Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 08:16

Gürcüstanda və Çexiyada turizm agentliklərinin sahibi olan Aleksandr Chkhikvadze iddia edir ki, hazırda Gürcüstanda turistlər üçün yaradılmış şərait dünyanın qabaqcıl ölkələrini belə ötməkdədir. Onun sözlərinə görə, Avropa dövlətlərinin dünyanın bir çox yerindən gələn insanlara mühacirət imkanı verməsi Avropanı o qədər də təhlükəsiz olmayan yerə çevirib.

«Gürcüstansa, əksinə, tamamilə təhlükəsizdir və maraqlı olmağa başlayır. Yeni imkanlar açılır, turizm çiçəklənir», – o deyir.

Ancaq işadamı hesab edir ki, Gürcüstanda bu sahədə infrastruktur hələlik tələbdən və turizmin inkişafı templərindən geri qalır. Onun sözlərinə görə, Tbilisi beynəlxalq hava limanının tikintisiylə məşğul olan Türkiyənin «TAV Urban» şirkəti o vaxt ildə cəmi 350 min sərnişinə xidmət edən hava limanının nə vaxtsa ildə maksimum 3 milyon adama xidmət edəcəyini nəzərdə tutmuşdu.

«Ancaq son illərdə baş verən inkişafı heç kim gözləmirdi. Təbii ki, infrastruktur ayaqlaşa bilmir, çünki infrastruktur yerli-dibli yoxdur», – o deyir.

«AYAQYOLU YOXDUR»

Chkhikvadze sovet dönəmində SSRİ-nin digər yerlərindən və Qərb ölkələrindən Gürcüstana gələn turistlərin məşhur ifadəsini xatırlayır: «Ölkə gözəldir, yemək əladır, havaya söz ola bilməz, ancaq ayaqyolu yoxdur».

Onun sözlərinə görə, bu sahədə inkişaf olsa da, hələ yetərincə deyil. Ölkədə orta təbəqəyə, tələbələrə və s. hesablanmış üçulduzlu otellər azdır. Ancaq onların sayı ildən-ilə artır.

Batumidə çimərlik
Batumidə çimərlik

Chkhikvadze-yə görə, sərhəd xidmətinin ölkəyə əcnəbilərin hansı məqsədlə gəldiyini müəyyənləşdirə bilən xüsusi mütəxəssisləri olmalıdır:

«Gürcüstan artıq neçə aydır ki, Şengen müqaviləsinin liberal zonasındadır və bizi vaxtilə sərhəddə necə sorğu-sual etdiklərini unuduruq. Axı bu, elə-belə deyildi, od olmasa, tüstü çıxmaz. Hesab edirəm ki, indi sənədləri yoxlayan mütəxəssislər həm psixoloq, həm diplomat olmalı, eyni zamanda onların yaxşı yoxlama imkanları olmalıdır».

Bu yaxınlarda Hindistan vətəndaşı Khushboo Kaushal-ın və bir neçə başqa şəxsin elektron vizasında problem yaşanması səbəbindən Gürcüstana buraxılmaması ətrafında böyük qalmaqal baş vermişdi. İş o yerə çatıb ki, bir tanınmış gürcü aktyor və bir məşhur siyasətçi gürcüləri Avropadan olmayan turistlərin ölkəyə gəlməsinə etiraza çağırıb.

Əcnəbi ovçuların bələdçisi Azadlıq Radiosuna danışır
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

SELEKTİV DÜŞMƏNÇİLİK

Psixoloq və sosioloq Giorgi Nizharadze hesab edir ki, hər şeyin öz dəyəri var. Başqa sözlə, sərhədlərin açılması, liberal siyasət və s. təkcə avropalıları yox, dünyanın hər yerindən olan insanları cəlb edəcək. Onların arasında yoxsulu da var, işsizi də, cinayətkarı da:

«Avropa, ABŞ bunu keçib və keçir. Gürcüstan buna... hazır olmalıdır. Birincisi, nə qədər çox insanın Gürcüstana gəlmək istədiyini görüb fəxr etmək lazımdır. Demək ki, bura onların vətənindən daha yaxşıdır, bu isə az şey deyil. İkincisi də, gömrükçülər, sərhədçilər və başqa xidmətlər daha sərt olmalıdırlar. Çünki liberal siyasət narkotik trafikini gücləndirə bilər».

Ancaq Nizharadze-nin sözlərinə görə, milli təfriqə yaradanlara qarşı tədbirlər də gücləndirilməlidir.

G.Nizharadze-nin fikrincə, Türkiyə və İran tarixən düşmən kimi qəbul olunub. Buna görə də, ölkəyə gələn müsəlmanların sayının artması müəyyən qıcıq yaradır.

«Digər tərəfdən, əcnəbilərə düşmən münasibəti olmamalıdır. Özü də, bu düşmənçilik selektiv xarakterlidir: məsələn, avropalılara və ruslara münasibət həmişə müsbətdir, ancaq bəzi ölkələrdən gələnlərə münasibət o qədər də xoş deyil», – o deyir.

Sosioloq əlavə edir ki, bu məsələdə həm din, həm mədəniyyət amili, həm də müəyyən tarixi yaddaş da rol oynayır. Onun sözlərinə görə, Gürcüstanda son on illər ərzində dinin çiçəklənməsi əcnəbilərə və müsəlmanlara qarşı meylləri qızışdırır. Ancaq o, həm də deyir ki, bu, tədqiq edilməli mürəkkəb məsələdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG