazanc vermək adıyla alınıb. Fevralın 19-da prokuror məhkəmədə ittihamları elan edib.


Məsələn, orada yazılıb ki, Ramil Şammədov Fondun tikdiyi binada ev almaqdan ötrü E.Qələndərova 45 min manat pul verib. Ona söz verilib ki, bu məsələdə köməklik olunacaq. Amma E.Qələndərov pulu şəxsi ehtiyaclarına xərcləyib. Zərərçəkmiş Emin Bodurovun da eyni məqsədlə pul verdiyi iddia olunur.

«O ərəfədə övladım vəfat etdi»

Digər zərərçəkmişlərdən Faiq Quliyev, Adil Hüseynov, İlkin Xudaverdiyev, Ramiz Musayevin isə maşın alverindən qazanc adıyla pul verdikləri yazılıb.

E.Qələndərov özünü qətiyyən təqsirli bilmir. İttihamda yazılanlar məhkəmədə elan olunanda da qısaca deyib ki, heç bir günahı yoxdur. Amma o, daha ətraflı zərərçəkənlər dindiriləndən sonra danışacaq.

Zərərçəkənlərdən ev almaq üçün pul vermiş Emin Bodurov deyir ki, bu iş nəinki özünə, digər ailə üzvlərinə də zərbə vurub. O, təqsirləndirilən E.Qələndərovu digər zərərçəkən vasitəsilə tanıdığını söyləyib:


«Bu iş mənim həyatımı məhv elədi. 33 yaşım var, başıma nə oyunlar gəldi. Əziyyətlə, ailəmin boğazından kəsib yığdığım pulu əlimizdən aldılar. O ərəfədə övladım vəfat etdi. Mən nələr yaşamadım ki... Evimdə xəstəm var, amma pul tapa bilmirəm. Mən pulu İlkinə verdim, ona görə Elçini tanıdım. Mən dəfələrlə İlkinin qapısına getdim, atası ilə danışdım. Amma bu işi həll eləmədilər...».

E.Bodurov istintaqa ifadəsində isə pulu birbaşa E.Qələndərova verdiyini söyləyib. Ona bu ifadəsini xatırladanda bildirib ki, istintaqda psixoloji təzyiqə məruz qalıb.

E.Qələndərov CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə ittiham olunur. Bu maddədə 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG