Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:55

Həbsdəki polkovnik: 'Mən dövlətçiliyə xidmət etmişəm...'


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

İki dustağın qaçmasına görə həbs olunan ədliyyə polkovniki – Penitensiar Xidmətin konvoy taboruna rəhbərlik etmiş Bəhruz Abdullayev deyir ki, onun heç bir günahı yoxdur. Heç vaxt ağlına gəlməzdi ki, günlərin birində gəlib dəmir barmaqlıqlar arasına düşə bilər, həm də törətmədiyi cinayətə görə. Bu barədə o, dekabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində son sözündə danışıb.

B.Abdullayev uzun müddət dustaqları məhkəmələrə və başqa lazımi orqanlara aparıb-gətirən konvoylara rəhbərlik edib. O, dustaqların qaçmasına görə həbs olunsa da, istintaqın gedişində mənimsəmə ittihamı da verilib. B.Abdullayev tabeliyində çalışan əməkdaşlara büdcədən ayrılan müalicə, ezamiyyət pullarının bir hissəsini mənimsəməkdə suçlanır. İttihamda yazılıb ki, konvoylar dustaqlardan rüşvət alıb ona çatdırıblar.

B.Abdullayev ittihamların heç birini qəbul etmir. Son sözündə də bildirib ki, nə kiminsə pulunu mənimsəyib, kimdənsə rüşvət alıb, nə də dustaqların qaçmasında hansısa rolu olub.

«Mən cinayətkar deyiləm. Bunu məni tanıyan hər kəs, bu məhkəmədə olanlar da yaxşı bilir. Mən həmişə dövlətə, dövlətçiliyə xidmət eləmişəm», – deyən B.Abdullayev hakimlərdən onun haqqında bəraət hökmü çıxarılmasını xahiş edib.

Qaçan dustaqlar – «Qoca» ləqəbli Etibar MəmmədovƏli Ağami Lənkərandan məhkəmədən Bakıya istintaq təcridxanasına gətirilərkən qatarda dustaqlara nəzarət edən qarovul rəisinin müavini olmuş Tural Poladxanov da son sözündə təqsirsiz olduğunu bildirib. Deyib ki, onun «Qoca»ya vaqonda daha yaxşı şərait yaratmaq üçün ondan pul alması barədə ittihamlar yalandır. Onunla başqa dustaqlar arasında problem olduğuna görə vaqonda ayrı saxlanılırdı. Onların qaçmasından da xəbəri olmayıb.

Bu iş üzrə məhkəmənin son iclası dekabrın 26-da təyin edilib.

Xatırlatma

Bu cinayət işi üzrə 13 nəfər həbs olunub. Onların arasında polkovnik B.Abdullayevdən başqa, qarovul rəisi Ceyhun Səmədov, onun müavinləri və müğənni Fədayə Laçın da var.

B.Abdullayevə CM-in 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179-cu (mənimsəmə), digər təqsirləndirilənlərə isə 304-cü (həbs yerindən və ya mühafizə altından qaçma) maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib.

İş üzrə daha bir nəfər axtarışdadır.

Prokuror təqsirləndirilən 13 nəfərə ümumilikdə 110 il həbs cəzası verilməsini istəyib.

Şirvan şəhərində 2015-ci ildə iki nəfərin ölümünə görə ittiham olunan Ə.AğamiE.Məmmədova dövlət ittihamçısı məhkəmədə 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Bundan sonra məhkəmədən Bakıya qaytarılarkən onlar səhərə yaxın Biləcəri dəmiryol stansiyasında qatardan qaçmışdılar.

29 yaşlı Ə.Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanılıb. E.Məmmədovsa 10 gün sonra əməliyyat nəticəsində öldürülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG