Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:42

Həvəsi geri qaytarmağın 3 yolu


Arxiv foto
Arxiv foto

Kreativlik, məhsuldarlıq və xoşbəxtliyin təməli motivasiyadır. Motivasiya bizi fəaliyyətə təhrik edən amildir. Biz hərəkət edən zaman inkişaf və dəyişiklik baş verir. Özümüzü gərəkli, önəmli və bacarıqlı hiss edir, dünyanı dəyişə biləcəyimizi görürük. Həyatımızda sevdiyimiz şeyləri böyüdüb çoxaldırıq. Bütün bunlar həyatımıza məqsəd və xoşbəxtlik qatır.

Demotivasiya qar kimidir

Deyilənə görə, eskimosların dilində qar anlamı verən çox sayda söz var. Onlar qara o qədər bələddirlər ki, onun müxtəlif növlərini asanlıqla seçə bilirlər. Bu bacarıq sayəsində də fərqli qarların gətirdiyi sınaq və çətinliklərə fərqli reaksiya göstərirlər.

Bizim çoxumuz demotivasiyanın (motivasiyanın itirilməsi) fərqli növlərinə eyni cür yanaşırıq. Motivasiyan olmayanda düşünürsən ki, eyni problemlə üzləşmisən. Həqiqətsə budur ki, demotivasiya müxtəlif növləri olan problem kateqoriyasıdır. Demotivasiyanın yalnız bir növü ilə üzləşəndə hərzamankı köhnə üsuldan yararlanıb ondan qurtulmaq olardı. Çoxlarına bu strategiya belə görünür: qarşına məqsədlərini qoy, daha çox çalış, özünü məcbur etmək üçün hesabat alətləri yarat və həyatını görüləcək işlərin siyahısı əsasında yaşa. Ancaq demotivasiyanın əksər növləri üçün belə strategiyalar effektiv deyil. Hətta bəzi hallarda onlar sizi tam ruhdan sala bilər.

Demotivasiya mahiyyət edibarilə bir fəaliyyətə tam həvəslə başlamamaqdır. Bunun çox səbəbi var. Demotivasiyanızı kateqoriyalaşdırmağın fərqli yollarına bələd olmaqla irəli getmək istəməməyinizin real səbəblərini görə bilərsiniz. Beləcə, motivasiyanızı geri qaytarmaq üçün düzgün üsul və strategiyaları seçəcəksiniz.

ProductiveFlourishing.com saytının dərc etdiyi yazıda demotivasiyanın növləri və onların öhdəsindən gəlməyin üsulları göstərilib. Onlardan üçünü sizə təqdim edirik:

1. Qorxudan yaranan demotivasiya

…Qorxunuz böyük olanda, hətta irəli getməyə həvəsli olsanız belə, içinizdə bir qüvvə sizi istədiyiniz yerə getməkdən saxlaya bilər.

Motivasiyanızı bərpa etmək üçün qorxunuzun öhdəsindən gəlməlisiniz. Əvvəlcə qorxularınızı bir-bir sadalamalısınız. Onların hər birinə sizi qorumağa çalışdıqları üçün “çox sağ ol” deməyi unutmayın. Sonra qorxularınıza bu sualları verin:

“Mən bunun baş verməsindən niyə qorxuram?”, “Bunun başvermə ehtimalı nə qədərdir?”. Beləcə, qorxularınızın bir hissəsi yoxa çıxacaq.

Yox olmayıb qalan qorxularınıza bir də baxın. Araşdırmalı olduğunuz şeylər, doldurmalı olduğunuz boşluqlar, yerbəyer etməli olduğunuz risk strategiyaları haqda nə deyir onlar sizə? Bunu bir plana çevirib dəyərləndirin. İmkanları kiçik addımlara bölüb, eyni zamanda yalnız bir neçə addıma fokuslanın. Bu, qorxularınızı azaltmağa kömək edəcək.

2. Qarşınıza yanlış məqsədlər qoyduğunuz üçün demotivə olunmusunuz

Amerikalı müəllif Martha Beck-in təbirincə, insanın bir “öz məni”, bir də “sosial məni” var. Öz mənimiz spontan, kreativ və enerjilidir. O sizə nəyin daha önəmli olduğunu bilir. Sosial mənsə doğuluşdan bəri sizi əhatə edən cəmiyyətin qaydalarını öyrənmək və onlara uymaqla məşğuldur. Biz ömürboyu əhatəmizdəki insanların xoşuna gəlməyə çalışırıq. Motivasiya yoxdursa, deməli, məqsədləri sırf sosial məninizin istədiklərinə görə müəyyənləşdirirsiniz. Sosial məniniz sizi öz məninizin aparmaq istədiyi istiqamətdən uzaqlaşdırmağa çalışır. Öz məninizsə buna dirəniş göstərir.

Motivasiyanızı bərpa etmək üçün məqsədlərinizi yenidən gözdən keçirin. Öz məniniz verbal olmadığından, onu bədəniniz vasitəsilə hiss edə bilərsiniz. Qarşınıza qoyduğunuz hər bir məqsəd üzərində işləmək haqda düşünəndə bədəninizin buna reaksiyasına diqqət yetirin.

Bədəniniz, özəlliklə nəfəsiniz gərginləşirsə, deməli, siz qarşınıza toksik məqsədlər qoymusunuz. Belə bir reaksiya varsa, bütün məqsədlərinizi pozub necə yaşamalı olduğunuzu sorğulayın…

3.Aydınlıq yetərsizliyindən demotivə olunmusunuz

Nə istədiyinizi şüurlu və aydın təsəvvür etməyəndə gələcəyiniz sizə bulanıq görünəcək. Biz tanış şeyləri xoşladığımızdan, tanış olmayan və yayğın şeylərə müqavimət göstəririk. Nə yaratmaq istədiyiniz aydın deyilsə, motivasiyanızın olmaması anlaşılandır. Axı bu haldavar olan və tanış olan reallığınızla qalmağa üstünlük verərdiniz.

Motivasiyanızı bərpa etmək üçün nəyi istəmədiyinizi bilmək yetərli deyil. Nəyi istədiyinizi bilməli, yaratmaq istədiklərinizin aydın və konkret görüntüsünü təsəvvür etməlisiniz. Bu, yeni əldə olunacaq nəticələri mücərrədlikdən çıxarır, onları tanış hala salır. Beləcə, onlara tərəf hərəkət edərkən özünüzü rahat hiss edirsiniz. Nəyi və nə üçün istədiyinizi müəyyənləşdirməyə bir qədər vaxt sərf edin.

Məqalənin tam versiyasını ProductiveFlourishing.com saytından oxuya bilərsiniz.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG