Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin Hərbi həkim komissiyasının sabiq sədri Nazilə Rəhmanova 2020-ci ildə 44 günlük müharibə dövründə rüşvət alıb, “xidmətə yararsız” rəyi verməkdə ittiham olunur.
39 il həkim işləmiş Rəhmanova bugünlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilib. O rüşvət almaqda təqsirli sayılaraq, 4 il azadlıqdan məhrumetmə cəzası kəsilib.
“Hərbiyə yararsız” rəyi üçün...
Lakin hakimlər qərar veriblər ki, 63-yaşlı həkim cəmiyyətdən təcrid olunmasın. Ona münasibətdə CM-in 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. Rəhmanovaya 1 il sınaq müddəti təyin edilməklə, cəzası şərti hesab olunub.
Cinayət işinin materiallarında bildirilir ki, Rəhmanova 2020-ci ilin sentyabrında hərbi həkim komissiyasının sədri işləyəndə müharibəyə çağrılmış Zöhrab Mürsəlov dostu ilə birlikdə ona müraciət edib. 31-yaşlı Mürsəlov 2009-2010-cu illərdə hərbi xidmətdə olub. 2013-cü ildə pəncərə şüşəsi onun biləyini kəsib, bundan sonra əl hərəkətlərində məhdudiyyət yaranıb.
İttihama əsasən, komissiyanın sədri bu əsasla ona “hərbiyə yararsız” rəyi vermək üçün dostu Rəşaddan 5 min manat pul istəyib. Həmin vəsaitin 3 min 500 manatını bir neçə gün sonra Rəşad ona gətirib kabinetində verib. Qalan 1500 manatı isə bir neçə gün sonra Amil adlı şəxslə göndərib. Onunla görüşüb 1500 manatı götürəndə isə Rəhmanova Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanıb.
“Özü dedi ki, sənə hörmət edəcəm”
Rəhmanova məhkəmədə ifadəsində özünü təqsirli bilməyib. O, Mürsəlovun dostundan pul aldığını təsdiqləsə də, bunun rüşvət yox, şirinlik olduğunu deyib. Onun sözlərinə görə, komissiyanın sədri kimi, vəzifəsi gələn şəxslər müayinə olunandan sonra vəziyyət barədə komissara məruzə etmək olub:
“Zöhrab Mürsəlov müharibə başlayan günün səhəri komissarlığa gəlmişdi. Dedi ki, əli qatlanmır. Əgər müraciət edən şəxsin hərəkət məhdudiyyəti və ya başqa problemi varsa, onu müayinəyə göndərib, sonra vəziyyəti komissara məruzə edirdik. Biz komissara tabe idik. Rəyi, qərarı komissar verirdi. Əgər mən Zöhrabın əlindəki çapığı göstərməsəydim, onu hərbi hissədən qaytarsaydılar, bu, mənim özüm üçün qəbahət idi. Zöhrab Müsəlov özü dedi ki, sənə hörmət edəcəm”.
“Rəşad özü dostuna görə 5 min manat təklif elədi”
Eyni zamanda, Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında (“Neftçilər xəstəxanası”) həkim işləmiş Rəhmanova istintaqa ifadəsində isə özünü təqsirli bilib, peşman olduğunu deyib.
Onun sözlərinə görə, dostu yaxınlaşaraq, Mürsəlovun müharibəyə getməməsi üçün kömək etməsini istəyib.
Bundan sonra o da Zakir həkimlə danışıb. Zakir həkim deyib ki, Mürsəlov sağ biləyində olan zədələrə görə yararsız hesab oluna bilər:
“Mən vəziyyəti komissar Qəşəm Mahmudova məruzə elədim. O, həmin çağırışçını daha ətraflı müayinə üçün 3 saylı şəhər klinik xəstəxanasına göndərdi. Güman edirdim ki, ona hərbi xidmətə yararsız diaqnozu qoyulacaq. Dostuna dedim ki, kömək edə bilərik. Rəşad özü dostuna görə 5 min manat təklif elədi. Ehtiyacım olduğu üçün bu təklifi qəbul elədim...”
Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.