Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:38

Həbs olunan iranlı həkim: 'O dərmanlar Bakıda 2-3 qat bahadır'


Dərmanlar
Dərmanlar

Mərkəzi Gömrük Hospitalının həkimi, saxta dərmanlardan, kosmetik preparatlardan istifadə edib adamların sağlamlığına ziyan vurmaqda və dərmanları qaçaqmal yoluyla Azərbaycana gətirməkdə suçlanan Jahani Hiveh Hamid Mohammad ittihamlara cavab verib. Bu yaxınlarda məhkəmə zalında həbs olunan iranlı həkim elə məhkəmədə ifadəsində də bu məsələlərə aydınlıq gətirib.

Bildirib ki, pasiyentlərin müalicəsində, botoks üçün saxta dərmanlardan istifadə etməsi barədə ittihamda yazılanlar doğru deyil. Sadəcə, İrandan gətizdirdiyi dərmanları Səhiyyə Nazirliyində qeydiyyatdan keçirməyib. Bunun da səbəbi məlumatsızlığı olub: «O dərmanlar saxta deyil, tibdə geniş istifadə olunan preparatlardır. Mən bilmirdim ki, kənardan dərman gətirəndə mütləq qeydiyyatdan keçirmək lazımdır. Bunu mənə İrandan dərmanı aldığım şirkət də deməmişdi. Mən yalnız öz pasiyentlərimin müalicəsində istifadə üçün gətizdirmişəm, satmamışam. Yəni elə də çox olmayıb».

«Rüşvət-filan deyildi»

Həkimlə birlikdə İrandan Bakıya sərnişin daşınmasıyla məşğul olan avtobus sürücüsü Ghahremani Hafez Habib də həbs olunub. Amma həkim deyir ki, həmyerlisi olan sürücü ilə şəxsi tanışlığı olmayıb. Onun sözlərinə görə, dərmanları İrandakı şirkətdən alıb, həmin şirkət də onları sürücü vasitəsiylə iki dəfəyə göndərib: «Birinci dəfə sürücüyə 2 min, ikinci dəfə 500 dollar pul vermişəm. Bu da rüşvət-filan deyildi, dərmanların pulu idi».

***Buna da bax-Gömrük Hospitalının həkimi saxta dərmanlarla müalicə və qaçaqmalçılıqda suçlanır

Gömrük Hospitalının həkimi müalicədə istifadə etdiyi dərmanları niyə İrandan gətirməsi məsələsinə də aydınlıq gətirib. Bildirib ki, həmin dərmanlar Bakıda 2-3 dəfə bahadır: «Mən 1995-ci ildən həkim kimi fəaliyyət göstərirəm. Həmişə məqsədim pasiyentlərə ucuz və keyfiyyətli xidmət göstərmək olub. O dərmanlar İranda buradakından 2-3 dəfə ucuzdur. Azərbaycandakı şirkətlər isə çox baha satır. Qiymət baxımından xəstələrimin narazılığı olmasın deyə, oradan sifariş verdim. 23 ildir həkiməm, mənim əlimdən başqa iş gəlmir».

Jahani Hiveh Hamid Mohammad Bakı avtovağzalında avtobus sürücüsü Ghahremani Hafez Habib-dən dərmanları alıb ona pulu verəndə saxlanılıb. Həkim sonradan buraxılsa da, avtobus sürücüsü həbs olunub. Onların işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmənin ilk hazırlıq iclasında həkim haqqındakı qətimkan tədbiri dəyişdirilib və o da məhkəmə zalında həbs olunub.

Xatırlatma

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi - külli miqdarda törədildikdə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham verilib.

***Buna da bax-Saxta dərmanlara görə Səhiyyə Nazirliyi, yoxsa gömrük cavabdehdir? [Video]

Prokurorluğun bu hadisə ilə bağlı məlumatında deyilir ki, son dövrlərdə həkim-kosmetoloqların müalicə zamanı sağlamlığa bərpaolunmaz zərər vuran saxta dərmanlardan, kosmetik preparatlardan istifadəsi barədə çoxsaylı şikayətlər gəlib. Onun əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırmalar başlayıb. Jahani Hiveh Hamid Mohammad-in yaşadığı evdən üzərində «Canotix 50 units» sözləri yazılmış, satış qiyməti 80 manat olan 52 ədəd dərman, 110 manatlıq «Canotix 100 units» preparatından 66 ədəd tapılıb. 196 qutu başqa dərmanlar da olub ki, onların üzərində heç bir ad yazılmayıb. Amma qutuların üstünə yapışdırmaq üçün yapışqan etiketlər də olub.

Prokurorluğun iddiasına görə, Mərkəzi Gömrük Hospitalının həkimi həmin dərmanları həmyerlisi olan sürücünün köməyi ilə gömrüyə bəyan etdirmədən ölkəyə gətirdib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidməti Jahani Hiveh Hamid Mohammad-in Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərdiyini təsdiqləyib: «Müqavilə əsasında, qısa müddətdə həkim-terapevt-kosmetoloq kimi fəaliyyət göstərib».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG