Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 09:21

Hökumət sənədsiz evlərin problemini necə həll edəcək


Qatar relslərinin bir addımlığında insan həyatı
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00

Qatar relslərinin bir addımlığında insan həyatı

Əmlak Məsələləri Dövlət Komitəsi özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayır. Komitə martın 14-də bununla bağlı açıqlama yaydıqdan sonra çoxlu suallar yaranıb. Qanunla icazə verilməyən yerdə tikilən evləri necə sənədləşdirəcəklər? Bakı kəndlərində yalnız köhnə «ev dəftəri» olanların, Bakı ətrafında yeni sahələrdə tikilənlər, vaxtilə pay torpağı kimi alınanların aqibəti necə olacaq? Bundan başqa neftlə çirklənmiş və ya təhlükəli ərazilərdə son 15-20 ildə inşa olunan evlər köçürüləcəkmi, ya onlara da rəsmi icazə veriləcək?

Suallara Əmlak Məsələləri Dövlət Komitəsindən cavab almaq mümkün olmur. Qurumun mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov AzadlıqRadiosuna bununla bağlı yaxın günlərdə ətraflı açıqlama verəcəyini söyləyir. Bunun bayramöncəsi, ya sonra olacağını isə dəqiqləşdirmir. O, hər hansı ipucu vermədən, detallara getmədən söhbəti bitirir.

Komitənin açıqlamasında isə deyilirdi ki, bir çox hallarda vətəndaşlar kənd təsərrüfatı təyinatlı torpaqlarda, mühafizə zolaqlarında yaşayış və ya qeyri-yaşayış binaları inşa edirlər, buna görə də onların qeydiyyatı qanunvericiliklə mümkün olmur.

8 il sonra nikbin düşünməyə əsas varmı?

Bakı və ətraf kəndlərində özbaşına, sənədsiz inşa edilən fərdi evlərin sənədləşdirilməsi məsələsi 2011-ci ildə də gündəmə gəlmişdi. Prezident İlham Əliyev 2011-ci il martın 9-da keçirdiyi müşavirədə Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması ilə bağlı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Amma məsələnin həllində hər hansı tərpəniş olmadı.

AzadlıqRadiosuna danışan ekspertlər nikbindirlər. İqtisadçı Rəşad Həsənovsa belə düşünməyə əsas olduğunu deyir: «İndiki situasiya bir az fərqlidir. Son hadisələr göstərir ki, hökumət müxtəlif sosial qrupları müəyyən güzəştlər və ya problemlərin həll edilməsi ilə özünə tərəf çəkməyə, reputasiyasını bərpa etməyə çalışır. Düşünürəm, indi vəziyyət daha yaxşıdır və daha optimist olmağa əsas var».

Bakıda vaqon evlər
Gözlə
Embed

No media source currently available

0:00 0:02:50 0:00

Sənədsiz evin sakini: «Evimiz olsa da, evsizik»

Sabunçu qəsəbəsində SOCAR-ın balansında olan ərazidə ev tikmiş və 15 ilə yaxındır orda yaşayan Yaşar Hüseynov bu xəbəri sevinclə qarşılayanlardandır: «Evimiz olsa da, evsizik. Sənədimiz yoxdur. Burda səksəkə içində yaşayırıq. Dəfələrlə polis gəlib, Neft Şirkətindən gəliblər, hay-küy qaldırıblar, vaxt veriblər. Amma camaat durub ayağa, kimi deyib özümü öldürəcəm, kimi də yalvar-yapış edib, birtəhər qalmışıq. Beləcə, illər keçib».

46 yaşlı Y.Hüseynov üç uşaq atasıdır. Daimi işi yoxdur, yoldaşı da məhəllə marketində satıcıdır.

«Qazancımız ancaq çörək puluna, əyin-başımıza çatır. Bundan sonra mən gedib hansı pulla ev tikim? O vaxt kənddəki torpağımı dəyər-dəyməzə satıb burda ikiotaqlı ev aldım. Dedim, Allah, sənə şükür, iki otağı sonra üç otaq etmişəm. Birtəhər dolanırıq. Prezidentimiz son zamanlar hamını sevindirir, bizim kimi sənədsiz evi olanları da sevindirsə, böyük iş görmüş olar», – Y.Hüseynov söyləyir.

R.Həsənov
R.Həsənov

«Yüz minlərlə insan dövlət qurumlarının buraxdığı nöqsanların qurbanıdır»

Problem nə qədər insanı əhatə edir və hökumətin niyyəti yaxşı olsa belə, həll etmək imkanı varmı? Rəqəmlər 400-500 min arasındadır.

«Sənədsiz evlərin sayı bəzi mənbələrdə 450, bəzi mənbələrdə 500 min göstərilir. Orta hesabla dördnəfərlik ailə götürəndə zərər çəkənlərin sayı təxminən milyon yarım, iki milyon vətəndaş deməkdir», – R.Həsənov bildirir. Onun qənaətincə, ola bilsin, sənədsiz evlərdə məskunlaşanların sayının çoxluğu hakimiyyəti nöqsanları aradan qaldırmağa, güzəştə getməyə sövq edir.

İqtisadçı hesab edir ki, artıq yüz minlərlə insan dövlət qurumlarının buraxdığı nöqsanların qurbanıdır, öz evlərini, mənzillərini özəlləşdirə və ya qeydiyyata düşə bilmirlər. O, bunu vətəndaşların hüquqlarının kütləvi şəkildə pozulması kimi dəyərləndirir. Deyir, vətəndaş zamanında qanunu pozub, ancaq buna göz yuman hökumət, rəsmi qurumlar olub və ona görə də bu gün bunun cəzasını dövlət qurumları çəkməlidir, nəticəsi nə qədər baha başa gəlsə də, problem həll olunmalıdır.

R.Həsənov həm də vurğulayır ki, bəzi ərazilərdə məskunlaşmaq həm sağlamlıq, həm də başqa baxımdan risklidir, təhlükəlidir və bu ərazilərdən köçürülmə dövlət hesabına olmalıdır: «Tikinti aparılanda dövlət qurumları rüşvət qarşılığında və ya himayədarlıq nəticəsində buna göz yumublarsa və insanlar da xərc çəkib ev tikibsə, məskunlaşıbsa, artıq burda torpağın təyinatının əhəmiyyəti olmamalıdır. Hətta kənd təsərrüfatı təyinatlı torpaqlarda belə bina tikilib, şəhərciklər salınıbsa, bu o deməkdir ki, sənin sistemin işləməyib. Artıq həmin torpaqları kənd təsərrüfatına qaytarmaq, dövriyyəyə qatmaq gecikmiş fikirdir. Burda söhbət eyni zamanda SOCAR-ın balansında olan torpaqlarda aparılmış tikintidən gedir».

İ.Şaban
İ.Şaban

İlham Şaban: «Yol xəritəsi hazırlanmalıdır»

Başqa bir iqtisadçı İlham Şaban da hesab edir ki, məsələyə kompleks yanaşılsa, yəni maraqlı və aidiyyəti qurumlar əlaqəli şəkildə çalışsalar, problemi qısa vaxta həll etmək mümkündür. Ancaq bununla bağlı yol xəritəsi hazırlanmalı olduğunu da qeyd edir: «Addım-addım 6 aya və ya bir ilə, bəlkə bir kvartala həll etmək mümkündür. Bu işə bütün hökumət qurumları cəlb olunmalıdır. Amma bunu bir quruma həvalə edib və Nazirlər Kabinetinə «bundan irəli gələn məsələləri həll etmək» tapşırılsa, heç nə alınmayacaq. Bu, sovetdənqalma konyunktur bir şey olacaq, uzana bilər. 2012-ci ildə prezident sərəncam imzalamışdı ki, qazlaşdırma iki ilə başa çatdırılsın. Bu mümkün olmadı. Burda maliyyədən tutmuş insan faktoruna qədər çox sayda problem üzə çıxdı. Ona görə xarici şirkətlər layihələndirməyə böyük önəm verirlər. Orda maliyyədən başlamış hər detala qədər öz əksini tapır. Bizdə 25 ilə yaxındır xarici şirkətlərlə təmasda olsaq da, bunun icrasında meylli deyilik».

İ.Şabana görə, yol xəritəsi, detallı mexanizm hazırlanmasa, sənədsiz evlərin sənədləşməsini həll etmək mümkün olmayacaq.

İndi təxminən iki milyonadək insanın gözü hökumətə zillənib, cavab gözləyir. ƏMDK isə yaxın zamanlarda həmin konsepsiyanı hazırlayaraq Prezident Administrasiyasına təqdim edəcəyini bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG