Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Haruki Murakami radioda veriliş aparıb


Haruki Murakami
Haruki Murakami

Eyni zamanda musiqi həvəskarı olan tanınmış yapon yazıçısı Haruki Murakami Tokioda karantin və təcrid şəraitində yaşayan insanların əhvalını yüksəltmək üçün radio proqramına aparıcılıq edib.

"Norveç meşəsi", "Mexaniki quşun xronikası", "1Q84" və "Kafka sahildə" kitablarının müəllifi olan Murakami Nobel mükafatı laureatı olmasa da, onun bu mükafatı qazanacağını gözləyənlər çoxdur. Yazıçı mayın 22-si efirə gedən radio proqramında öz sevimli mahnılarını təqdim edib və dinləyicilərin suallarını cavablandırıb. Tokio qubernatoru Yuriko Koike insanlardan evdə qalmalarını xahiş edib. Murakami-nin aparıcılığını etdiyi proqram da qubernatorun bu təşəbbüsünün bir hissəsi olan "Evdə qal" proqramının xüsusi buraxılışı idi.

"Ümid edirəm ki, musiqinin gücü üst-üstə yığılan korona qüssəsinin bir hissəsini dağıtmağa kömək edəcək", – deyə Murakami proqramın əvvəlində deyib.

Başını dik tutaraq həyata davam etmək

Proqram 71-yaşlı yazıçının iş otağında yazılıb. Yazıçı proqramın əvvəlində bu səbəbdən səsin bir qədər fərqli gələ biləcəyini deyib.

Təxminən iki saat davam edən proqramda Murakami "Raindrops Keep Falling On My Head" mahnısının Ronald Isley və Burt Bacharach versiyasını səsləndirib. O bu parçanı qəmgin olanda dinlədiyini deyib. Səsləndirilən parçalar arasında Bruce Springsteen-in "Waitin' On a Sunny Day" və Carole King-in "You've Got A Friend" mahnısı da olub. Yazıçı səsləndirdiyi musiqi parçalarının səhəri parlaq notlarla açmağa kömək edəcəyinə ümid etdiyini deyib.

Murakami, eyni zamanda, dinləyiciləri başlarını dik tutaraq həyata davam etməyə çağırıb.

Proqram TokyoFM də daxil olmaqla ölkə boyu 38 radiostansiya tərəfindən yayımlanıb.

Yaponiyada ümummilli fövqəladə vəziyyət mayın sonlarına qədər davam edib. Mayın sonu ölkənin 42 prefekturasında yoluxanların sayının az olması səbəbiylə fövqəladə vəziyyət dayandırılıb. Tokio daxil olmaqla 5 prefekturada isə hələlik karantin rejimi davam edir.

2018-ci ildən bəri Murakami vaxtaşırı TokyoFM radiostansiyasında yayımlanan, əvvəlcədən yazılmış birsaatlıq proqrama aparıcılıq edib. O bu proqramda öz kolleksiyasındakı 10 min musiqi parçasından seçmələri təqdim edir. Bura caz parçaları da daxildir. Yeri gəlmişkən, Murakami yeddi il ərzində həyat yoldaşı Yoko ilə birlikdə Tokioda caz klubu işlədib.

Pərəstişkarlarla ünsiyyət

Eyni zamanda marafon qaçıcısı olan Murakami bu proqramda məşq edərkən dinləməyi sevdiyi pop musiqisi parçalarını da səsləndirir. Onların arasında "Beach Boys", Joey Ramone və "Hall and Oates"dan seçmələr olur. Yazıçının DJ-lik etdiyi bu proqram "Murakami Radio" adlanır və iki ayda bir dəfə efirə çıxır. 2018-ci ildən bəri proqramın 13 buraxılışı yayımlanıb.

Murakami öz saytında "Cənab Murakaminin məkanı" adlı məsləhət rubrikası da yazır. Bu rubrika və radio proqramları yazıçının öz pərəstişkarları ilə daha çox ünsiyyətə can atmasının göstəricisidir. Pərəstişkarları Yaponiyada, əsasən, tərkidünya kimi tanınan Murakami-nin səsini ilk dəfə bu radio proqramları sayəsində eşidiblər.

"Uşaqlıqdan val və CD toplamaq hobbim olub. Bu səbəbdən də evim belə şeylərlə dolub-daşır. Ancaq çox zaman belə gözəl musiqi dinləyərək təklikdə gözəl vaxt keçirdiyim üçün özümü günahkar hiss edirdim. Düşündüm ki, bu gözəl zamanı bir qədəh şərab, yaxud bir fincan qəhvə arxasında söhbətlə birlikdə başqa insanlarla paylaşmaq yaxşı olardı", – deyə Murakami 2018-ci ildə ilk proqramı ərəfəsində yazmışdı.

Musiqi həvəskarı kimi tanınan Murakami musiqi haqda bir neçə kitab yazıb və tərcümə edib.

Murakami-nin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub. Yazıçı bir neçə ədəbi mükafata layiq görülüb. Onların arasında Frans Kafka mükafatı (2006), Qüds mükafatı (2009) və Hans Kristian Andersen ədəbi mükafatı (2016) da var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG