2023-cü ildə dünyada icra olunmuş edamların sayı son on ildə rekord həddə çatıb.
Bu barədə Amnesty International beynəlxalq insan haqları təşkilatının hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, bütün ötən il ərzində 1153 edam icra olunub və bu, 2022-ci ildə olduğundan 30 faiz çoxdur.
2015-ci il - edam sayına görə rekord ili hesab olunur. Həmin il 2428 edam hökmü icra olunub.
Hesabat müəllifləri qeyd edirlər ki, 2023-cü ildə icra edilmiş edamların sayına Çinə aid məlumatlar daxil edilməyib, belə ki Çin hakimiyyəti bu statistikanı açıqlamır.
Bununla belə, Amnesty International hesab edir ki, edamların sayına görə birincilik məhz elə Çinə məxsusdur. Ekspertlər Çində hər il bir neçə min insanın edam olunduğunu təxmin edirlər.
Hesabatda Yaxın Şərqdə, xüsusilə də İranda edam sayının kəskin artımına diqqət çəkilir.
Ötən il İranda 853 edam hökmü icra olunub. Bu hökmlərin böyük bir qismi narkotiklərlə bağlı cinayətlərə görə çıxarılıb.
Səudiyyə, Somali, ABŞ...
Çin və İrandan sonra ölüm hökmlərinə görə üçüncü göstərici Səudiyyə Ərəbistanı, Somali və ABŞ-a aiddir.
ABŞ-da ötən il 24 edam cəzası icra olunub. 2022-ci ildə bu rəqəm 18 olmuşdu.
Ümumilikdə ötən il ərzində ölüm hökmləri dünyanın 16 ölkəsində çıxarılıb.
Bu, 2015-ci ildən bəri ən aşağı göstərici sayılır. Amnesty International edamlar barədə hesabatlarını məhz həmin ildən dərc edir.
Hesabatda bu da bildirilir ki, 2023-cü ildə Belarusda bir edam da icra olunmayıb.
Amnesty International bu mövzudakı hesabatlarında yalnız məhkəmələrin qərarları ilə icra olunan edamlar hesablanır. Lakin dünyada, məsələn Ukraynada olduğu kimi məhkəməsiz edamlar da yer alır.
Dünya ölkələrinin əksəriyyətində ölüm hökmü qanunla qadağan edilib. Amma bu ölkələrdən bəzilərində edamların icrasına moratorium qoyulub.
Rusiyada ölüm cəzasının qaytarılmasına çağırışlar edilsə də...
2024-cü ildə Moskvadakı Crocus City Hall konsert zalına terror hücumunun ardınca Rusiyada edamların üzərindən moratoriumun götürülməsi məsələsi yenidən gündəmə gəlib.
Konsert zalındakı yanğın hələ söndürülərkən Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev konsert zalında atəş açanları ölümlə hədələmişdi. O vaxt o ehtimal edirdi ki, hücumun arxasında Ukrayna dayanıb. Bunun ardınca bu mövzu Dövlət Dumasına da ayaq açdı.
Dumadakı “Ədalətli Rusiya – həqiqət naminə” fraksiyasının rəhbəri Sergey Mironov bu barədə demişdi:
"Bizim partiyamız sentyabrın 8-də, vahid səsvermə günündə bu vəhşilər və rəzillər üçün ölüm cəzasının qaytarılmasında israr edəcək. Belələri planetimizdə yaşamamalıdırlar”.
Rusiyada ölüm hökmü son dəfə 1996-cı ildə çıxarılıb. O vaxt silsilə qətllər törətmiş Sergey Qolovkin edam edilmişdi.
O vaxtdan bəri hay-küylü cinayətlərin ardınca bu mövzu vaxtaşırı gündəmə qayıdır, amma rəsmilər bu barədə hələ ki, konkret mövqe bildirməyiblər.