Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Mart, şənbə, Bakı vaxtı 22:19

Hakim rüşvətdə günahlandırılaraq həbs edilib


İllüstrasiya

“Son zamanlar Məhkəmə-Hüquq Şurası tərəfindən korrupsiya ilə bağlı 9 hakimin səlahiyyətlərinə xitam verilib və yaxud tutduğu vəzifədən azad edilib”

Bu sözlər Məhkəmə-Hüquq Şurası və Baş Prokurorluğun bu gün, martın 15-də yaydıqları birgə məlumatda yer alır.

Məlumatda qeyd edilib ki, səlahiyyətinə xitam verilən Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov barədə materiallar Məhkəmə-Hüquq Şurasının qərarına əsasən baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Birgə açıqlamadakı iddiaya görə, materiallar üzrə cinayət işi başlanıb, istintaqın gedişində Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və məsləhətçisi Şahid Allahverdiyev haqqında ittiham irəli sürülüb.

"Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən A.İsmayılova Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma), Ş.Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, açıqlamada yazılıb.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirlərinin davam etdiyi bildirilir.

Bu açıqlamaya Zaqatala Rayon Məhkəməsinin hakimi işləmiş Arif İsmayılovun, məsləhətçisi Şahid Allahverdiyevin və ya onların vəkillərinin münasibətlərini almaq mümkün olmayıb. Onların iddialara münasibəti, hələlik, açıqlanmayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG