Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 08:42

Həmsədrlər güzəştlərdən söz açır


Nazirlərin Nyu-York görüşü

ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya, Stefan Viskonti - Fransa və Endryu Şefer - ABŞ) BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünün yekunlarına dair bəyanat yayıb.

ATƏT-in rəsmi saytında dərc olunan bəyanatda vurğulanır ki, nazirlərlə görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar davam etdirilib: ​«Həmsədrlər və xarici işlər nazirləri bölgədəki vəziyyəti müzakirə edib. Bu yaxınlarda narahatlıq doğuran bəzi bəyanat və insidentlərə aydınlıq gətirilib. Həmsədrlər insan itkisi faktlarının davam etməsi ilə bağlı dərin təəssüf hisslərini bildirib. Onlar nazirlərə gərginləşmənin təhlükələri barədə xəbərdarlıq edərək, tərəfləri konstruktiv müsbət ab-hava yaratmaq və vəziyyəti gərginləşdirən atmacalardan yayınmağa çağırıblar. ATƏT-in Minsk qrupunun həmsədrləri bununla yanaşı qeyd edib ki, hərtərəfli nizamlanma üçün güzəştlər tələb olunur».

Bəyanatda habelə bildirilib ki, nazirlər bu kontekstdə danışıqlar prosesinin fəallaşdırılması üzrə tədbirlərin və gərginlik səviyyəsinin azaldılması məqsədilə addımlar atılmasının vacib olduğunu təsdiq edib.

«Nazirlər bu ilin sonunadək yenidən görüşmək barədə razılıq əldə ediblər. Vasitəçilər yaxın gələcəkdə bölgəyə səfər etməyi, sonra isə müvafiq qurumları danışıqların gedişatı barədə məlumatlandırmağı planlaşdırır», - sənəddə yazılır.

Xatırlatma

Azərbaycan (Elmar Məmmədyarov) və Ermənistan xarici işlər naziri (Zöhrab Mnatsakanyan) sentyabrın 26-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu-Yorkda görüşüb. Bu, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra iki ölkə nazirləri arasında ikinci görüş idi.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG