Keçid linkləri

2025, 24 Mart, Bazar ertəsi, Bakı vaxtı 00:35

Səudiyyə Osama bin Ladenin oğlunun vətəndaşlığını ləğv edir


Hamza bin Ladenin bu şəkli onun toyunda çəkilib
Hamza bin Ladenin bu şəkli onun toyunda çəkilib

Səudiyyə Ərəbistanı bildirir ki, əl-Qaeda terrorçu təşkialtının öldürülmüş lideri Osama bin Ladenin oğlu Hamza bin Ladenin vətəndaşlığını ləğv edib.

Martın 1-də verilmiş bu bəyanatdan bir gün əvvəl Birləşmiş Ştatlar Hamza bin Ladenin “yerinin müəyyənləşdirilməsinə” imkan verəcək informasiya üçün 1 milyon dollar mükafat təyin etdiyini bildirmişdi.

Riyad Hamza bin Ladenin vətəndaşlıqdan çıxarılmasının spesifik səbəblərini göstərmir, lakin bildirir ki, bu qərar fevralın 22-də qəbul edilib.

Səudiyyə Osama bin Ladenin özünü də 1994-cü ildə vətəndaşlıqdan məhrum etmişdi. O həmin vaxt Sudanda qaçaq kimi yaşayırdı.

Hamza bin Ladenin yeri müəmma olaraq qalır. Müxtəlif şayiələrə görə o Pakistan, Əfqanıstan, Suriya və ya İranda ola bilər.

ABŞ Dövlət Departamentinin fevralın 28-də verdiyi bəyanatda deyilir ki, “Hamza bin Laden mərhum əl-Qaeda lideri Osama bin Ladenin oğludur və əl-Qaedanın bölüm liderinə çevrilməkdədir. O davamılarını Birləşmiş Ştatlar və onun Qərb müttəfiqləri üzərinə hücumlara çağıran audio və video mesajlar yayıb və 2011-ci ilin mayında ABŞ hərbi qulluqçuları tərəfindən öldürülmüş atasının qisasını almaq üçün Birləşmiş Ştatları hücumlarla təhdid edib”.

2018-ci ildə açıqlanmış BMT hesabatında deyilirdi ki, “Əl-Qaeda, görünür rəğbətlilərinin sıralarını gənclərin hesabına genişləndirmək məqsədilə Hamza bin Laden kimi yeni liderlərin yetişməsinin təbliğatını davam etdirir”.

Onun hazırda 30 yaşında olduğu düşünülür.

Birləşmiş Ştatlar Əfqanıstana 2001-ci ildə müdaxilə edib, çünki Taliban hökuməti Birləşmiş Ştatların üzərinə 3000 minədək insanın ölümü ilə nəticələnmiş 11 sentyabr terror hücumlarını təşkil etmiş əl-Qaedanı və ata bin Ladeni himayə edirdi.

Bundan sonra Taliban hökuməti devrilmiş və Bin Laden Pakistanın Abbotabad şəhərində gizlənmişdi. O 2011-ci ildə qaldığı evə keçirilən reydin gedişində öldürülüb.

2016-cı ildə yayılmış videoda Hamza bin Laden Birləşmiş Ştatlardan atasına görə qisas alacağı ilə hədələyirdi:

"Əgər düşünürsünüzsə ki, Abbotabadda törətdiyiniz günahlı cinayət cəzasız qalıb, onda səhv edirsiniz”.

XS
SM
MD
LG