Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:01

Hadı Rəcəbli: 'Onda gedin Rusiyada gedən mitinqlərə baxın'


Hadı Rəcəbli
Hadı Rəcəbli

AzadlıqRadiosu Qurtuluş günü ərəfəsində deputatlardan müsahibə almağa çalışıb. Amma bəzi deputatlar səfərdə, bəziləri tədbirdə olduqlarından danışa bilməyəcəklərini söyləyiblər. Yalnız hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki təmsilçisi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bəzi sualları cavablandırmağa razılıq verib. Onunla qısa söhbəti təqdim edirik.

Hadı Rəcəbli: «Azərbaycan o vaxt sözün əsl mənasında qurtuldu»
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00
Direct-ə keçid

- Hadı müəllim, Qurtuluş günü ilə bağlı indiyədək iki başlıca yanaşma var - kimi hesab edir ki, həmin gün Azərbaycan parçalanmaqdan, yox olmaqdan qurtuldu, kimi də düşünür ki, Azərbaycan güclü, demokratik ölkə olmaq ümidlərindən qurtuldu.

- İkinci fikri atın bir tərəfə, birinci fikirdən başlayaq, ondan başlayaq. Azərbaycan o zaman təkcə parçalanmaqdan yox, qardaş qırğınından, millətin qarşı-qarşıya durmasından, ərazisinin daha geniş miqyasda istilasından azad oldu, qurtuldu. Yaxşı yadınızdadırsa, 1994-1995-ci illərdə devriliş, çevriliş, Surət Hüseynovun ram edilməsi, atəşkəsin dayandırılması... Görün nə qədər hadisələr oldu. O vaxt qarşıdurma vardı, xalq iki yerə bölünmüşdü, parçalanmışdı, çox narahat bir dövr idi. Və bu günün Qurtuluş günü kimi qeyd olunması haqda qərar rəsmi şəkildə 1997-ci ildə qəbul edildi. Onun da bu gün yubileyidir, yeri gəlmişkən. 1998-ci ildən isə bu bayram günü kimi qeyd olunur.

- Amma Sizcə, 1990-cı illərdə xəyalı qurulan Azərbaycan quruldumu?

- Qulaq asın, ikinci fikrə gəlincə, bunu deyənlər dünyada gedən proseslərə nəzər salsınlar. Suriyaya, Livana baxsınlar, dünyada gedən prosesləri qiymətləndirsinlər.

- Yəni Sizcə, Azərbaycan arzulanan həmin güclü, demokratik ölkədir?

- Birmənalı olaraq. Azərbaycan o vaxt sözün əsl mənasında qurtuldu, bütövlüyünü saxladı, suveren, müstəqil dövlət kimi inkişaf edə bildi.

- Bu gün Azərbaycan iqtisadi böhran yaşayır, korrupsiyaya görə, insan haqlarının, təməl azadlıqların məhdudlaşdırılmasına görə ən çox tənqid edilən ölkələr arasındadır. «Fredoom House» hesab edir ki, əhalisinin sayına görə, ən çox siyasi məhbus olan ölkə Azərbaycandır və s. Bu durumda hansı demokratik və güclü Azərbaycandan danışmaq olar?

- Onda gedin Rusiyada gedən mitinqlərə baxın, orda gedən proseslərə baxın. Bu bütün dünyada gedən proseslərdir. Azərbaycanda buna qarşı mübarizə var, tədbirlər aparılır, xüsusi qurum yaradılıb. Odur ki, bu məsələ ətrafında diqqət yığmayaq, əsas fikir Qurtuluş günüdür, qurtuluşdur. Azərbaycan bu gün sözün əsl mənasında müstəqil dövlət kimi inkişaf edir, ölkədə sabitlik var. O deyilən məsələlərə qalanda, cəmiyyət neqativ və pozitivdən ibarətdir. Elə cəmiyyət yoxdur ki, ideal olsun. Elə bir dövlət göstərə bilərsinizmi mənə?

- Hadı müəllim, bu gün korrupsiya ilə mübarizə haqda dediyiniz tədbirlərin kağız üzərində qaldığını deyirlər. Hər halda...

- Bitdi müsahibəmiz. Oldu, mənim balam?

- Amma sualıma cavab vermədiniz.

- Sağ olun, sağ olun...

1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun başçılığı ilə qiyam başlayıb. Az sonra o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev Bakıya dəvət edilib. İyunun 15-də isə Ali Sovetin - parlamentin sədri seçilib. Bir neçə il sonra bu gün Qurtuluş günü kimi qeyd edilməyə başlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG