Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:10

Deputat oğlunun işi üzrə məhkəmə istintaqı təzələndi


Həbib Axundov
Həbib Axundov

Deputat oğlunun nümayəndəsi: “Bu süründürməçilikdir”

Deputat Elmira Axundovanın həm özü, həm də oğlu Həbib Axundovun adı keçən, Həbibin dostu Elnur İbrahimovun təqsirləndirildiyi cinayət işi üzrə altı aya yaxındır davam edən məhkəmə istintaqının başa çatdığı elan olunmuşdu.

Noyabrın 26-da prokuror çıxış edib, araşdırmaların nəticəsilə bağlı fikrini bildirməli, təqsirləndirilən şəxsə cəza istəməliydi. Lakin prokuror məhkəmə istintaqının təzələnməsini istəyib. Səbəb isə budur ki, Elnur İbrahimovun birgə biznes adıyla pul aldığı zərərçəkənlərdən biri Elvin Vəliyevi məhkəməyə gətirmək mümkün olmayıb, məsələ ilə əlaqədar onun fikri məlum deyil.

Həbib Axundov da bu cinayət işi üzrə zərərçəkən qismində tanınıb. Amma başqa zərərçəkənlərin bir neçəsi əksinə, deputat oğlunu ittiham edib deyirlər ki, onlardan pulu Elnur yox, Həbib Axundov alıb qaytarmayıb.

“İNDİYƏ QƏDƏR MÜƏYYƏNLƏŞDİRİLMƏYİB?”

Həbib Axundovun nümayəndəsi Afət Qazıyeva məhkəmə istintaqının təzələnməsinə etiraz edib. Vəkil deyib ki, bu süründürməçilikdir: “Elvin Vəliyev məhkəməyə gəlməyib və məlumat var ki, ölkədən gedib. Altı aydır ki, proses gedir, bu adamın ölkədə olub-olmadığı indiyə qədər niyə müəyyənləşdirilməyib? Biz etiraz edirik. Altı aydır məhkəmənin davam etməsi süründürməçilikdən başqa bir şey deyil”.

Məhkəmədə Zarina Xanbalayeva adlı şahidin ifadəsi elan olunub. O da deyib ki, pulu Həbib Axundova verib: “Həbibi də, Elnuru da tanıyırdım. Bir gün Həbib dedi ki, Elnur kartriç biznesiylə məşğuldur, Fərman da ona pul verib, qazanc götürür. Mən də qazanc üçün Həbib vasitəsilə əvvəl 5 min verdim. Hər ay qazanc alırdım. Sonra 25 min manat pul vermişəm. Elnuru tanıyırdım, amma onunla görüşməmişəm. Pulu Həbibdən alırdım”.

Pullarının itirilməsinə görə Həbib Axundovu günahlandıran zərərçəkmişlərin bəzisinə dəymiş ziyanın bir qismini deputat və oğlu ödəyib. Bunu Elmira Axundova özü də mediaya açıqlamalarında təsdiqləyib.

Təqsirləndirilən Elnur İbrahimovla ailəvi dost olduqlarını Elmira Axundova da inkar etməyib.

Elnur İbrahimov uzun müddət axtarışda olduqdan sonra 2016-cı ilin oktyabrında Rusiyada saxlanılaraq, Azərbaycana gətirilib. O, CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub. İttihamda yazılıb ki, birgə biznes adıyla pul aldığı adamlara ümumilikdə 1 milyondan çox ziyan vurub.

Elnur İbrahimov isə bildirir ki, həmin vəsaitlər ona birgə biznes üçün yox, sələmlə verilib və əksəriyyətinin də pulu qaytarılıb.

XS
SM
MD
LG