Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:20

Türkiyə Avropa Birliyini hədələyir


Ömer Çelik
Ömer Çelik

Avropa Birliyi (AB) üzərinə götürdüyü öhdəliklərə əməl etməsə, Türkiyə miqrantlarla bağlı razılaşmanı pozacaq. Bunu Türkiyənin AB naziri Ömer Çelik «Reuters» agentliyinə müsahibəsində deyib. Çelik bildirib ki, AB Türkiyə vətəndaşlarının birlik ərazisinə vizasız gediş-gəlişini ilin axırına qədər təmin etməli, Türkiyənin terror əleyhinə qanunlarının dəyişdirilməsi tələbindən əl çəkməlidir.

GÜNƏ 20-30 MİQRANT

Türkiyə AB ilə miqrantların Avropaya keçməsinin qarşısının alınması barədə razılığa gəlib. Razılaşmanın şərtlərinə görə, Avropa Türkiyənin saxladığı qaçqınlara maliyyə yardımı etməli, bu ilin sonuna qədər Türkiyə vətəndaşlarına viza rejimi aradan qaldırılmalı və Türkiyənin birliyə qəbuluyla bağlı danışıqları sürətləndirməli idi. Amma indi Brüssel həm də Türkiyənin antiterror qanunlarının Avropa standartlarına görə çox sərt olduğunu deyir və dəyişdirilməsini tələb edir.

Ömer Çelik Türkiyənin AB-yə son tələbiylə bağlı vaxt qoymadığını, amma viza rejimi ilin sonuna qədər ləğv olunmazsa, danışmağa söz qalmayacağını söyləyib.

«Reuters» yazır ki, keçən il milyondan çox miqrant qayıqlarla Türkiyədən Yunanıstana – AB ərazisinə keçib. Amma Türkiyəylə birlik arasında razılaşma əldə olunandan sonra Avropaya gedən miqrantların sayı kəskin azalıb. Ömer Çelik deyib ki, 2015-ci ildə Türkiyədən AB ərazisinə gündə 7 min miqrant gedirdi, Türkiyə öhdəliklərinə əməl edərək onların sayını gündə 20-30 nəfərə salıb. «Razılaşma Türkiyə orqanlarının, türk təhlükəsizlik qüvvələri və sahil mühafizə xidmətinin əməyinin nəticəsində gerçəkləşdirilir... Türkiyə üzərinə düşəni edirsə, razılaşma şərtlərinin yerinə yetirilməsinin qarşısını alacaq bir şey yoxdur. Amma Avropa tərəfi məsələni bütün aspektlərdən uzadır».

Əfqan qaçqınlar Türkiyədən Yunanıstana üzürlər.
Əfqan qaçqınlar Türkiyədən Yunanıstana üzürlər.

«PROSES TEZLƏŞDİRİLİR»

AB razılaşmanın onlara aid hissəsinə əməl olunduğunu, Türkiyədəki miqrantlara yardım vəsaitinin ayrılması prosesinin tezləşdirildiyini bildirib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan da AB-nin razılaşmaya əməl etmədiyini deyib. İyulda Almaniyanın ictimai televiziyası ARD-yə müsahibəsində Erdoğan Avropa dövlətlərinin dürüst olmadığını söyləmişdi.

Brüssel ittihamları rədd edib. «The New Arab» xəbər saytı Avropa Komissiyasının sözçüsü Margaritis Schinas-ın dediklərini xatırladır: «Avropa Birliyi öz öhdəliklərinə hörmətlə yanaşır və bunun əksi barədə deyilənlər həqiqət deyil».

«İDARƏÇİLİYİN KEYFİYYƏTİ ARTIB»

Ankara ilə AB-nin arası yayda Türkiyədə baş verən çevriliş cəhdindən sonra soyuyub. Türklər Avropanın onlarla həmrəyliyini bildirmədiyini, 240 adamın ölümüylə nəticələnən hadisəyə lazımi reaksiyanı vermədiyini deyirlər.

Avropa liderləri Türkiyə hökumətini çevriliş cəhdindən sonrakı təmizləmə əməliyyatına görə tənqid edir. Bu əməliyyatlar zamanı Türkiyədə Fethullah Gülen-lə əlaqədə günahlandırılan 100 minədək adam ya işdən qovulub, ya da həbs edilib.

Türkiyənin AB naziri Ömer Çelik təmizləmə əməliyyatının Türkiyə orqanlarının fəaliyyətini əngəlləməsi barədə deyilənləri rədd edib: «Əksinə, o adamların işdən ayrılması idarəçiliyin keyfiyyətini artırıb. Xüsusilə Xarici İşlər Nazirliyi və AB nazirliyində danışıqlarla bağlı heç bir geriləmə yoxdur».

XS
SM
MD
LG