Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 17:47

Uşağı ölən atanı həkimin intiharına görə dindiriblər


Foto illüstrasiya

«Uşağın cəsədini verəndə dil-ağız elədi, dedi, «kim istəyərdi ki belə olsun?». Səhər eşitdik ki, özünü asıb».

Bu il dekabrın 2-də səhərə yaxın yaşadığı evdə özünü asan Göyçay rayon Uşaq Xəstəxanasının uşaq pediatriya şöbəsinin müdiri Rəfael Fazilovun ölümü ilə bağlı Göyçay prokurorluğunda istintaq gedir. Prokurorluq bir neçə versiya üzərində dayanıb. Bu versiyalardan biri də hadisədən 5 saat öncə həkimin işlədiyi xəstəxanada baş vermiş uşaq ölümü ilə bağlıdır. Həmin gecə 6 aylıq Nazlı xəstəxanada elə Rəfael Fazilovun gözü qarşısında keçinib.

«FİKRİNİ AÇIQ DEYƏN İDİ»

Nazlı İsmayıllının əmisi, jurnalist Elçin İsmayıllı AzadlıqRadiosuna danışır ki, həkimin ölümünü araşdıran müstəntiq Nazlının atası, İsmayıllı hadisələrinə görə əvvəllər həbsdə olmuş Elşən İsmayıllını prokurorluğa çağırıb dindirib:

«Müstəntiq həkimlə mübahisə olub –olmamasıyla maraqlanıb. Qardaşım da olmadığını deyib. Əslində, doğrudan olmayıb. Çünki Rəfael həkim uzaq qohum idi, üstəlik, qocaman həkim idi və rəhmətlik bacardığını etdi ki, uşaq əldən getməsin. O körpənin də qisməti bura qədərmiş. Rəfael həkim çox təsirlənmişdi, xeyli dil ağız elədi, biz də dedik, «qismət belə imiş». Uşağımızın ölüsünü götürüb gəldik. Sabahı gün dəfn edəndə xəbər gəldi ki, Rəfael həkim özünü asıb. Özü xəstə idi, bir müddət əvvəl ürəyində şuntlama əməliyyatı aparılmışdı. Çox gözəl insan idi. Fikrini açıq deyən idi, xəstəxanalara iynə, dərman verilmədiyinə görə Göyçayda açıq narazılığını bildirən, tənqid edən yeganə həkim idi».

Buna da bax-'O, həyat yoldaşımı həmişəlik analıqdan məhrum edib'

E.İsmayıllı İsmayıllı və Göyçay xəstəxanalarında ölüm hallarının sıradan bir hadisəyə çevrildiyini də qeyd edir. Nazlının ölüm səbəbinə gəlincə, həkimlər bunu beyinlə əlaqələndiriblər:

«HƏR ŞEYİ ÖZ ÜSTÜMÜZƏ YIXIRLAR»

«İndi də hər şeyi də yıxırlar öz üstümüzə ki, guya xəstəxanaya gec müraciət etmişik. Halbuki, gündüz uşağın vəziyyəti ağırlaşan kimi aparmışıq, sistem qoşublar, dava-dərman edib özləri evə göndəriblər. Gecə bir də ağırlaşıb, aparmışıq, heç nə edə bilməyiblər, keçinib. Ümumiyyətlə, biz tərəflərin xəstəxanalarında istər uşaq olsun, istər böyük, kim ölsə, deyirlər, «günah özündə oldu»».

Göyçay rayon Prokurorluğundan «Qaynar xətt»ə bildirilib ki, Rəfael Fazilovun ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq bir neçə versiya üzərində araşdırmanı davam etdirir, adamların izahatlarını alır.

Göyçayın Qaraməryəm kəndindən olan və rayonun uşaq xəstəxanasının şöbə müdiri, 66 yaşlı Rafael Fazilov 42 il həkim işləyib. Çalışdığı xəstəxanadan gecə saatlarında ayrılaraq evinə gəlib. Səhərə yaxın ailə üzvləri onu evdə görmədikdə narahat olaraq əvvəl mobil telefonuna zəng vurublar. Həyətə çıxanda isə asılmış cəsədi ilə qarşılaşıblar.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG