Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 19:13

Pashinian-ın arvadı Mehriban Əliyevanı həm qonaq çağırıb, həm də hədələyib


Anna Hakobyan
Anna Hakobyan

Ermənistan baş naziri Nikol Pashinian-ın arvadı Anna Hakobyan Azərbaycanın birinci vise-prezidenti və birinci xanımı Mehriban Əliyevanı “Dağlıq Qarabağa – muğam dinləməyə” dəvət edib.

O bu dəvətini BMT Təhlükəsizlik Şurasının “Qadınlar, sülh və təhlükəsizlik” konfransında səsləndirib:

“Mən indi istəyirəm ki, Mehriban Əliyevanı Qarabağa dəvət edim. O bizim qonağımız ola bilər. Erməni xalqı, artsaxlılar (qarabağlılar - red) qonağı necə qarşılayıb, ona necə hörmət etməyi bacarırlar. Bizim qonaqpərvərlik adətlərimizin arasında qonağın musiqi ilə şərəfləndirilməsi də var. Biz onun arzusunu yerinə yetirə bilərik: O bizim qonağımız olar və sevdiyi muğamı Qarabağda dinləyər”.

Xanım Hakobyan bildirir ki, əgər Mehriban Əliyeva onun dəvətini qəbul etsə, o da cavab səfəri olaraq Bakıya gələ bilər.

Lakin baş nazir arvadı bunu da deyib ki, əgər Əliyeva “Qarabağda muğam dinləmək” deyəndə müharibəni nəzərdə tutursa, onun bu arzusu həyata keçməyəcək:

“Təkcə bu arzu yox...Onlar müharibə başlasalar, onların muğam dinləmələri xam xəyal olan yeni yaşayış məntəqələri yaranacaq”.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, Mehriban Əliyeva Qarabağda muğam dinləmək arzusu barədə özünün Telegram-kanalında yazıb. Birinci vise-prezident yazmışdı:

“Azərbaycan xalqının yalnız bir arzusu var – Qarabağ torpağında Qarabağ şikəstəsini dinləmək”.

Anna Hakobyan daha sonra deyib:

“Əgər Mehriban Əliyeva öz adından və öz xalqının adından Qarabağda muğam dinləməyi arzu etdiyini deyirsə, bu arzunun həyata keçməsinin bircə yolu var, o da sülh, Artsaxla (Qarabağla) xoş qonşuluq münasibətləri, qonaq kimi qarşılıqlı səfərlərdir. Onların Qarabağda çay içmək, muğam dinləmək, təbiətdən zövq almaq arzusu olduğu kimi, əminəm ki, Qarabağ xalqı da Bakıda və başqa yaşayış məntəqələrində olmaq istərdi”.

Anna Hakobyan bildirib ki, onun dedikləri fantastika deyil, çünki bir çox dünya ölkələri düşmənçiliyə üstün gələ biliblər.

Onun fikrincə, bunun üçün Azərbaycan tərəfi “müharibə maniyasından xilas olmalıdır”.

XS
SM
MD
LG