Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:07

Hesablama Palatası 'şişirdilmiş milyonları' niyə görmür?


Manat
Manat

«2009-2015-ci illərdə görülən işlərin, alınan malların qiymətləri 20-25 faiz artırılıb», – bunu «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin baş direktoru olmuş Beytulla Hüseynov hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən «Rabitə işi» prosesində deyib.

Müttəhimlər kürsüsündə oturan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq yüksəkrütbəli şəxsləri ifadələrində büdcə vəsaiti xərclənərkən xərcləri şişirtdiklərini etiraf ediblər. İstintaqın qənaətinə görə, məhkəmə önünə çıxarılan 11 nəfər toplam 153 milyon 143 min manatlıq mənimsəmə və israfetmə ilə dövlətə ziyan vurub.

Dövlət qurumlarının büdcə xərclərinin auditini Hesablama Palatası aparır. RYTN-də iddia olunan və müttəhimlərin etiraf etdiyi mənimsəmə halları Hesablama Palatasının vaxtında bunu niyə görə bilmədiyi sualını ortaya çıxarır. Qurum auditləri necə aparır? Palata niyə bu şişirdilmiş rəqəmləri görə bilməyib? İndi də görə bilmədiyi şişirdilmiş və dəyəri milyonlarla ölçülən xərclər varmı? AzadlıqRadiosu bu suallara cavab axtarıb.

Rəna Səfərəliyeva
Rəna Səfərəliyeva

«PALATANIN İŞÇİSİ AZDIR»

«Transparency International – Azərbaycan» (Şəffaflıq Azərbaycan) təşkilatı bir müddət öncə Hesablama Palatasının auditləri ilə bağlı monitorinq aparıb və bu nəticəyə gəlib ki, qurumun yoxlamaları barədə daha çox ümumi bilgi var, ayrıntılar ictimaiyyətə açıqlanmır.

Təşkilatın sədri Rəna Səfərəliyeva AzadlıqRadiosuna deyir ki, bəlkə də RYTN-dəki problemlərdən Hesablama Palatasının xəbəri olub, sadəcə, ictimaiyyətə detallı açıqlama verməyiblər:

Buna da bax-Yerin altından pul çıxarmaq

«Ancaq onu əlavə edim ki, Hesablama Palatasının çox az auditoru var, büdcəsi azdır və bu da bütün dövlət qurumlarında yetərli və dərin araşdırma aparmağa imkan vermir».

«DAHA ÇOX KOSMETİK AUDİT APARILIR»

Keçmiş deputat Nazim Bəydəmirli bu fikirlə razılaşmır. Onun sözlərinə görə, ali audit orqanı istərsə, dərin yoxlama aparıb ortaya çox ciddi faktlar qoya bilər: «Hesablama Palatası məhdud yoxlamalar aparır, ya gözdən düşmüş məmurun idarəsini audit edir, ya da rəhbərlik dəyişən zaman yeni müdiriyyətin xahişi ilə belə yoxlama aparır».

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

N.Bəydəmirli deyir ki, Hesablama Palatası mətbuatda ciddi korrupsiya mənbəyi olan tenderlərlə bağlı jurnalist araşdırmalarına göz yumur, bu faktlarla bağlı audit aparmır, halbuki, bu cür yoxlama onun birbaşa funksiyasıdır. Keçmiş deputat əlavə edir ki, Hesablama Palatası daha çox kosmetik yoxlama aparır, kiçik pozuntuları qeydə alır. N.Bəydəmirlinin fikrincə, dövlət qurumlarının çoxunda xərclər 50, bəzən 100 faiz şişirdilir:

Buna da bax-'Azərsu' dövlət pullarını kimə və necə xərcləyir?

«Məmurların yaşayışı, əmlakı daha çox mənimsəmələrdən xəbər verir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verənlər hələ üzə çıxanlardır».

«NƏ QƏDƏR Kİ, BÜDCƏDƏN ASILIDIRLAR…»

Milli Məclisin üzvü Elman Məmmədov Hesablama Palatasının işindən razılığını bildirir. Ancaq RYTN-də iddia olunan korrupsiya faktlarının bu qurum tərəfindən aşkarlanmaması ilə bağlı danışmaq istəmir, deyir ki, bundan xəbəri yoxdur və sualları qurumun özünə ünvanlayaq.

Fazil Mustafa
Fazil Mustafa

Hesablama Palatası müəyyən sahələrə daha çox diqqət ayırmalı, daha detallı bilgi verməlidir. Deputat Fazil Mustafa bu fikirdədir. Onun qənaətinə görə, 2017-ci ilin büdcəsində ixtisarlar, əslində, nöqsanların yerini göstərir: «Dövlət qurumlarının əksəriyyətində şişirtmə xərclər mövcuddur. Bu da birinci növbədə rentabelli olmayan dövlət qurumlarının özəlləşdirilməsi ilə bağlıdır. Nə qədər ki onlar dövlət büdcəsindən maliyyələşəcəklər, bu vəziyyət qalacaq».

F.Mustafa əlavə edir ki, ancaq bunlar Hesablama Palatasının bu faktları vaxtında üzə çıxarmamasına haqq qazandırmır. «Belə faktları Baş Prokurorluq üzə çıxarır, halbuki, Hesablama Palatası çıxarmalıydı», – deyən deputat onu da vurğulayır ki, ali audit orqanının bu məsələləri kökündən həll etmək gücü yoxdur, bundan ötrü dövlət büdcəsində xərcləri şişirdən müəssisələrin büdcə asılılığına son qoymaq lazımdır.

«AŞKARLANMIŞ NÖQSANLAR HESABATLARDA ÖZ ƏKSİNİ TAPIB»

Hesablama Palatası bu iddialara cavab olaraq yalnız onu bildirir ki, auditlər zamanı aşkarlanan nöqsanlar onların hesabatlarında yer alır və Milli Məclisə təqdim olunur.

Qurumun mətbuat katibi Nailə Məhərrəmovanın AzadlıqRadiosuna göndərdiyi açıqlamada Hesablama Palatasının funksiyaları barədə bilgi verilir və vurğulanır ki, aşkarlanmış nöqsanlar 6 aylıq və illik hesabatlarda əksini tapır, qurumun saytında dərc olunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG