İşadamı Hafiz Məmmədov bu gün, yanvarın 31-də ev dustaqlığına buraxılıb.
Bu barədə "Turan"a onun vəkili İsmayıl Kəngərli məlumat verib. Onun sözlərinə görə, Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə bununla bağlı vəsatətə baxılıb: "Vəsatət məhkəmədə təmin edildi".
İ.Kəngərli əlavə edib ki, dəymiş ziyanın bir qismi ödənilib, yerdə qalan hissəsi də ödəniləcək: "İstintaq davam edir".
Hafiz Məmmədov axtarışa verildi və...
İşadamı Hafiz Məmmədov barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində cinayət işi başlanılıb, barəsində həbs-qətimkan tədbiri seçilib.
Bu barədə Dövlət Vergi Xidmətindən "Turan"a bildirilib.
Qeyd olunub ki, cinayət işi H.Məmmədovun rəhbərlik etdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə başlanıb.
Bildirilib ki, H.Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından barəsində ittiham elan olunub tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib: "Yasamal Rayon Məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".
İttihama və rəsmi açıqlamaya, hələlik, H.Məmmədovdan, onun yaxınlarından münasibət almaq mümkün olmayıb. Amma H.Məmmədov indiyədək şirkətlərinin vergi borcu olmadığını deyirdi. "Dövlətin vergisini hər kəs verməlidir. Mən heç vaxt vergidən yayınmamışam və bu işi özümə müqəddəs borc bilmişəm. İndiyə qədər dövlətə bir milyondan çox vergi ödəmişəm", - o, yerli mediaya açıqlamalarının birində vurğulamışdı.
Hafiz Məmmədov kimdir?
1964-cü il təvəllüdlü işadamı H.Məmmədov vaxtilə ölkə Premyer Liqasında, indi isə Region Liqasında çıxış edən "Bakı" futbol klubuna rəhbərlik edib. Habelə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsinin üzvü olub.