Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:50

Hərbi hissəyə qayıdandan 3 gün sonra ölüm xəbəri gəlib


Azerbaijan-Calal Mansimov
Azerbaijan-Calal Mansimov

Hərbi hissəyə qayıdandan 3 gün sonra ölüm xəbəri gəlib

“Niyə öldü, nədən öldü, səbəbini dəqiq-dürüst bilmədik. Eləcə, dedilər, burnundan qan açıldı, öldü”.

SAPSAĞLAM GEDİB, 3 GÜNDƏN SONRA...

Saatlının Mollaavazlı kəndinin sakini Bəxtiyar Mənsimov AzadlıqRadiosu-na bu ilin martında Ağcabədidəki N saylı hərbi hissədə dünyasını dəyişmiş qardaşı, baş gizir, 38 yaşlı Cəlal Mənsimov haqqında danışır. Deyir, Cəlal 2002-ci ildən orduda baş gizir kimi çalışırmış. Gümrah, sağlam imiş. Döyüş hazırlığı və nizam-intizamına görə dəfələrlə fəxri fərmanlarla təltif olunub.

Bəs niyə qəfil ölüb? Bax, ailəni əsas narahat edən də bu sualdır. Mənsimovlar ailəsi martın 27-də evdən hərbi hissəyə yola saldıqları gümrah, sağlam Cəlalın 3 gündən sonra ölüm xəbərini alanda karıxıb. Qardaşı davam edir:

“Fevralın 26-da Cəlal atamızın ildönümündə iştirak etməyə gəldi, əti, qanı yerində, sağlam, səhhətindən bircə kəlmə də şikayət eləmədi. Onda hansısa xəstəlikdən əziyyət çəkməsinin əlaməti yox idi. Fevralın 27-də hərbi hissəyə qayıtdı – sapsağlam... 3 gündən sonra zəng vurdular ki, qardaşın keçinib”.

BURNUNDAN QAN AÇILIB?

Bəxtiyar Mənsimov qardaşının ölüm səbəbləri ilə maraqlanmaq və nəşi Saatlıya gətirmək üçün elə həmin gün Ağcabədiyə yollanıb. Ona bildirilib ki, baş gizir ürək tutmasından ölüb:

“Dedilər təzyiqi olub, burnundan qan açılıb, keçinib. Dedim, başınız xarabdır, burundan qan açılmaqla o boyda adam yıxılıb ölər? Onda da, deyəsən, səhvlərini düzəltdilər. Bu dəfə "ürəyi tutub, ölüb", dedilər. Sonra da əlavə etdilər ki, ölməmişdən əvvəl tibb məntəqəsində həkimin müayinəsində olub, hərbi hissəyə qayıdıb, ölüb. Maraqlıdır ki, əgər buna həkim baxmışdısa, ürəyində problem vardısa, niyə müalicə etmək əvəzinə onu bu vəziyyətdə hərbi hissəyə qaytarmışdı? Meyitə baxmağa da imkan vermədilər. Dedilər, ‘general gəlsin, birlikdə meyitə baxarsız’. Saatlarla hərbi hissənin yanındakı çayxanada oturub gözlədim, hansı general idisə, gəlib çıxmadı. Maraqlandım ki, harda qaldı, niyə gəlmədi? Dedilər, meyiti Tərtərə - ekspertizadan keçirməyə apardılar. Maşına oturub Tərtərə yollandım. Orda da meyitə yaxın düşməyə imkan vermədilər. Nəhayət, yuyanda gördüm, qardaşımı tanımadım. Üç gün əvvəl yola saldığım qardaşımdan əsər-əlamət qalmamışdı. Bir dəri, bir sümük idi. Sanki illərin xərçəng xəstəsi ölmüşdü. Şübhələndim ki, 3 gündə insan necə bu vəziyyətə düşə bilər? İçimdə başqa şübhələr var. Bu şübhələri gərək prokurorluq araşdırsın. Yenə də deyirəm, o boyda adamın bir dərisi, bir də sümüyü qalmışdı”.

“İKİ ÖVLADI XƏSTƏDİR”

Mənsimovlar ailəsini narahat edən həm də başqa məsələdir - hərbidə dünyasını dəyişmiş baş gizirin ailəsinə olan münasibət... Bəxtiyar Mənsimov deyir, hökumət gizirin heç dəfn xərcini də verməyib:

"Eləcə, meyiti götürdüm, gəldim. Hərbi hissədən 2-3 əsgər qoşmuşdular, birlikdə gətirdik, kənddə dəfn elədik. Nə dəfn xərci, nə yas məclisi üçün yardım – heç nə vermədilər. Sizə yolladığım videoda ailəsinin yaşadığı xarabalığı, yaşayış durumunu, özünüz də görürsünüz. İki övladı var, ikisi də xəstədir. Anam öz pensiyası ilə saxlayır. 9 yaşlı oğlu fiziki inkişafdan geri qalıb, hazırda anam növbəti dəfə Bakıya müalicəyə aparıb. Bir ordunun baş gizirinin ailəsidir bu..."

ARAŞDIRMA APARILIR

Baş gizirin ölüm faktıyla bağlı Bərdə hərbi prokurorluğunda araşdırma aparılır. Prokurorluqdan AzadlıqRadiosu-na bildirilib ki, mərhum gizirin ailə üzvlərinin hər hansı şübhələri varsa, istintaqı aparan müstəntiqə bildirməkdə sərbəstdir. İstənilən şübhələr araşdırılır.

Dövlət Sığorta Şirkətindən "Qaynar xətt"ə bildirilib ki, hərbi qulluq zamanı dünyasını dəyişmiş şəxslərin ailə üzvlərinə sığorta zəruri sənədlər təqdim olunduqda və hərbçinin ailə üzvlərinin vərəsəliyi tanınandan sonra ödənilir.

Hüquqşünas Vaqif Alıyev deyir, prokurorluq ölüm faktı üzrə araşdırmanı başa çatdırmamış ölən hərbçinin ailəsinə sığorta ödənilməsi mümkün deyil. "Əgər araşdırma davam edirsə, nəticə olmamış hər hansı ödənişdən söhbət gedə bilməz. Bəlkə elə hərbçi xəstəlikdən ölməyib, qəsdən öldürülüb. Bunu istintaq orqanı araşdırmalıdır, nəticəsindən asılı olaraq qərar verilməlidir", – hüquqşünas bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG