Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:24

Gürcüstanda hökumətdən tələb: "Qazprom"la müqavilənin əslini göstər!


Gürcüstanın energetika naziri Kaxa Kaladze (sağ), Tbilisi, 23 iyun 2016
Gürcüstanın energetika naziri Kaxa Kaladze (sağ), Tbilisi, 23 iyun 2016

“Qazprom”la bağlanan müqavilənin üzə çıxarılması tələbinə Gürcüstanın, demək olar ki, bütün siyasi spektri qoşulub.

Energetika naziri Kaxa Kaladze isə verdiyi bəyanatla yanan ocağı körükləndirib. O, müxalifəti hökumətin işinə qarışmamağa çağırıb və onları “marginal” adlandırıb.

Müxalifətin və qeyri-hökumət sektorunun etiraz dalğasına hökumət yanvarın 18-də energetika naziri Kaladzenin brifinqi ilə cavab verib. Nazir sərt ifadələrlə opponentlərinin yadına salıb ki, “Gürcü arzusu” çoxluğu xalq mandatına sahibdir. Sonra o, “Qazprom”la müqavilənin mahiyyətini təkrarlayıb. Amma yenə də onun detallarını açıqlamayıb:

“Marginal qruplar və xalqın inamını itirən insanlar köhnə ətalətləri və öz lazımsızlıqlarını gizlətmək istəyi ilə dezinformasiya xarakterli isterikalarını davam etdirirlər. Mən bu brifinqi keçirməyə borclu deyildim. Çünki hökumət “Qazprom”la danışıqların gedişində xalqın və ölkənin maraqları naminə rasional və hesablanmış addımlar atıb. Əhali bizə ölkənin idarəçiliyini etibar edib. Buna görə də bu mandatdan çıxış edərək biz mürəkkəb və zəruri qərar qəbul etmişik!” – deyə nazir sərt şəkildə vurğulayıb.

“OĞRUNUN BAŞINDA PAPAĞI DA OD TUTUR”

Kaladzenin brifinqi durumu daha da gərginləşdirib və “Qazprom”la müqavilənin açıqlanması tələbinə Gürcüstanın, demək olar, bütün müxalif spektri qoşulub. Hətta seçkilərə qədər Moskva ilə dialoqların nizama salınması mövqeyindən çıxış edən “Vətənpərvərlər alyansı” da müqavilənin müddəalarının açıqlanmasını tələb edib.

Gazprom-un loqosu, 18 aprel 2016
Gazprom-un loqosu, 18 aprel 2016

Partiyanın sədri İrma İnaşvili bəyan edib:

“Əldə edilmiş razılaşmanın Gürcüstan üçün əlverişli olması sualına dəqiq cavab vermək lazımdır. Hökumətin ətraflı cavab verməli olduğu xeyli sual var. Yalnız bundan sonra qəbul edilmiş qərarın doğruluğu haqqında mühakimə yürütmək olar”.

Leyboristlər partiyasının nümayəndələri isə daha uzağa gediblər. Georgi Qoqava:

“Belə bir deyim var: oğrunun başında papağı da od tutur. Kaladzenin dünənki isterikasının başqa yozumu mümkün deyil. Əgər hökumətin imzaladığı müqavilə ölkənin siyasi və iqtisadi maraqlarına zidd olmasaydı, onlar onu çoxdan açıqlayardılar”.

Oxşar bəyanatlar, demək olar ki, bütün müxalifət partiyaları tərəfindən səsləndirilib.

“ÖLKƏ İLDƏ 20 MİLYON DOLLARADƏK PUL İTİRİR”

İqtisadçı İosif Arçvadze müqaviləni Gürcüstan üçün “əlverişsiz” sayaraq müxalifətin narahatlığına şərik çıxır. Hakimiyyətin daha əlverişli şərtlərlə müqavilə imzalamaq şansının nə dərəcədə real olması isə başqa məsələdir.

“Görünən odur ki, indiki müqavilə əvvəlki müqavilə ilə müqayisədə güzəştlərin miqyasını əks etdirir. Dünya təcrübəsi sübut edir ki, əgər güclü tərəflə daha zəif tərəf arasında müqavilə açıqlanmırsa, onda o, böyük ehtimalla ikincinin xeyrinə deyil. Müxtəlif hesablamalara görə, Gürcüstan ildə 6 milyondan 20 milyon dollara qədər pul itirir. Rusiya öz təhdidini reallaşdıraraq Ermənistanı qazla İrandan keçməklə təmin edə bilər. Bunun üçün bütün texniki imkanlar var. Hər şeyi pulla ölçmək olmur. Hər ehtimala qarşı hakimiyyət tamamilə tranzitsiz qalmamaq üçün “daha pis”dənsə, “pis”i seçib”, – Arçvadze deyib.

ABŞ dolları
ABŞ dolları

Gənc Hüquqşünaslar Assosiasiyası müqavilənin detallarını məhkəmə yolu ilə əldə etməyə çalışacağını bildirib. Energetika Nazirliyi “Qazprom”la olan müqavilənin surətini məktub şəklində göndərməzsə, iş məhkəmədə həll ediləcək. “Gənc hüquqşünaslar”ın yanvarın 19-dakı bəyanatında deyilir:

“Yüksək ictimai marağı nəzərə alaraq, biz hakimiyyət nümayəndələrinin və hökumətin şifahi bəyanatlarını deyil, rəsmi məktubu gözləyəcəyik. Əgər cavab almasaq, 10 gün ərzində məhkəməyə müraciət etmək hüququna malikik”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG