Keçid linkləri

2026, 13 Avqust, cümə axşamı, Bakı vaxtı 21:31

Dünya xəbərləri

Marneulidə azərbaycanlı namizəd 2-ci tura gedir

Foto: arxiv
Foto: arxiv

Gürcüstanın Marneuli rayonunda “Vahid Milli Hərəkat” partiyası tərəfindən irəli sürülən deputatlığa namizəd Əhməd İmamquliyev 378 səslə qalib gəlib. Ancaq o, 50 faizlik baryeri keçə bilmədiyindən oktyabrın 30-da bu dairə üzrə ikinci tur keçiriləcək.

Oktyabrın 22-də həmin rayonun 36-cı dairəsinin Qızılhacılı kəndindəki 48 saylı seçki məntəqəsində təkrar səsvermə keçirilib. Bu dairə üzrə əsas mübarizə hakim “Gürcü Arzusu” koalisiyası tərəfindən irəli sürülən Tamaz Naveriani ilə ana müxalifət partiyası “Vahid Milli Hərəkat”ın namizədi Əhməd İmanquliyev arasında gedir. Tamaz Naveriani dünənki səsvermədə 307 səs toplayıb.

SƏSLƏRİN 900-DƏN ÇOXUNU ALSAYDI...

Əhməd İmamquliyev AzadlıqRadiosuna bildirib ki, əgər bu məntəqədə səslərin 900-dən çoxunu alsaydı, o zaman ikinci tur olmayacaqdı:

“Oktyabrın 30-da namizədliyimi verdiyim dairə üzrə bütün məntəqələrdə yenidən səsvermə olacaq”.

Oktyabrın 8-də keçirilmiş parlament seçkisi zamanı 48 saylı seçki məntəqəsində namizədlərin tərəfdarı arasında qarşıdurma yaranmış, hadisəyə müdaxilə edən polislər arasında yaralanan olmuşdu. Həmin məntəqələrinin nəticələri ləğv edilmişdi.

Oktyabrın 22-də 48 saylı seçki məntəqəsində cəmi 53,3% seçici səs verib. Bu məntəqədə 1436 seçici qeydiyyatda olub.

Oktyabrın 8-də keçirilmiş parlament seçkilərində etnik azərbaycanlılar böyük fəallıq göstərmiş, seçkiyə 30-dan çox müstəqil və müxtəlif partiyalara mənsub azərbaycanlı namizəd qatılmışdı. Səsvermənin nəticələrinə görə, hakim partiyanın 3, “Vahid Milli Hərəkat”ın 1 azərbaycanlı namizədi deputat mandatı qazanıb.

Bütün xəbərləri izləyin

Rusiya Ermənistandan idxalın bərpası üçün şərtləri açıqlayıb

Ermənistanda bazar
Ermənistanda bazar

Ermənistandan Rusiyaya kənd təsərrüfatı məhsullarının idxalının bərpası üçün onların təhlükəsizliyi təmin edilməli, məcburi tələblər yerinə yetirilməlidir. Rusiyanın “İnterfaks” xəbər agentliyi ölkənin Kənd Təsərrüfatı Nazirliyinin bu mövqedə olduğunu açıqlayıb.

Məcburi tələblərə isə Ermənistan istehsalçılarının öz xammalından istifadə etməsi, pestisidlərə nəzarət, tədarük zəncirinin izlənməsi daxildir. Məlumata görə, Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut ilə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın görüşündə bu tələblər səsləndirilib. Nazirlər Almatıda Avrasiya İqtisadi İttifaqının Aqrar-Sənaye Siyasəti Şurasının VII iclası çərçivəsində görüşüblər.

Lut Rusiyaya tədarük edilən məhsulların Avrasiya İqtisadi İttifaqının baytarlıq və fitosanitar normalarına uyğunluğunu şərtsiz prioritet adlandırıb. Rusiya tərəfinə görə, qüvvədə olan normalara qeyd-şərtsiz əməl olunmalı, göndərilən məhsulların təhlükəsizliyinin təmin olunması üçün mexanizm hazırlanmalıdır.

Yerevan, hələlik, bu şərtləri şərt etməyib.

Rusiya aprelin sonlarından başlayaraq Ermənistandan meyvə, tərəvəz, quru meyvə, balıq, süd məhsullarının idxalına məhdudiyyət qoyub, bunu həmin məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə əlaqələndirib.

Rusiya prezidenti Vladimir Putin Yerevanı Avrasiya İqtisadi İttifaqında qalıb-qalmamaq və ya Avropa İttifaqına üzvlüklə bağlı "mümkün qədər tez" referendum keçirməyə çağırıb. Son günlər bu çağırışlar intensivləşib. Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, Yerevan Avropaya inteqrasiya xəttini dəyişməyəcək.

Yaponiya Putinin Kuril adalarına səfərinə etiraz edib

Putin İturup adasında
Putin İturup adasında

Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi Rusiya prezidenti Vladimir Putinin İturupa Kuril adasına səfərinə etirazını bildirib.

"Etorofu adası daxil, Şimal əraziləri tarixən və hüquqi baxımdan Yaponiyanın ayrılmaz əraziləridir və Yaponiya bu səfərə qəti etirazını bildirir", – Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Avqustun 13-də Putin Saxalin vilayətinə səfəri çərçivəsində ilk dəfə İturup adasına gedib. O, vilayət rəhbəri Valeri Limarenko ilə görüşüb, "Yasnı" balıq emalı kompleksinə, Rusiya Qəhrəmanı Eduard Norpolov adına məktəbə və mərkəzi rayon xəstəxanasına baş çəkib.

TASS yazır ki, bundan əvvəl Rusiya rəsmiləri Kuril adalarına beş dəfə səfər ediblər. Dmitri Medvedev əvvəl prezident, daha sonra baş nazir olanda adalara dörd dəfə gedib. Baş nazir Mixail Mişustin isə İturup adasına bir dəfə səfər edib.

2022-ci ilin aprelində Yaponiya ölkənin xarici siyasətinə dair hökumətin rəsmi məlumat kitabçasını –"Diplomatiya üzrə Mavi kitab"ı dərc edib. Sənəddə Kuril adalarının cənub hissəsi "Yaponiyanın qanunsuz işğal altında olan ərazisi" adlandırılıb.

İkinci Dünya müharibəsinin sonundan bəri Yaponiya Kuril adalarının cənubundakı İturup, Şikotan, Kunaşir və Habomaiyə iddia edir. Müharibənin sonunda Sovet İttifaqı bu adaları ilhaq edib, orada yaşayan yaponlar köçürülüb. 1956-cı ildə Moskva və Tokio hərbi əməliyyatlara son qoyan bəyannamə imzalayıblar, ancaq indiyədək sülh müqaviləsi bağlanmayıb.

2003-cü ilədək Yaponiya diplomatiyası adaları rəsmən "qanunsuz işğal edilmiş", 2012-ci ilədək "əzəli torpaqlar" adlandırıb. 2012-ci ildən sonra hökumət Rusiya ilə kompromisə nail olmaq ümidi ilə bu cür ifadələrdən istifadə etməyib.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləyə sonra Yaponiya Rusiya prezidenti Vladimir Putinə, ölkənin yüksək vəzifəli rəsmilərinə sanksiyalar tətbiq edib, Rusiyanı "ticarətdə ən əlverişli rejim" statusundan məhrum edib.

Litva Rusiya və Belarusla sərhədlərini keçilməz edəcək

Litva-Belarus sərhədi
Litva-Belarus sərhədi

Litva hökuməti Milli Müdafiə Nazirliyinin Rusiya və Belarusla sərhədlərdə "hərbi hərəkətliliyə qarşı tədbirlər" layihəsini təsdiqləyib. Məqsəd mümkün düşmən qüvvələrinin ölkəyə daxil olmasını çətinləşdirməkdir. Bundan ötrü Müdafiə Nazirliyi mövcud tədbirləri genişləndirəcək, yeni tədbirlər həyata keçirəcək.

Müdafiə nazirinin müavini Tomaş Mikelkeviçyus bildirib ki, sərhədin Litva tərəfində ərazi xəndəklərlə möhkəmləndiriləcək, bataqlıqlar bərpa olunacaq, əlavə maneələr yaradılacaq. Bunun üçün Litva ordusunun strukturunda xüsusi bölmə qurulacaq.

"Keçilməz zolaq" Belarus və Rusiyanın Kalininqrad vilayəti ilə sərhədlər boyunca yaradılacaq, 20 metr enində olacaq. Müdafiə Nazirliyinin müəyyən edəcəyi əməliyyat rayonlarında səddin eni 150 metrədək artırılacaq. Proqramın birinci mərhələsi 2028-ci ilin sonunadək, ikinci mərhələsi isə 2030-cu ilin sonunadək başa çatdırıla bilər, ikinci mərhələdə bataqlıqların bərpası nəzərdə tutulur.

Litvanın baş naziri Mindauqas Sinkeviçyus avqustun 6-da deyib ki, hökumət və kəşfiyyat Rusiyadan gələn təhlükəni kiçiltmək istəmir, amma vətəndaşların narahat olmasına ehtiyac yoxdur. Sinkeviçyus Belarusdan qanunsuz miqrant axınını, Latviyanın hava məkanının sərhədlərini pozan naməlum dronları və hava şarlarını indiyədək baş vermiş hibrid hücumlara nümunə kimi göstərib.

Litvanın hərbi kəşfiyyatı iyunda bildirib ki, hazırda Rusiyanın Baltikyanı ölkələrə hücuma hazırlaşmasının əlamətləri yoxdur, ancaq təxribat və diversiya aktları təhlükəsi qalır.

Zelenski: Bu il 26 kənd azad edilib

Volodimir Zelenski
Volodimir Zelenski

Ukrayna hərbçiləri bu ilin yanvar-avqust aylarında Rusiyanın daha əvvəl ələ keçirdiyi 26 yaşayış məntəqəsini geri qaytarıb. Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb ki, bu məntəqələr Dnepropetrovsk, Donetsk və Zaporojye vilayətlərinin kəsişməsindəki Aleksandrovsk istiqamətində yerləşir.

Prezident 745 kvadratkilometr ərazinin azad edildiyini bildirib. Dediyinə görə, azı 9.5 min Rusiya hərbçisi öldürülüb və əsirlər götürülüb.

O, əməliyyatın davam edib-etmədiyini açıqlamayıb. Prezidentə bu barədə hərbi rəhbərlik məruzə edib.

Son aylar Pokrovskdan cənub-qərbdə, üç vilayətin kəsişməsində Ukrayna qoşunlarının hücumu barədə məlumatlar yayılırdı. Rusiyanın hərbi kanalları Ukrayna Silahlı Qüvvələrinin bu istiqamətdə irəlilədiyini etiraf edir, ancaq bunun taktiki xarakterli olduğunu deyirdilər.

Cəbhənin digər hissələrində isə ya mövqelər dəyişməyib, ya da Rusiya qoşunlarının irəlilədiyi bildirilir. Rusiya qüvvələri son aylar Konstantinovkanın bir hissəsini nəzarətə götürüb, Slavyansk tərəfdə müəyyən qədər irəliləyib, Sumı və Xarkov vilayətlərinin sərhədyanı ərazilərində bir sıra yaşayış məntəqələrini ələ keçirib.

Qərb analitikləri 2026-cı ildə Rusiya qoşunlarının irəliləyiş tempinin zəiflədiyini qeyd ediblər.

Novorossiyskdə Rusiya gəmiləri vurulub

Ötən gün Ukrayna Baş Qərargahı Novorossiyskə hücumda Rusiyanın dörd gəmisinin vurulduğunu açıqlayıb. "Admiral Makarov" və "Admiral Essen" freqatları, "Buyan-M" kiçik raket gəmisi və "Vasili Bıkov" patrul gəmisinin zədələndiyi xəbər verilir.

Hələlik, bu xəbəri müstəqil mənbələr təsdiqləməyib. Amma ötən gecə Novorossiysk limanındakı neft terminalında və Rusiya hərbi gəmiləri ilə sualtı qayıqlarının dayandığı Hərbi Limanda yanğınlar baş verib. Monitorinq kanallarına görə, Qərb körpüsü və 6 nömrəli körpü də vurulub.

Bundan başqa, Novorossiyskdə su kəməri infrastrukturu zədələnib. Kommunal xidmətlər şəhərə soyuq və isti su verilməsinin müvəqqəti dayandırıldığını bildiriblər. Limandakı taxıl terminalı da fəaliyyətini dayandırıb.

Rusiya hərbçiləri isə son vaxtlar Ukraynanın Odessa vilayətindəki limanlara hər gün zərbələr endirirlər.

Kolumbiyada zəlzələdən ölənlərin sayı 250-ni keçib

Pereyra şəhərində zəlzələ nəticəsində çökmüş binanın qalıqları
Pereyra şəhərində zəlzələ nəticəsində çökmüş binanın qalıqları

Kolumbiyada bu əsrin ən dağıdıcı zəlzələsində ölənlərin sayı 250 nəfəri keçib.

Avropa İttifaqı 7.4 bal gücündə zəlzələdən zərər çəkən icmalara 2 milyon avro (2.3 milyon dollar) yardım ayıracağını bildirib. Bunu avqustun 11-də Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib.

Hökumət dərhal qənaət tədbirləri elan edib, hazırda əvvəlki solçu hökumətin hazırladığı azı 180 milyard dollarlıq büdcəyə yenidən baxmağa hazırlaşır.

Zəlzələ avqustun 10-da – Abelardo de la Espriyelyanın prezidentlik andından cəmi bir neçə gün sonra baş verib. Bu hadisə yeni administrasiyanı ilk böyük böhranla üz-üzə qoyub.

İyunda isə qonşu Venesuelada iki dağıdıcı zəlzələ baş vermişdi.

ABŞ Geoloji Xidməti zəlzələnin 7.4 bal gücündə olduğunu, 107 kilometr dərinlikdə baş verdiyini bildirib. Kolumbiya Geoloji Xidmətinin məlumatına görə, bu, ölkədə 21-ci əsrdə qeydə alınmış ən güclü zəlzələdir.

1999-cu ildə Kolumbiyada baş verən 6.2 bal gücündə zəlzələ mindən çox insanın ölümünə səbəb olmuşdu.

Bəşər Əsədə qiyabi ölüm hökmü oxundu

Bəşər Əsəd
Bəşər Əsəd

Avqustun 11-də Suriyada məhkəmə ölkənin devrilmiş lideri Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü çıxarıb. O, ölkədə 14 illik müharibə zamanı qətllər, işgəncələr və qanunsuz həbslər daxil, bir sıra cinayətlərdə təqsirli bilinib.

Əsəd 2024-cü ilin dekabrında üsyançıların hücumu ilə devrilib, üsyançılara başçılıq edən Əhməd əş-Şaraa Suriyanın faktiki liderinə çevrilib.

Dəməşqdən qaçan Əsəd hazırda Moskvadadır. Bu, onun barəsində ilk məhkumluq hökmüdür.

Əsəd dövründə təhlükəsizlik rəsmisi olmuş Atif Nəcib də ölüm cəzasına məhkum edilib.

1965-ci ildə anadan olan Əsəd atası Hafiz Əsədin ölümündən sonra, 2000-ci ildə prezident olub. O, sünni müsəlmanların çoxluq təşkil etdiyi ölkədə mənsub olduğu ələvi təriqətinin üstün mövqeyini qoruyub saxlayıb. Onun dövründə Suriya İranın müttəfiqi, İsrail və ABŞ-yə qarşı olub.

Suriyada 2011-ci ildə "Ərəb baharı" fonunda vətəndaş müharibəsi başlayıb. Demokratiya tələbi ilə keçirilən etirazlar genişmiqyaslı silahlı münaqişəyə çevrilib.

Rusiyanın Ukraynaya zərbələrindən 9 nəfər ölüb, yaralılar var

Kiyev vilayətində Rusiyanın ballistik raket zərbələrindən sonra yanan bina
Kiyev vilayətində Rusiyanın ballistik raket zərbələrindən sonra yanan bina

Avqustun 11-nə keçən gecə Rusiya qüvvələri Ukraynaya "Tsirkon" gəmi əleyhinə raketləri, "İskəndər-M"/"KN-23" ballistik raketləri (sayı açıqlanmır) və 120 zərbə dronu buraxıb. Ukrayna qüvvələri dronların 98-ni vura bilib. Hücumların əsas hədəfi Kiyev vilayəti və Zaporojye olub, Rusiya bu ərazilərə raket zərbələri endirib. Kiyevdə bir nəfər xəsarət alıb.

Zaporojyedə altı nəfər ölüb, daha 19 nəfər yaralanıb. Rusiya qüvvələri vilayət mərkəzinə raketlər və idarəolunan aviabombalarla kütləvi zərbə endirib.

Rusiya qüvvələrinin Dnepropetrovska hücumu nəticəsində üç nəfər, o cümlədən 15 yaşlı yeniyetmə həlak olub, daha beş nəfər yaralanıb.

Rusiyanın Voronej vilayəti üzərində isə 15 dron vurulub. Novousmanski rayonunda 49 yaşlı kişi həlak olub, daha iki nəfər yaralanıb. Əraziyə dron düşməsi nəticəsində iri şirkətə məxsus iki anbarda yanğın başlayıb.

"Astra"nın məlumatına görə, "Wildberries"in logistika mərkəzi Novousmanski rayonunun Aleksandrovka kəndində yerləşir. Şirkətin mətbuat xidməti gecə saatlarında Voronej vilayətindəki logistika obyektlərindən əməkdaşların təxliyə edildiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi bir sıra vilayətləri, o cümlədən ilhaq etdiyi Krım üzərində ümumilikdə 396 Ukrayna dronunun vurulduğunu bildirib.

Suriya Rusiya bazalarını saxlayır, amma şərti var

Latakiya vilayətində Xmeymim hərbi bazası
Latakiya vilayətində Xmeymim hərbi bazası

Moskva və Dəməşq Rusiyanın Suriyadakı mövcudluğunun yenidən təşkili ilə bağlı memorandum imzalayıblar. Bu haqda avqustun 9-da Suriyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Tərəflər təxminən ilyarım intensiv danışıqlar aparıblar. Danışıqlarda həm hərbi, həm də mülki obyektlərin gələcək taleyi müzakirə olunub. Əsas məsələ isə Rusiyanın Tartus və Hmeymimdəki iki ən böyük hərbi bazasının statusu olub. Məlumatı Suriyanın SANA xəbər agentliyi yayıb.

Memoranduma görə, Rusiya mülki obyektlərin, o cümlədən Hmeymim hava limanının və Tartus limanının bir terminalının idarəçiliyini Suriyaya verəcək. Bu obyektlərin ölkənin mülki infrastrukturuna inteqrasiyası nəzərdə tutulur.

Suriya XİN bildirib ki, bu qərarlar iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq.

2024-cü ilin dekabrında Suriyada Bəşər Əsəd devrilib, Əhməd əş-Şaraa Suriyanın faktiki liderinə çevrilib. Suriyanın yeni müdafiə naziri Murhaf Əbu Qasra 2025-ci ilin fevralında deyib ki, Kreml ilə razılaşma Suriyanın maraqlarına uyğun gələrsə, ölkə Rusiyaya Aralıq dənizi sahillərində hava və hərbi-dəniz bazalarını saxlamağa icazə verəcək.

2025-ci ilin oktyabrında əş-Şaraa Moskvaya səfər edib, Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Rusiya Suriyanın Latakiya vilayətindəki Hmeymim bazasına və Tartusdakı donanmanın maddi-texniki təminat məntəqəsinə nəzarət edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Suriya hakimiyyəti Rusiyanın ölkədə qalmasında maraqlıdır, ancaq bunun fərqli formatda, əsasən humanitar şəkildə olmasını istəyir.

Netanyahu Trampın Qəzza planını rədd edir

B.Netanyahu və D.Tramp
B.Netanyahu və D.Tramp

İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı son planını yenidən rədd edib. Netanyahu bunu bazar günü – avqustun 9-da bildirib.

Tramp regionda sülhün bərpası üçün 15 bəndlik yeni yol xəritəsi təklif edib.

İsrail ordusu Trampın təzyiqi altında avqustun 3-dən Qəzzada hücumları faktiki dayandırıb. Həmin gün Trampın atəşkəsə nəzarət edən “Sülh Şurası”nın Qəzza üzrə nümayəndəsi Nikolay Mladenov Netanyahu ilə görüşüb. Mladenov bazar günü yeni yol xəritəsi ilə bağlı müzakirələrin davam etdiyini bildirib.

Tramp ötən ay Qəzza planı üzrə irəliləyiş əldə olunduğunu açıqlamışdı. Plana əsasən, HƏMAS silahlarını təhvil verdikcə İsrail qüvvələri geri çəkilməli, Beynəlxalq Sabitləşdirmə Qüvvələri isə yeni Fələstin polis qüvvələri ilə birlikdə Qəzzada təhlükəsizliyi təmin etməlidir.

ABŞ və Avropa İttifaqı HƏMAS-I terrorçu təşkilat sayır.

“İsrail 15 bəndlik sənədi qəbul etmir”, – Netanyahu Nazirlər Kabinetinin iclasında deyib. Onun sözlərinə görə, HƏMAS tərksilah edilməyənəcən ordu “geri çəkilməyəcək. Buraya ağır silahlar, yüngül silahlar – bütün silahlar daxildir”.

Netanyahu İsrailin planla bağlı ABŞ ilə danışıqlar apardığını da deyib.

Tramp ötən ay bildirib ki, İranın dəstəklədiyi HƏMAS silahı yerə qoymağa razılaşıb.

HƏMAS isə birbaşa “tərksilah” ifadəsini işlətmir. Qruplaşma bildirib ki, silahların təhvil verilməsinə razıdır, onlar ABŞ-nin dəstəklədiyi, “Sülh Şurası”nın nəzarəti altında Qəzzanı idarə edəcək Fələstin texnokrat administrasiyasının nəzarətində saxlanılacaq.

2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu nəticəsində 1200 nəfərin öldürüldüyü, 250-dən çox insanın isə girov götürüldüyü açıqlanıb. İsrailin bu hücuma cavab olaraq Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 70 min insanın həlak olduğu bildirilir.

Ötən ilin oktyabrında Tramp Qəzzada atəşkəs elan edib. O vaxtdan Qəzzada atəşkəs dəfələrlə pozulub. Qəzza səhiyyə rəsmiləri İsrailin hücumları nəticəsində 1200-dən çox fələstinlinin, əsasən mülki şəxslərin həlak olduğunu bildirir. İsrail hakimiyyətinin məlumatına görə, silahlı qruplaşmaların hücumları nəticəsində dörd israilli hərbçi öldürülüb. HƏMAS isə adətən öz itkilərini açıqlamır.

Beynəlxalq liderlərin koalisiyası olan Sülh Şurasını Tramp Qəzzada davamlı sülhün qurulması, yenidənqurma işlərinin aparılması üçün yanvarda təsis edib.

Ermənistanda müxalifət liderinin kürəkəni həbs edilib

Arqam Abramyan
Arqam Abramyan

Ermənistanda bir qətl işi üzrə keçmiş deputat və Artaşat şəhərinin keçmiş meri Arqam Abramyan həbs edilib. AzadlıqRadiosunun erməni xidməti bu xəbəri İstintaq Komitəsinə istinadla yayıb.

Avqustun 8-də Ermənistan İstintaq Komitəsi Abramyanın malikanəsində saxlanılmasının videosunu yayıb.

İstintaqın versiyasına görə, Abramyan "Yevangelist Etiqadlı Xristianlar" dini təşkilatının pastorunun qətlini sifariş edib. Siyasətçinin xanımının həmin şəxslə şəxsi münasibətlərinin olduğundan şübhələndiyi iddia olunur. Qadının pastora böyük məbləğdə pul verdiyi bildirilir.

İstintaq Komitəsi bildirir ki, Abramyan qətli törətməyi ondan maliyyə və şəxsi baxımdan asılı mühafizəçisinə tapşırıb. Pastor 2023-cü il aprelin 30-da Yerevanda Myasnikyan prospektində bir binanın girişində güllələnib.

Abramyan sifarişli qətlə təhrikdə, qətli törətdiyi ehtimal olunan şəxs isə qətldə və qanunsuz silah dövriyyəsində ittiham olunur.

Abramyan Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın oğlu, biznesmen və "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qagik Tsarukyanın kürəkənidir.

Tsarukyan külli miqdarda dələduzluq və çirkli pulların yuyulması ittihamları ilə iyuldan həbsdədir. O, ittihamları rədd edir, onları siyasi motivli və saxtalaşdırılmış adlandırır. Tsarukyanın tərəfdarlarına görə, hüquq-mühafizə orqanları baş nazir Nikol Paşinyanın göstərişi ilə hərəkət edir.

PKK-nın buraxılması ilə bağlı qanun layihəsi Türkiyə parlamentinə təqdim olunub

Türkiyənin dönüş nöqtəsi, ya Ərdoğana üçüncü şans: PKK ilə qəfil barışıq nə deməkdir?
Gözlə

No media source currently available

0:00 0:05:56 0:00

Türkiyə hökuməti avqustun 5-də PKK-nın (Kürdüstan Fəhlə Partiyası) buraxılması və tərksilah olunması prosesini tənzimləyən qanun layihəsini parlamentə təqdim edib.

Qanun layihəsinə əsasən, qətllərdə əli olmayan PKK üzvləri qanun qüvvəyə mindikdən sonra altı ay ərzində Türkiyəyə qayıdarlarsa, cinayət təqibinə məruz qalmayacaqlar.

Sənədə əsasən, PKK-nın buraxılması və silahsızlaşdırılmasının təsdiqi Türkiyə Milli Təhlükəsizlik Şurasına həvalə olunacaq.

PKK ilə bağlı cinayətlərə görə məhkum olunmuş bir çox şəxsin həbs cəzasının icrası təxirə salınacaq.

Qanunun icrasına nəzarət etmək, eləcə də PKK üzvlərinin təslim olması və tərksilah prosesini izləmək üçün vitse-prezident, nazirlər və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbərindən ibarət komitə yaradılacaq.

Qanun layihəsi 1984-cü ildən bəri 40 mindən çox insanın ölümünə səbəb olmuş silahlı münaqişəyə son qoyulması yönündə mühüm addım kimi qiymətləndirilir. Bu münaqişə Türkiyədə dərin parçalanma yaratmış, İraqla Suriya ərazilərində zorakılığı körükləmişdi.

Parlamentdə deputatların əksəriyyəti qanun layihəsini dəstəkləyir və sənədin bu həftənin sonunadək qəbul ediləcəyi gözlənilir.

Amma "Reuters" ictimai rəy sorğularına istinadən yazır ki, cəmiyyətin bir hissəsi bu təşəbbüsün uzunmüddətli sülh gətirəcəyinə şübhə ilə yanaşır.

PKK-ya rəhbərlik etmək kimi ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, yaxud 2005-ci ildən əvvəl ömürlük həbs cəzası alanlar bu güzəştlərdən yararlana bilməyəcəklər. Bu isə 1999-cu ildən ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalanın həbsdə qalacağı deməkdir. Öcalan ötən il PKK-nı silahı yerə qoymağa və özünü buraxmağa çağırmış, təşkilat da bu çağırışı qəbul etmişdi.

Rusiyada populyar VPN xidmətləri bloklanıb

Moskvada mobil telefon istifadəçisi
Moskvada mobil telefon istifadəçisi

Rusiyanın "Roskomnadzor" xidməti ölkədə VPN xidmətlərinə qarşı genişmiqyaslı bloklama aparıb. 20-dən çox populyar hostinq provayderinin IP ünvanları məhdudlaşdırılıb. Bu barədə "Eksployt" və "Agentstvo" Telegram kanalları məlumat yayıb.

"Amnezia", "Paper VPN" və digər VPN xidmətlərinin istifadəçiləri texniki problemlərdən şikayət ediblər. İnternetin Müdafiəsi Cəmiyyətinin direktoru Mixail Klimaryov bildirib ki, "Roskomnadzor" Rusiya İT şirkətlərinin köməyi ilə bloklamaları aşmaq üçün istifadə olunan onlarla avtonom şəbəkə sistemini aşkarlayaraq onlara çıxışı məhdudlaşdırıb.

Korrupsiya ilə Mübarizə Fondunun siyasi layihələr üzrə rəhbəri Leonid Volkov bloklamaları sentyabrda keçiriləcək Rusiya seçkiləri ilə əlaqələndirib.

""Roskomnadzor" populyar VPN xidmətlərinin istifadə etdiyi IP ünvanlarından ibarət bazanı kifayət qədər tez toplaya bildi. Topladı, topladı və seçkilər yaxınlaşanda zərbə endirdi", – Volkov yazıb.

Onun sözlərinə görə, VPN xidmətləri yeni IP ünvanları istifadəyə verə bilərlər, lakin belə hücumlar təkrarlana bilər.

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ölkədə faktiki hərbi senzura tətbiq olunub, yüzlərlə internet saytı bloklanıb. 2025-ci ildən Rusiyada mobil internetin kütləvi kəsilməsi, "WhatsApp" və "Telegram" kimi populyar mesajlaşma platformalarının bloklanması halları da müşahidə olunur.

Hakimiyyət VPN xidmətlərinə qarşı mübarizəni də gücləndirib, indiyədək 400-dən çox belə xidmət bloklanıb. Rusiya rəsmiləri VPN-dən istifadənin rəsmən qadağan edilmədiyini bildirsələr də, "Roskomnadzor" 2030-cu ilədək ölkədə bloklamaları aşmağa imkan verən xidmətlərin 92 faizini bloklamağı hədəf qoyub.

Ayaqaltı üzərindəki Rusiya bayrağına görə Özbəkistan vətəndaşını deportasiya etdilər

Polis
Polis

Rusiya bayrağı təsvir olunan ayaqaltıya görə Nijni Novqorod vilayətinin Bor şəhərində reyd zamanı saxlanılan Özbəkistan vətəndaşı Sevara Musayeva ölkəsinə deportasiya ediləcək. Məlumatı Özbəkistanın Miqrasiya Agentliyi yayıb.

Hüquq-mühafizə orqanlarının reydlə bağlı yaydığı videonu ultrasağçı "Mnoqonatsional" Telegram kanalı da paylaşıb. Musayeva həmin videoda ayaqaltını reyddən bir gün əvvəl zibil qutusunun yanında tapdığını və onu sadəcə yuyub təmizləmək istədiyini bildirib.

