Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:17

Həbsxanadan ‘Qaynar xətt’ə məktub


Həbsxana (arxiv fotosu)
Həbsxana (arxiv fotosu)

Qüvvətəli Süleymanov: İstəyirəm ki, dünyadakı azərbaycanlı işadamlarına çağırış edən ölkə başçısı həbsxana küncündə çürüyən işadamının səsini eşitsin.

«MMC-nin mənə dəyərini ödədiyim və halal zəhmətimlə qazandığım bir neçə mənzil, qeyri-yaşayış əmlakı, külli miqdarda pul borcu yaranmışdı və ödəyə bilmirdi. Tikinti işləri yekunlaşdığından həm əmlakımı, həm də pul borcumu tez-tez tələb edirdim. Borcları ödəmək əvəzinə məni və ailə üzvlərimi hədə-qorxu, təhdidlərə məruz qoyurdular. Nəticədə isə «torbamı tikib» həbsə atdırdılar».

Bunları AzadlıqRadiosu-na həbsxana həyatı yaşamaqda olan keçmiş iş adamı Qüvvətəli Süleymanov yazır.

«MÖHÜRÜ ƏLİMDƏN ALDILAR»

Qüvvətəli Süleymanov 2004-2012-ci illərdə «AFİNA» MMC-nin tikinti işləri üzrə direktoru olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 illik həbsə məhkum edilib.

İşadamı yazır:

«... İşdən getməyimə və həbs olunmağıma səbəb şərikim və bir neçə keçmiş MTN işçisidir. Özlərinin tərtib etdikləri «işdən çıxmaq haqqında ərizə»yə 2012-ci il fevralın 24-də mənə zorla imzalatdırandan sonra möhürü əlimdən aldılar. Sabahı gün isə razılaşdıq ki, ilin sonunadək «AFİNA» MMC-dən mənə çatacaq küllü miqdarda pul və daşınmaz əmlakımı özümə qaytaracaqlar. Ancaq ilin sonu yaxınlaşdıqda təhdid, hədə-qorxu, basqılar başladı. Mənə və ailə üzvlərimə məxsus ümumi sahəsi 103,1 m2 olan iki otaqlı mənzil, hər biri 80 m2 olan qeyri-yaşayış sahələri, mənimlə bağlanmış, iki nüsxədən ibarət, rus dilində yazılmış podrat müqaviləsinin əsli və bu kimi digər sənədlər zorla əlimdən alındı».

Buna da bax: Parlament partiyaları Konstitusiya düzəlişlərinə 'hə' deyir

«6 MİLYON SƏRMAYƏ QOYDUĞUM ŞİRKƏT...»

İşadamının iddiasına görə, ona olan borclardan yaxa qurtarmaq üçün üzünə bir neçə payçı qoyaraq «qanunsuz mənzil satışı» ittihamı ilə həbs ediblər. Onun və həyat yoldaşı Sevda Süleymanovanın təhdidlərlə, hədələrlə bağlı hüquq-mühafizə orqanlarına etdikləri müraciətləri araşdırılmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsi sifarişli hökmlə onu 10 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apelyasiya Məhkəməsinə müraciətindən sonra cəza müddəti 9 ilə endirilib. Ancaq bundan sonra başqa bir payçının sifarişli ərizəsi əsasında növbəti dəfə məhkəmə qarşısına çıxarılaraq daha 6 ay həbs cəzası alıb.

Buna da bax: Hər bir şey geri getdiyi halda - «Paşa Development» çiçəklənir

«Bir daha bildirirəm ki, ən böyük «günahım» «Caspian Plaza»nın yanındakı göydələni tikərkən bu binaya və əldə olunan qazanca göz dikən məmurlarla hesablaşmamağım, əlimdən zorla aldıqlarını geri tələb etməyim olub. Məhz həmin şəxslərin sifarişləri ilə çıxarılmış məhkəmə hökmləri ilə həbsxanadan azadlıq haqqımı tələb edə-edə, hayqıra-hayqıra çürüyürəm. Səsimin ölkə başçısına çatmasını istəyirəm. İstəyirəm ki, dünyadakı azərbaycanlı işadamlarına çağırış edən ölkə başçısı həbsxana küncündə sifarişli şəkildə çürüyən işadamının səsini eşitsin. Bir daha deyirəm: vaxtilə 6 milyon sərmayə qoyub yaratdığım şirkət gəlir gətirməyə başlayanda, tikdirdiyim binanın tikintisi başa çatanda və mənzil satışı başlananda məni MTN əməkdaşları (onların çoxu hazırda həbsdə və axtarışdadır) hədələrlə işdən çıxmaq ərizəsi yazdırıblar. Əmlakımı və pullarımı mənimsəyiblər. Tələblərimi davam etdirdiyimi görüb məndən «yaxa qurtarmaq» üçün qondarma ittihamlarla həbsə atdırıblar».

Buna da bax: Son deyil, ardı mütləq gələcək

«ETİBARIMDAN SUİ-İSTİFADƏ EDİB»

Qüvvətəli Süleymanovun sadaladığı adlar siyahısında Emin Namazov adlı şəxsin də adı var. O, məhbusun məktubunda Süleymanovlar ailəsini ölümlə hədələyənlərdən biri kimi təqdim olunur. Emin Namazov AzadlıqRadiosuna münasibət bildirib:

Buna da bax: Türkiyədə çevriliş cəhdi Əliyev klanını qorxudub?

«Qüvvətəli Süleymanov direktoru olduğum «OMAKS 3" MTK-ya məxsus, Yasamal rayonu, A.Salamzadə 593-cü məhəllədə inşa edilən yarımçıq qalmış binamızın tikintisinə 2009-2010-cu illərdə iş icraçısı kimi gəlib. Özünü Bakı şəhərində 30-dan çox binanı tikdirən şəxs kimi təqdim edib. O, binamıza baxıb bildirdi ki, 4 mərtəbəsi tikilmiş binanın 2 mərtəbəsi bir neçə il yağış, su altında qalıb yararsız hala düşdüyündən sökülməlidir. Və mən Novxanı qəsəbəsində yerləşən bağ evimi sataraq, 140 min manat pul əldə edib, onun dediyi kimi, binanı sökdürsəm də, o, tikintini davam etdirmədi. Bir müddət sonra Süleymanov məni yenidən aldadaraq, bu dəfə də Suraxanı rayonunda hansısa tikinti tenderi udduğunu və tikinti işlərinə başlamağa pula və şərikə ehtiyacı olduğunu, öz evini banka girov qoyaraq, 100 min dollar pulu kreditə götürdüyünü bildirdi. Mənə şəriklik təklif edərək, pul istədi. Mən Nabran qəsəbəsində yerləşən bağ evimi banka girov qoyaraq, 200 min ABŞ dolları kredit götürüb, Qüvvətəliyə verdim. Təxminən 2 ay sonra həmin yerə getdikdə orada Qüvvətəli yox, başqa adam çıxıb dedi ki, tenderi o udub. Qüvvətəli adlı şəxs orada, sadəcə, işçi olub və ona müəyyən məbləğdə pul ödənildikdən sonra oranı tərk edib. Bundan sonra mənə aydın oldu ki, Q.Süleymanov mənim etibarımdan sui-istifadə edərək, şərik olmaq adı altında 200 min dollarımı ələ keçirib və hələ də pullarımı qaytarmayıb».

Buna da bax: Paşa Holdinq haqda bilmədikləriniz

Emin Namazov yazır ki, həmin hadisədən bir müddət sonra Süleymanov iş icraçısı işlədiyi «OLIMP» və «AFINA» MTK-ya məxsus evləri, səlahiyyəti olmadığı halda, material almaqdan ötrü ona etibar olunmuş möhürdən istifadə edərək satdığı üçün həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG