Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:07

Gürcüstanı zibildən könüllülər təmizləyir


Könüllülər Gürcüstanda zibil yığırlar
Könüllülər Gürcüstanda zibil yığırlar

Gürcüstan hökuməti 2018-ci ilin sonunadək ölkədəki iri pərakəndə zibilxanaları ləğv etməyə söz verib. Hökumət həmçinin, 2025-ci ilədək zibilin sortlaşdırılmış qaydada toplanmasına başlayacağını vəd edib. Ancaq hələlik könüllülər Tbilisinin küçələrində və ətraflarında yığılıb qalmış zibili əllə toplayaraq sortlaşdırırlar. Onlar bu prosesi «zibil rtvelisi» adlandırırlar. Gürcüstanda qədim üzüm toplama bayramına «rtveli» deyilir.

Tbilisinin yaxınlığında yerləşən, VI əsrdə tikilmiş Cvari məbədi ölkənin Orta əsrlər dövrünə aid ən məşhur abidələrindən biridir. Burada həmişə çoxlu adam olur. Turistlər məmnuniyyətlə qədim divarların fonunda şəkil çəkdirirlər. Ancaq məişət tullantıları tarixi abidənin ətrafındakı mənzərəni əməlli-başlı korlayır. Məbədin ucaldığı dağın ətəkləri sözün həqiqi mənasında müasir insanın yaradıb səpələdiyi zibillə doludur.

«Gürcüstanı sevirsən? Onda zibilləmə!»

«Zibil rtvelisi» hərəkatının könüllüləri bu yerə müntəzəm gəlirlər. Onlar məbədin yaxınlığındakı ərazini əyilərək əllə zibildən təmizləməklə «gürcü torpağına baş əydiklərini» deyirlər.

«Zibili əllə yığmaq lazım gəlir. Çünki uzun illər ərzində zibil qatları torpağın altında qalıb. Burada elə yerlər var ki, ağacların kökləri polietilen paketlərlə örtülüb. Torpaq zəhərlənir. Bütün bunlar qrunt sularına axıb qarışır. Son nəticədə isə bütün bunlar bizə, orqanizmimizə qayıdır», – deyə «Zibil rtvelisi» kampaniyasının təşkilatçısı Maria Ekser işin çətinliklərini izah edir.

Gürcü könüllülər həftədə bir dəfə «zibil rtvelisi»nə çıxırlar. Özü də bundan öncə sosial şəbəkələrdə aksiyaları razılaşdırır, koordinasiya edirlər. Könüllülərin əsas məqsədi pərakəndə iri zibilxanaların ləğvidir. Bu gün Gürcüstanda çox sayda belə zibillik var. Hətta Tbilisinin ortasından axan Kür çayında belə çoxlu plastik butulka, kağız və başqa növ zibil olur.

Könüllülər ərazini zibildən təmizlədikdən sonra dərhal ora lövhə yapışdırırlar. Lövhənin üzərində isə belə yazılıb: «Gürcüstanı sevirsən? Onda zibilləmə!».

Rostislav Metelev yeddi il öncə Ukraynadan Gürcüstana köçüb. O demək olar ki, bütün «zibil rtveliləri»ndə iştirak edir.

«Gürcüstanı sevirsən? Onda zibilləmə!» lövhəsi
«Gürcüstanı sevirsən? Onda zibilləmə!» lövhəsi

«Hamımız postsovet mentalitetinin daşıyıcısıyıq. Sənin deyilsə, demək heç kimin deyil. Ukraynada Kiyev və başqa iri şəhərlərin ətrafında, insanların, məsələn, kabab çəkməyə çıxdığı yerlərdə durum buna çox bənzəyir. Hətta bəlkə bundan daha betərdir», – o deyir.

15 illik strategiya

Gürcüstanda tullantıların idarə olunması strategiyası yalnız ötən il işlənib hazırlanıb və qəbul olunub. Strategiya 15 illiyə nəzərdə tutulub. Ölkənin ətraf mühitin mühafizəsi nazirliyinin rəsmilərinin sözlərinə görə, bu strategiya Avropa Birliyi standartlarına tam cavab verir.

«Təsdiqlənmiş plana uyğun olaraq, yerli hökumətlər bu ilin sonunadək, ən geci 2019-cu ilin sonunadək qanunsuz, pərakəndə zibillikləri ləğv etməli olacaqlar. Əks halda, çox sərt cəza tədbirləri nəzərdə tutulub», – tullantıların və kimyəvi vasitələrin idarə olunması xidmətinin rəhbər müavini Irma Gulguliani deyir.

Hökumətin proqnozuna görə, 6-7 ildən sonra Gürcüstanın bütün bölgələrində pərakəndə zibilliklərin yerinə qanuni zibilxanalar və tullantıların emalı ilə məşğul olan zavodlar yaradılmalıdır. Bundan başqa, bu müddətdə Gürcüstan zibilin sortlaşdırılaraq toplanması sisteminə keçmiş olmalıdır. Ancaq hələlik plastik maddə, kağız və orqanik tullantılar üçün ayrı hissələri olan zibil qutularını yalnız Tbilisidə Ekologiya Nazirliyinin girişində, nümunə şəklində görmək olar. Gürcüstan şəhərlərində belə zibil qutuları yalnız 2025-ci ildə görünməyə başlayacaq.

Ötən ilin aprelindən zibil atmağa görə cərimə cəzaları tətbiq olunmağa başlayıb. Müxtəlif növ zibili küçəyə atmağa görə 80 laridən (20.5 dollar) 1000 lariyədək (410 dollar) cərimə cəzası nəzərdə tutulub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG