Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:25

Hüquq müdafiəçisi həbs olunub


Elçin Məmməd

Martın 31-də hüquq müdafiəçisi Elçin Məmməd barəsində 3 aylıq həbs- qətimkan tədbiri seçilib.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisinin yaxınları məlumat verib. «Sumqayıt şəhər Məhkəməsində Elçin Məmməd barəsində həbs-qətimkan tədbiri seçilib. O, 177.2.4-cü (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. Elçin ona qarşı irəli sürülən ittihamları qəbul etmir», - deyə qeyd ediblər.

Vəkil Fariz Namazlı da AzadlıqRadiosuna bildirib ki, məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

Hüquq müdafiəçisi saxlanıb

Hüquq müdafiəçisi Elçin Məmmədin saxlandığı və onun barəsində saxlanma protokolu tərtib olunduğu bildirilir.

Bu barədə məlumat verən Elçin Məmmədin ailə üzvlərinin sözlərinə görə, o, Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində saxlanıb:

"Tutma protokolu tərtib olunub və Elçin bəy hazırda Sumqayıt şəhər Polis İdarəsində saxlanır".

Elçin Məmmədin yaxınları əlavə edib ki, onun rəhbərlik etdiyi Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi adlı təşkilatın ofisində axtarış aparılıb:

"Məhkəmənin qərarı əsasında ofisdə axtarış aparılıb. Cinayət işində adı keçən zinət əşyaları ofisdən çıxıb. Üstəlik, də doqquz ədəd patron aşkar olunub. Elçin Məmməd evə zəng vuranda özü bu əşyaları ora kiminsə qoyduğunu vurğulayıb və onları ora özünün qoymadığını bildirib".

Vəkil Fariz Namazlı da Elçin Məmmədin barəsində tutma protokolunun tərtib edilməsini təsdiq edib və araşdırma aparıldığını bildirib.

Bir neçə gün bundan əvvəl Sumqayıt sakinlərindən birinin Elçin Məmməddən polisə şikayət verdiyi deyilir. Açıqlamaya görə, O bildirib ki, Elçin Məmməd onun çantasından 7500 manatlıq zinət əşyası oğurlayıb. Hüquq müdafiəçisi isə bunu cəfəngiyyat adlandırıb.

Bütün bu deyilənlərə, hələlik, Sumqayıt şəhər Polis İdarəsindən münasibət almaq mümükün olmayıb.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, nartın 30-da səhər saatlarında Sumqayıt şəhərində yaşayan hüquq müdafiəçisi Elçin Məmməd bu şəhərin polis idarəsinə aparılıb.

Bu barədə E.Məmməd özü məlumat verib. Onun sözlərinə görə, idarənin əməkdaşları yaşadığı evinə gələrək ona çağırış vərəqəsini təqdim ediblər: «Çağırış vərəqəsində bildirilir ki, Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq) maddəsi ilə cinayət işi açılıb. İstintaqı İstintaq şöbəsinin rəisi Bəhruz Musayev aparır. Sumqayıt şəhər sakinlərindən biri barəmdə şikayət verib. Məni şərləmək istəyirlər».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov da «Turan» agentliyinə E.Məmmədin polisə çağırılmasını təsdiqləyib. «Hazırda araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun qərar qəbul olunacaq. Elçin Məmmədin hazırda saxlanılıb-saxlanılmaması barədə məlumatım yoxdur», - o qeyd edib.

Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə şəxsə 5 ilədək həbs cəzası nəzərdə tutulur.

XS
SM
MD
LG