Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:36

Gürcüstan və Ukrayna Saakaşvilinin ekstradisiyasını müzakirə ediblərmi?


Keçmiş Gürcüstan prezidenti Mixeil Saakaşvili Ukrayna vətəndaşlığını Odessa qubernatoru ola bilmək üçün qəbul etmişdi
Keçmiş Gürcüstan prezidenti Mixeil Saakaşvili Ukrayna vətəndaşlığını Odessa qubernatoru ola bilmək üçün qəbul etmişdi

Gürcüstanın müxalif Vahid Milli Hərəkat partiyası (VMH) Ukrayna və Gürcüstan daxili işlər nazirləri arasında keçmiş prezident Mixeil Saakaşvilinin Tbilisiyə təslim edilməsinin müzakirəsi olduğu iddia edilən audioyazının xalis olub-olmadığının yoxlanması üçün müstəqil ekspertiza təşkil edilməsinə çağırıb.

Saakaşvilinin VMH partiyasının lideri Nika Meliya avqustun 14-də deyib ki, onların bu tələbi yerinə yetirilməsə, partiya öz ekspertizasını keçirəcək.

Lexus ləqəbi ilə tanınan Rusiya pranksteri Aleksey Stolyarov avqustun 13-də deyib ki, o Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişviliyə zəng edərək özünü Ukrayna daxili işlər naziri Arsen Avakov kimi təqdim edib. O bu telefon söhbətini yazdığını deyir.

Avqustun 12-də Ukraynanın Strana.ua xəbər portalında dərc olunmuş səs yazısında səsi Mqebrişvilinin səsinə oxşayan şəxs deyir ki, Tbilisi Saakaşvilinin Gürcüstana qaytarılmasını istəmir.

Səs bildirir ki, Ukrayna prezidenti Petro Poroşenko və Gürcüstan hakimiyyəti Saakaşvilinin mümkün ekstradisiyası məsələsini əvvəllər müzakirə ediblər.

Gürcüstanın Daxili İşlər Nazirliyi avqustun 13-də səs yazısının saxta olduğunu bəyan edib.

İslahatçı və qərbpərəst Saakaşvili 2004-2013-cü illər arasında Gürcüstan prezidenti olub. O ötən iyulda ABŞ-da səfərdə ikən Ukrayna vətəndaşlığından çıxarılıb. Saakaşvili prezident Poroşenkonun bu addımını siyasi motivli hərəkət kimi tənqid edib və bildirib ki, onun vətəndaşlıqdan məhrum edilməsi Gürcüstan hakimiyyət orqanları ilə sövdələşmə nəticəsində baş verib.

Saakaşvili 2015-ci ildə Ukrayna vətəndaşlığını qəbul edəndən sonra Gürcüstan vətəndaşlığını itirmişdi. O Ukrayna vətəndaşlığını Odessa qubernatoru ola bilmək üçün qəbul etmişdi.

Saakaşvili 2016-cı ildə qubernator vəzifəsindən, onun təbirincə deyilsə, rəsmilərin antikorrupsiya kampaniyasına mane olduqlarına görə istefa vermişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG