Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 13:29

Hökumət sosial mediada nələrə reaksiya verir


Sosial media

Son bir neçə ayda rəsmi qurumlar sosial mediada yazılanlara, gedən müzakirələrə reaksiya verməyə başlayıb. Bəzən bu reaksiya çox operativ olur. İlk dəfə bu, Nazirlər Kabinetinin «Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları»na dəyişikliklərə etirazlar zamanı müşahidə edildi. Dəyişiklik elan olunan günün ertəsi prezident «daxil olan müraciətləri nəzərə alaraq» onu ləğv etdi.

Başqa bir nümunə – 3 il öncə aprel döyüşləri zamanı həlak olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsi bugünlərdə məhkəmə çəkişməsində 50 kvadratmetrlik mənzilini itirməli oldu. Ali Məhkəmə bu qərarı işadamı, Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Axundovun iddiası əsasında çıxarmışdı. Məsələ sosial mediada qızğın müzakirə edilir, işadamı kəskin tənqid olunurdu. Qısa vaxt içində Birinci vitse-prezident Mehriban Əliyeva həlak olmuş hərbçinin ailəsinin evlə təmin olunması haqda göstəriş verdi.

DİN videoya görə hərəkətə keçir

Və ya bir neçə gün öncə üç qızın internetdə videosunun yayılmasını sosial media istifadəçiləri birmənalı qarşılamadılar, məsələnin etik-mənəvi, hətta hüquqi tərəflərini gündəmə gətirdilər və nəticədə Daxili İşlər Nazirliyi araşdırmalara başladığını bəyan etdi.

Nazirlik təxminən eyni vaxtda məşhur mahnının sözlərini dəyişib oxuyan meyxanaçını da saxlaması haqda məlumat yaydı. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif səviyyələrdə gedən müzakirələrə hətta bəzi deputatlar da qoşulmalı oldu. Hərçənd, məsələyə yanaşmada baxışlar yenə haçalandı. DİN-in məlumatındasa deyilir ki, meyxana ilə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini «Vüqar Səda» ləqəbli Vüqar Abdullayev olması müəyyən edilib və o, saxlanılıb.

Sosial şəbəkədə hansı məlumatla maraqlanırsız?
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

«Diqlas» Ticarət Mərkəzindəki yanğından sonra prezidentin müşavirə keçirməsində, sahibkarlara maliyyə yardımı göstərilməsində, Azərbaycanın əraziləri uğrunda həlak olan, itkin düşənlərin bəzilərinin ailə üzvləri və yaxınlarının müavinət ala bilməməsinə dövlət başçısının növbəti sərəncamla cavab verməsində, sosial müdafiənin gücləndirilməsi ilə bağlı addımda, yəni müavinətlərin, əmək haqlarının artırılmasında da sosial mediada gedən müzakirələrin təsiri olduğu deyilir. Bu problemlər müxtəlif vaxtlarda bir tərəfdən şəbəkə istifadəçiləri tərəfindən qızğın şəkildə müzakirə edilirdisə, o biri yandan sözügedən məsələlərlə bağlı etiraz aksiyaları həmin platformada canlı yayım vasitəsilə işıqlandırılırdı.

Düzdür, sosial mediada yazılanlara reaksiya hər zaman müsbət olmur. Hər halda, Novruz bayramı ərəfəsində azadlığa çıxan, «heykəl məhbusu» kimi tanınan Bayram Məmmədov «polisə müqavimət göstərdiyinə» görə 30 sutka cəza alsa da, o, məhkəmədə sosial şəbəkədə yazdığı fikirlərə görə saxlanıldığını, işgəncəyə məruz qaldığını bildirib. Yeri gəlmişkən, buna bənzər iddialar, yəni sosial mediada hakimiyyəti, birinci şəxsi və ya onun ailəsini tənqid etdiyinə görə güc qurumları tərəfindən saxlanılma, həbs edilmə haqda fikirlər əvvəllər də səslənib. İndi isə hakimiyyət bu platformada danışılanlara müsbət tonda münasibət sərgiləməyə çalışır sanki.

M.İbrahimqızı
M.İbrahimqızı

YAP-ın cavabı: «Həmişə belə olub»

Hərçənd Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, deputat Məlahət İbrahimqızı bu yanaşmayla razılaşmır, hakim partiyanın da, hakimiyyətin də sosial mediada gedən müzakirələrə hər zaman aktiv reaksiya verdiyini, ona görə də xüsusi fərq görmədiyini bildirir.

«Mən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədriyəm. Maşallah, komandamız çox həvəslidir, fəaldır sosial mediada, bəzən buna məəttəl qalıram. Mən özüm sosial şəbəkədə o qədər də aktiv deyiləm. Amma görürəm ki, insanlar, bizim rayon təşkilatının üzvləri fəaldırlar. Ancaq bu, tək son vaxtlar belə deyil, elə həmişə belə olub», – deputat deyir.

Elə ötən ilin aprelində prezident seçkisində də YAP-ın icra katibi - sədr müavini, baş nazirin müavini Əli Əhmədov partiyadakı gəncləri sosial mediada fəal olmağa çağırmışdı.

Ş.Çobanoğlu
Ş.Çobanoğlu

Ş.Çobanoğlu: «Bu cür reaksiyalarla durumu pərdələməyə çalışırlar»

Köşə yazarı Şahvələd Çobanoğlu hakim komandanın sosial mediada fəallaşmasını ölkədə ictimai narazılığın artması ilə əlaqələndirir. Onun fikrincə, daha bir səbəb müxalifətin 19 yanvar mitinqinə sosial şəbəkədə milyonlarla baxışın olmasıdır.

«Bu da hökuməti çox ciddi narahat edir. Ölkədəki real vəziyyəti də bilirlər», – Çobanoğlu söyləyir.

«Guya xalqı eşidirlər. Bu cür reaksiyalarla durumu pərdələməyə, davam etdirməyə çalışırlar. Amma mahiyyət etibarilə heç nə dəyişməyib, həm repressiv xarakterli addımlar eyni qaydada atılır, həm məhkəmələrdə vətəndaşların ədalətə çıxışı yoxdur, eyni idarəçilik, eyni korrupsiya davam edir. Bu reaksiyalar durumu pərdələmək, sosial şəbəkələrdəki narazılıqlara cavab, zəifləmiş tərəfdarlarına arqument vermək üçündür», – o, sözlərinə əlavə edir.

Köşə yazarı hakimiyyətin köklü dəyişikliyə getmədiyini, avtoritar idarəçilikdən imtina etmədiyinə görə görüntü xarakterli addımlar atdığını düşünür.

N.Bəydəmirli
N.Bəydəmirli

«Min nəfərdən birinin problemini nümayişkaranə şəkildə həll etmək...»

İşadamı, sosial şəbəkədə fəal olan Nazim Bəydəmirli, beynəlxalq qurumların hesabatlarında da deyildiyi kimi, Azərbaycanda çox az sayda müstəqil media qurumlarının olduğu haqqında fikirlərlə razılaşır. Əksər hallarda hökumətin müxtəlif təşviqyönlü addımlarla müstəqil medianı sıradan çıxarmasını, tənqidi saytların bloklandığını önə çəkir. Ona görə də ictimai rəyə azacıq da olsa, təsir göstərmək imkanının ənənəvi KİV-dən sosial mediaya keçdiyini düşünür. İşadamı bu səbəbdən də sosial mediada paylaşımlara görə hakimiyyət nümayəndələrinin narahat olduğunu və bəzi hallarda operativ reaksiya verdiyini deyir. Amma N.Bəydəmirli bəzi problemlərə verilən reaksiyaların çıxış yolu olmadığı qənaətindədir: «Min nəfərdən birinin problemini sosial şəbəkədə paylaşımlar hesabına həll etmək məsələnin köklü şəkildə həlli deyil. Bu, sadəcə, bir örnək ola bilər. Bu, digər dövlət orqanlarına siqnaldır ki, əhalinin sosial-iqtisadi problemləri ilə necə davranmaq, necə işləmək lazımdır. Hesab edirəm ki, prezidentin və ya Birinci vitse-prezidentin sosial şəbəkələrdə müzakirə edilmiş sosial problemlərdən hansınasa münasibət bildirməsi, qısa vaxtda yoluna qoyması yaxşı hal olmaqla bərabər, həm də dövlət orqanlarında işləyən digər məmurlara göstərilən yoldur».

N.Bəydəmirli ona təəssüflənir ki, nümunə göstərilsə belə, durum köklü dəyişmir, bu baxımdan ciddi sistemli islahatlara ehtiyac var.

XS
SM
MD
LG