Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 05:45

Gürcüstan iqtidarı mitinqə 100 min tərəfdar çıxaracağını deyir


Aprelin 28-də etirazçılar polislə qarşıdurmada
Aprelin 28-də etirazçılar polislə qarşıdurmada

Tbilisidə ötən bazar günü də “xarici agent” qanununa qarşı izdihamlı etiraz aksiyası davam edib.

Mitinq zamanı polis və etirazçılar arasında toqquşmaların baş verdiyi deyilir. Etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub.

Aksiyaçılar hakim "Gürcü arzusu" partiyasının təşəbbüsü ilə parlamentdə baxılmaqda olan “xarici təsirin şəffaflığı” adlı qanun layihəsinə etiraz edirlər.

Qeyri-hökumət sektoru və gənclər təşkilatları tərəfindən təşkil olunmuş “Avropa yürüşündə” müxalifət nümayəndələri, vətəndaş cəmiyyəti fəalları və sadə vətəndaşlar iştirak ediblər.

Müxalifət sözü gedən aksiyaya çağırışı “Gürcü arzusu” partiyası qanun layihəsinin müdafiəsi üçün 100 minlik mitinqini elan etdikdən sonra edib.

Xəbər verilir ki, hakim partiya öz aksiyası üçün iştirakçıları ölkənin rayonlarından səfərbər etməyə hazırlaşır.

Etiraz mitinqində 100 min iştirakçı olub

Sözü gedən qanuna aprelin 28-də keçirilmiş etiraz aksiyası Respublika meydanından başlanıb. İştirakçılar daha sonra Rustaveli prospektindən keçərək parlamentin binası qarşısına gəliblər.

Etirazçılar burada “Rusiya qanununa yox!” şüarı səsləndirir, Gürcüstanın və Avropa İttifaqının bayraqlarını dalğalandırırdılar.

Parlamentin binası üzərinə proyektorla “Rusiya işğalçıdır”, “Abxaziya Gürcüstandır!” və “Samaçablo Gürcüstandır!” kimi müxtəlif şüarlar yazılıb.

Parlamentin binası polis tərəfindən dövrəyə alınıb. Toqquşmalar etirazçılar polis zəncirini yararaq iqtidarın mitinqi üçün qurulmuş tribunaya qalxmaq istəyəndə başlanıb.

Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, aksiya “zorakı şəkil” alıb. Bu səbəbdən Azadlıq meydanına və parlamentin qarşısına xüsusi təyinatlılar və suvuran maşınlar gətirilib.

Xəbər verilir ki, müxalifətin aksiyasında 100 minədək iştirakçı olub.

Müxalifət deputatları sessiyadan çıxarılıb

Bu arada aprelin 29-da müxalifətdən olan 7 deputatın parlament sessiyasından çıxarıldığı xəbər verilir.

Sessiyanın sədri, hakim “Gürcü arzusu” partiyasından deputat Anri Oxanaşvili bunu “parlament prosedurlarının pozulması” ilə izah edib.

Parlamentin mətbuat xidməti bildirir ki, sözü gedən qanun layihəsinin aprelin 30-da səsə qoyulacağı gözlənilir.

Media xidməti bunu da bildirib ki, parlament binasına yalnız akkreditasiyası olan telekanalların nümayəndələri buraxılacaqlar.

İnternet və mətbu media nümayəndələrinin binaya buraxılmayacağı elan edilib.

ABŞ-dan və Aİ-dən xəbərdarlıq

ABŞ-ın hər iki partiyadan olan senatorları aprelin 26-da Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə məktublarında xəbərdarlıq ediblər ki, ölkə parlamenti “rusiyasayağı qanunu” qəbul edərsə, Vaşinqtonun Tbilisiyə münasibətdə siyasəti dəyişə bilər.

Avropa İttifaqı rəsmiləri isə xəbərdarlıq ediblər ki, qanunun qəbulu Gürcüstanın İttifaqa üzvlük prosesini dayandıra bilər.

Ötən il Gürcüstana müəyyən şərtlər daxilində Aİ üzvlüyünə namizədlik statusu verilib.

Xəbər verilir ki, qanun layihəsi üzrə son debatlar mayın 17-ə təyin edilib.

Gürcüstan prezidenti Salome Zurabişvili BBC-yə müsahibəsində qəbul olunacağı təqdirdə bu qanununa veto qoyacağını deyib. Lakin o əlavə edib ki, onun vetosunu etibarsız etmək üçün iqtidarın parlamentdə kifayət sayda deputatı var.

Bundan əvvəl

Gürcüstan parlamenti aprelin 17-də “Xarici təsirin şəffaflığı” adlı ziddiyyətli qanun layihəsini birinci oxunuşda qəbul edib.

Tənqidçilər bu qanunun Rusiyada qəbul edilmiş bədnam “xarici agent” qanununun analoqu olduğunu iddia edirlər.

Rusiyada sözü gedən qanun qəbul edildikdən sonra mütərəqqi qüvvələrə qarşı repressiyalar artıb, müstəqil medialar bağlanmağa məcbur olub.

“Xarici təsirin şəffaflığı” qanunu layihəsinə Gürcüstan parlamentinin 83 deputatı səs verib. Müxalifət deputatları səsverməni boykot ediblər.

Bu qanun layihəsinə görə maliyyələşməsinin 20 faizini “xarici qüvvədən” alan QHT-lər, yayımçılar və KİV sahibləri xarici qüvvənin maraqlarına xidmət edən təşkilat kimi qeydiyyatdan keçməyə borcludurlar.

Qeydiyyatdan boyun qaçırılmasına görə 25 min lari (9400 dollar) cərimə nəzərdə tutulur. Qanunun təkrar pozulmasına görə cərimə 900 min laridir (340 min dollar).

Qanun layihəsinin ən təzadlı məqamlarından biri də budur ki, ona əsasən Gürcüstanın Ədliyyə Nazirliyi “xarici qüvvənin maraqlarını təmsil edən təşkilatların üzə çıxarılması üçün monitorinq keçirə bilər”.

Belə bir monitorinq keçirilməsi üçün hər hansı vətəndaşın ərizəsi kifayətdir.

Xatırlatma

Ötən il “Gürcü arzusu” partiyası “xarici təsirin şəffaflığı” haqqında qanun layihəsini parlamentə təqdim etmişdi.

Layihə fəaliyyətinin ən azı 20 faizi xaricdən maliyyələşən qeyri-mənfəət hüquqi şəxslərin və kütləvi informasiya vasitələrinin reyestrinin tərtibini nəzərdə tuturdu.

2023-cü il, martın 7-də parlament bu layihəni birinci oxunuşda qəbul etmişdi. Bu, kütləvi küçə etirazlarına səbəb olmuşdu. Həmin gün Gürcüstan parlamentinin binası qarşısında 40 minədək etirazçının yığıldığı xəbər verilirdi.

Polislə etirazçılar arasında baş vermiş toqquşmalarda nümayişçilərə qarşı gözyaşardıcı qazdan və suvuran maşınlardan istifadə olunmuşdu.

Gürcüstan DİN xəsarət alan etirazçıların sayı barədə məlumat verməsə də, 100-dən çox şəxsin saxlandığını bildirmişdi.

Etiraz aksiyaları martın 8-də də davam etmiş və martın 9-da hakim partiya və ona bağlı “Xalqın gücü” hərəkatı qanun layihəsini parlamentdən geri çağırmağa məcbur olmuşdu.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG