Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 08:13

Həbsdən yeni çıxan cəbhəçi: ‘...işə gəldim, buraxmadılar…’


AXCP üzvü Elvin Məmmədov, arxiv foto

“ Təklif etdilər ki, öz istəyimlə…”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elvin Məmmədovun işdən çıxarıldığı bildirilir.

Bu barədə E. Məmmədovun özü məlumat verib.

Onun sözlərinə görə, dünən, iyunun 5-də o, işlədiyi "Sədərək" Ticarət Mərkəzinin Mühafizə İdarəsinə buraxılmayıb:

"Dünən, iyunun 5-də işə gəldim, buraxmadılar, kadrlar şöbəsinə getmək lazım olduğunu bildirdilər. Kadrlar şöbəsində isə mənə deyildi ki, AXCP üzvü olduğuma görə, işdən çıxmalıyam. Təklif etdilər ki, öz istəyimlə işdən azad edilməyim ilə bağlı ərizə yazım, imtina etdim. Maraqlısı da budur ki, dörd ay işlədiyim "Sədərək"də mənimlə əmək müqaviləsi bağlanmayıb, indi isə ərizə yazmağımı istədilər".

Bu deyilənlərə, hələlik, "Sədərək" Ticarət Mərkəzi və rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Başqa bir cəbhəçi də…

Bu günlər AXCP-nin başqa bir üzvü, Arif Babayev də işini itirmək təhlükəsiylə üzləşdiyini bildirmişdi. A.Babayevin dünən, iyunun 5-də Azadlıq Radiosuna bildirməsinə görə, illərdir işlədiyi "Point Hotel Baku"nu (əvvəlki adı "Qafqaz Point Hotel") hazırda idarə edənlər ondan ərizə yazıb, işdən çıxmasını istəyiblər.

"Point Hotel Baku"nun kadrlar şöbəsindən isə AzadlıqRadiosunun bu məsələ ilə bağlı sorğusuna belə cavab verilmişdi: "O işçi özü bir müddət işdə olmayıb . Amma ona "işdən çıx get" deyən olmayıb. Məcburi kim kimi işdən çıxara bilər ki?".

AXCP-nin Suraxanı şöbəsinin üzvü olan Arif Babayev aprelin 22-də saxlanıb. Suraxanı Rayon Məhkəməsinin qərarıyla ona 30 sutka inzibati həbs cəzası kəsilib. A.Babayev İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ) maddəsi ilə ittiham olunub.

A.Babayev tutularkən Suraxanı rayonu, 30-cu polis bölməsində döyüldüyünü bildirib. Onun sözlərinə görə, daha sonra təzyiq altında kamera qarşısına çıxarılaraq günahını boynuna almağa, gələcəkdə hökumət əleyhinə fikirlər paylaşmayacağı haqda bəyanat verməyə məcbur edilib.Daxili İşlər Nazirliyi isə A.Babayevin işgəncəyə məruz qalması barədə deyilənləri təkzib edib. "Polis bölmələrində saxlanılanlara işgəncə verilməsi barədə məlumatlar absurddur…”deyə nazirlikdən vurğulamışdılar.

Xatırlatma

Elvin Məmmədov da mayın 3-də Qaradağ Rayon Məhkəməsinin qərarı ilə karantin rejimini pozmaqda günahlandırılaraq (Koronovirus pandemiyası ilə bağlı Azərbaycanda martin 24-dən karantin elan edilib) inzibati qaydada 30 sutka müddətinə həbs olunmuşdu.

Fəal mayın 2-dən yoxa çıxmışdı. AXCP-dən qeyd edildiyinə görə, E.Məmmədov mayın 2-də səhər saatlarında iş yerindən çağırılıb və geri qayıtmayıb.

Partiyadan bildirildiyinə görə iki sutka ərzində ailəsi E. Məmmədov haqqında heç bir məlumat ala bilməmişdi.AXCP-da hesab edirlər ki, Məmmədov partiya sədri Əli Kərimlinin ad gününə şer yazdığına görə həbs olunmuşdu.

Rəsmilər isə insanların siyasi düşüncələrinə görə, təqib və təzyiqlərlə üzləşməsi haqqında deyilənləri qəbul etmirlər.

Multimedia

XS
SM
MD
LG