Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:09

Kocharian Pashinian-ı Azərbaycanla qorxudur


Nikol Pashinian (solda) və Robert Kocharian
Nikol Pashinian (solda) və Robert Kocharian

Ermənistanın hazırda həbsdə olan keçmiş prezidenti Robert Kocharian-ın noyabrın 11-də “Sputnik Armenii” agentliyinin saytında dərc edilmiş məqaləsi hakim partiya deputatları tərəfindən kəskin tənqid atəşinə tutulub.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, 2008-ci ildə konstitusiya quruluşunu devirməkdə ittiham edilən və iyunun 25-dən həbsxanada olan Kocharian bu məqalədə ölkə rəhbərliyini qərbyönümlü olmaqda və Qarabağ münaqişəsinə dair danışıqlarda erməni tərəfinin mövqeyini zəiflətməkdə günahlandırıb.

Kocharian yazıb ki, Azərbaycan silahlanmanı davam etdirir və müharibə təqdirində bunun miqyası və dağıdıcı nəticələri “əvvəlkindən misli görünməmiş şəkildə” ağır olacaq:

“Ağlara və qaralara bölünmüş Ermənistan belə ssenariyə hazırdırmı?” – deyən sual edir Kocharian.

Ermənistan parlamenti müdafiə və təhlükəsizlik komissiyasının sədri, hakim “Mənim addımım” fraksiyasının üzvü Andranik Kocharian bu məqalə barəsində deyib:

“Pis ssenariləri Robert Kocharian-ın hakimiyyəti illərində görmüşük və istəyirik ki, yeni Ermənistan yaxşı ssenariləri nəzərdə tutsun. Ermənistan elə bir gücə malik olsun ki, Ermənistan Respublikası üçün daim yaxşı ssenariləri diqtə edə bilsin”.

Pashinian və Əliyevin "lift söhbətləri"

Öz məqaləsində Robert Kocharian yazır ki, Nikol Pashinian Əliyevlə “liftlərdəki təmasları” ilə Vyana və Sankt Peterburqda əldə olunmuş razılaşmaları sıfra endirib.

Kocharian habelə Ermənistanın və Qarabağın hakim elitaları arasında mürəkkəb münasibətlərdən söz açır. Keçmiş prezident baş nazirin son bəyanatlarına da toxunub:

“Baş nazirin “Qarabağ Ermənistandır və nöqtə!” bəyanatı danışıqları xalqların öz müqəddaratını təyin etmə prinsipindən kənara, bizim üçün arzuolunmaz olan dövlətin ərazi bütövlüyü müstəvisinə aparıb”.

Andranik Kocharian da keçmişləri yada salıb:

“Məncə Kocharian əvvəlcə cavab verməlidir ki, Meğri məsələsi, Meğri məsələsinin müzakirəsi məsələsi nə vaxt ortalığa çıxıb. O vaxt biz əslində çox təhlükəli uçurumun ucunda yeriyirdik. Allaha şükür bu tələyə düşmədik. Qoy Kocharian başqa şeylərdən narahat olmasın: Ermənistan və Artsax (Dağlqı Qarabağ - red) vahid təhlükəsizlik sistemindədirlər və öz ərazi bütövlüyünün qorunması və həmin o son məqsədə nail olunmasının həllini birlikdə tapacaqlar”.

Moskvanın mesajı

“Mənim addımım” fraksiyasının başqa bir deputatı, xarici əlaqələr komissiyasının sədri Ruben Rubinyanın fikrincə, “bu məqalənin müəllifinin kimliyi məlum olmasaydı, onun məzmunundan belə bir nəticəyə gəlmək olardı ki, onu Azərbaycan siyasi xadimi və ya təhlilçisi yazıb”.

Ermənistanın ağlara və qaralara bölünməsi barədə iddia ilə bağlı Rubinyan deyib ki, “hamı onun vaxtında və indi vəziyyətin necə olduğunu yaxşı bilir”.

Rubinyan “Artsax Ermənistandır!” kimi “misilsiz bəyanatın” Kocharian-da niyə narazılıq yaratmasının səbəbini başa düşmədiyini deyib.

Gayane Abramyan
Gayane Abramyan

Robert Kocharian Pashinian-ı habelə Qərbə meyllənməkdə ittiham edib. Onun sözlərinə görə Pashinian-ı Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılmasının tərəfdarları dəstəkləyirlər.

Hakim fraksiyanın deputatı, Avropa İnteqrasiyası komissiyasının üzvü Gayane Abramyan isə deyib ki, Kocharian-ın bu məqaləsindən məqsəd Ermənistan-Rusiya münasibətlərini pozmaqdır.

Deputat deyib ki, bu iddia Moskvanın mesajıdır.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı bölmələri üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb.

1994-cü ildə qüvvəyə minən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG