Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:46

H.Abdullayev: 'Həbsimin səbəbi guya Əli Kərimliyə...'


H.Abdullayev
H.Abdullayev

"Həbsimin əsas səbəbi mənim guya Avropada yaşayan mühacirlərə, o cümlədən, (AXCP sədri) Əli Kərimliyə maliyyə dəstəyi göstərməyimdir. Onlar fikir formalaşdırıblar ki, guya xaricdəki mühacirləri qabağa verib, kiminsə ailə üzvlərinin ünvanına nalayiq sözlər səsləndirmişəm. Məndən bunun qisasını alırlar", – hazırda həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev ictimaiyyətə müraciətində yazır.

Onun müraciətini AzadlıqRadiosuna yaxınları təqdim edib. Sabiq deputatın fikrincə, bu iddianın da kökündə onun Almaniyada olarkən sosial şəbəkələrdə paylaşdığı tənqidi fikirləri, 2013-cü ildə yazdığı "Susma" mahnısıdır: "Təsadüf deyil ki, həmin mahnı 2013-cü il iyulun 6-da Youtube-a qoyulandan bir gün sonra haqqımda cinayət işi başlandı, məni saxta iddialarla ittiham etdilər".

H.Abdullayev vurğulayır ki, onu Bakı İstintaq Təcridxanasında 23 ay kamerada tək saxlayıblar. Bu müddətdə ailə üzvləriylə telefon danışığına, görüşlərinə də imkan verilməyib.

Sabiq deputat keçmiş vəkillərini də suçlayır. Deyir ki, onlar bütün bu baş verənləri bildikləri halda susublar, lazım olan addımları atmayıblar. H.Abdullayev AXCP sədri Ə.Kərimli ilə əlaqəsi olmadığını vurğulayır.

AXCP mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, partiya sədri Ə.Kərimlinin keçmiş deputat H.Abdullayevlə heç bir əlaqəsi olmayıb: "Onun partiyaya maliyyə yardımı ilə bağlı iddia varsa da, tamamilə uydurma, cəfəngiyatdır".

Xatırlatma

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında cinayət işi başlanıb.

H.Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb. O, ittihamları rədd edir və onların qondarma olduğunu deyir.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası kəsilib. Həmin hökmlə onun 70-yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Z.Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək 4 min manat cərimələnib.

2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı deputat H.Abdullayevlə Ana Vətən Partiyasının sədri F.Ağamalı arasında qarşıdurma baş vermiş, hər iki deputat əlbəyaxa olmuşdu.

Bu olaydan sonra H.Abdullayevin deputat mandatı əlindən alınmış və ardınca o, həbs olunmuşdu. Ancaq elə həmin il məhkəmə qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı. O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

2013-cü ildə Hüseyn Abdullayevin "Susma" adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu iddia edilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG