Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:16

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasında həmsədrlərlə görüş olub


Minsk qrupunun həmsədrləri
Minsk qrupunun həmsədrləri

Mayın 30-da Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvləri ilə ATƏT-in Minsk qrupunun həmsədrləri Igor Popov (Rusiya), Andrew Schofer (ABŞ) və Stéphane Visconti-nin (Fransa) görüşü keçirilib.

İcmanın binasında gerçəkləşən görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib.

Bu barədə İcmadan AZƏRTAC-a məlumat veriblər.

Həmin məlumata görə, görüşdə icma üzvləri bildiriblər ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının ləyaqətli şəkildə mövcudluğu, sülh şəraitində birgə yaşayışının təmin edilməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpası, işğalçı Ermənistan qüvvələrinin oradan çıxarılması ilə mümkündür.

“Qeyd olunan şərtlər daxilində bölgədə dayanıqlı və ədalətli sülhün bərqərar ola biləcəyi icma üzvləri tərəfindən bəyan edilib”, məlumatda qeyd edilir.

İcma üzvləri həmsədrlərin regiona səfər etdikləri bir dövrdə qoşunların təmas xəttində Azərbaycanın hərbi qulluqçusunun öldürülməsindən ciddi narahatlıqlarını ifadə ediblər.

“Bildirilib ki, bu Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını və hər vəchlə danışıqları pozmağa çalışdığını göstərir”, məlumatda yazılıb.

Mayın 30-da Azərbaycan prezidenti İlham Əliyev də ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

ATƏT-in Minsk qrupunun həmsədrləri bundan əvvəl Ermənistan paytaxtı Yerevanda olublar. Mayın 27-də onları Yerevanda Ermənistanın baş naziri Nikol Pashinyan qəbul edib.

AzadlıqRadiosunun Erməni xidməti bu ölkənin baş nazirinin mətbuat xidmətinə istinadən yazıb ki, onlar Qarabağ münaqişəsinin tənzimlənməsi, sülhə əlverişli atmosferin yaradılması məsələlərini müzakirə ediblər.

Həmsədrlər həmçinin mayın 29-da Azərbaycanın işğal altında olan Xankəndi şəhərində də olublar, rəsmi Bakının separatçı saydığı və tanımadığı idarəçiliyin rəhbəri Bako Saakyanla görüşüblər.

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. Bu münaqişə ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə durub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Atəşkəs razılaşması olsa da, hələ də tez-tez təmas xəttində atəş səslərinin eşidildiyi bildirilir. Buna görə tərəflər, bir qayda olaraq, bir-birlərini ittiham edirlər.

Elə mayın 30-da rəsmi Bakının bildirməsinə görə, təmas xəttində qarşı tərəfdən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarov həlak olub.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG