Azərbaycan tərəfi onda olan əsirlərin sayının 40-a yaxın olduğunu bildirsə də, Ermənistan hələki dəqiq rəqəm açıqlamayıb və tam siyahını təqdim etməyib.
AzadlıqRadiosunun Erməni xidməti Azatutyun bildirir ki, Ermənistan Azərbaycan tərəfinin verdiyi məlumata əsaslanır.
Erməni əsirlərin maraqlarını Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edən Siranuş Saakyan iddia edib ki, Azərbaycandakı əsirlərin sayının üç dəfə çox olduğunu göstərən dəqiq sübutlar var.
Saakyan iddia edir ki, Bakı və Yerevanın açıqladığı 40 rəqəmi dəqiq deyil, çünki indiyədək 80 nəfər əsirlikdədir və onların 90 faizi hərbçidir:
“Bizim hüquq müdafiəsi fəaliyyətimiz nəticəsində 80 nəfərin əsirlikdə olduğunu göstərən dəlillər var. Bu 80 nəfərdən 44-nün Azərbaycanda olmasını video, foto və başqa materiallar göstərir. Bu adamların video və fotolardan şəxsiyyətləri dəqiqləşdirilib, onların saxlandığı yerlər məlum olub. Yəni biz 80 nəfərin əsir götürüldüyünə şübhə etmirik”.
Azatutyun yazır ki, baş nazir Nikol Paşinyan noyabrın 7-də ictimai televizyanın canlı yayınında 44 günlük müharibənin gedişində əsir götürülənlərdən söz açıb. O Azərbaycanı 9 noyabr bəyanatının şərtlərini yerinə yetirməməkdə ittiham edib:
“Mən vurğulamalıyam ki, sayı təsdiq olunmuş qırx hərbçinin 90 faizi 9 noyabr bəyanatı imzalanandan sonra əsir götürülüb. Bizim verdiyimiz bəyanatlara baxmayaraq onlar azad edilməyib. 9 noyabrdan əvvəl və ya sonra əsir götürmənin nə fərqi var ki?!”
Hələ itkin düşənlər də var
Amma xanım Saakyan deyib ki, bu, erməni tərəfində əsirlərin sayı barəsində fikir ayrılığı olmasının göstəricisi deyil. Onun sözlərinə görə sadəcə olaraq bu rəqəm rəsmi qaydada açıqlanmayıb:
“Bir tərəfdən burda məntiq var, çünki repatriasiya şəxsin əsir olduğuna dair rəsmi açıqlama olanda baş tutur. Digər tərəfdən biz bilirik ki, Azərbaycan indiyədək vicdanlı davranmayıb və Azərbaycan silahlı qüvvələrinin nəzarətində olanların siyahısını dərc etməyib”.
Bakı israr edir ki, onda erməni əsirlər yoxdur. Azərbaycan 9 noyabr razılaşmasından sonra tutulanları terrorçu hesab edtdiyini bildirir.
Hadrut rayonunda əsir götürülənlər Azərbaycanda 6 aydan 4 ilədək azadlıqdan məhrum edilib. Bundan başqa Livandan olan erməni Vigen Eulcekyana, Birinci Qarabağ Müharibəsinin iştirakçıları Alyoşa Xosrovyana və Lüdviq Mkrtçyana 20 il iş kəsilib.
Erməni tərəfi əsirlərlərlə bağlı həm Strasburq, həm də Haaqadakı BMT məhkəməsinə müraciət edib.
Saakyan deyib ki, işgəncə, bilərəkdən qətl və qanunsuz edamlar barədə ayrıca şikayət veriləcək və bunların sayı 300 nəfərdir.
Azərbaycan tərəfi müharibədən sonra 113 erməni əsiri qaytarıb. Bu Azərbaycan tərəfinə minalı sahələrin xəritələrinin verilməsi sayəsində mümkün olub.
Noyabrın 7-də ictimai telekanala müsahibəsində baş nazir Nikol Paşinyan vəd edib ki, bütün əsirlər qaytarılacaq. Lakin o dəqiq tarix verməyib.