Onun barəsində Rusiya Cinayət Məcəlləsinin 329-cu (Rusiya Federasiyasının Dövlət bayrağını təhqir etmə) maddəsi ilə cinayət işinin açılması məsələsinə baxılırdı.

Özbəkistan Nazirlər Kabineti yanında Miqrasiya Agentliyi Musayevaya konsulluq və hüquqi yardım göstərildiyini açıqlayıb. Miqrasiya Fondunun vəsaiti hesabına onun üçün aviabilet alınıb və avqustun 6-da Özbəkistana qayıtması planlaşdırılır.

Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin regional idarəsinin məlumatına görə, 2026-cı ilin ilk altı ayında vilayətdən 1035 xarici ölkə vətəndaşı çıxarılıb. Qurumdan bildirilib ki, həmin şəxslərin Rusiyada qanuni yaşamaq və işləmək hüququ verən sənədləri olmayıb.

Moskva restoranında partlayışda azı 3 nəfər ölüb

Hadisənin baş verdiyi ərazi
Hadisənin baş verdiyi ərazi

Avqustun 2-də Moskvanın mərkəzində restoranda əldəqayırma partlayıcı qurğu işə salınıb, azı 3 nəfər ölüb, 21 nəfər yaralanıb. İstintaq orqanları partlayışın arxasında kimin dayandığını müəyyənləşdirməyə çalışır.

Hadisə avqustun 1-də yerli vaxtla saat 20:00 radələrində Rusiya paytaxtının mərkəzinə yaxın Kudrinskaya meydanındakı restoranda baş verib.

Milli Antiterror Komitəsinin məlumatına görə, ölənlər partlayıcı qurğunu restorana gətirməkdə şübhəli bilinən qadın, onun içəri daxil olmasının qarşısını alan mühafizəçi və restoranın qonaqlarından biri olub.

Bəzi mənbələr 5 nəfərin öldüyünü bildirsə də, Rusiya rəsmiləri bunu hələ təsdiqləməyiblər.

Partlayış "Balzi Rossi" italyan restoranında baş verib. Restoranın internet səhifəsindəki məlumata görə, həmin vaxt məkan özəl tədbir üçün bağlanmışdı.

Müstəqil "Astra" rusdilli nəşrinin Telegram kanalı restoranda rusiyalı generalın tədbirinin keçirildiyini, məkanda hərbi avtomobillərin saxlandığını yazıb.

Jurnalist Oleq Kaşin tədbirin Rusiyanın Hərbi-Kosmik Qüvvələrinin komandanı, general-polkovnik Aleksandr Çaykonun şərəfinə təşkil olunduğunu ehtimal edib.

Rusiya rəsmiləri, hələlik, hücumun mümkün hədəfi barədə açıqlama verməyiblər.

Rusiya dövlət mediasının yazdığına görə, partlayıcı naməlum qadının restorana daxil olmasının qarşısı alındıqdan sonra işə düşüb.

“Reuters” agentliyi "Kommersant" qəzetinə istinadla yazıb ki, bomba restoranın yay terrasındakı insanları öldürmək və ya yaralamaq məqsədi ilə uzaqdan işə salınmış ola bilər.

Məlumata görə, ola bilsin, qurğunu daşıyan qadın onun partlayıcı olduğunu bilməyib.

Rusiya hakimiyyəti bu cür hücumlara görə dəfələrlə Ukraynanı ittiham edib. Amma Kiyev 1 avqust partlayışına görə məsuliyyəti üzərinə götürməyib.

Azərbaycan vətəndaşı Kiprdə İrana casusluqda ittiham olunur

Kiprdə Akrotiri Hərbi Hava Qüvvələri bazası
Kiprdə Akrotiri Hərbi Hava Qüvvələri bazası

Böyük Britaniyanın terrorla mübarizə polisi iyulun 31-də bildirib ki, Kiprdə saxlanılan Böyük Britaniya və Azərbaycan vətəndaşı Rəşad Sultanov İrana casusluq etməkdə ittiham olunur.

London Terrorla Mübarizə Polisinin məlumatına görə, 44 yaşlı R.Sultanov Britaniyanın Kiprdə yerləşən Akrotiri Hərbi Hava Qüvvələri bazasını İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) xeyrinə gizli şəkildə izləməkdə ittiham edilir. O, hazırda Birləşmiş Krallığa ekstradisiya olunmasını gözləyir.

Britaniyanın rəsmi qurumları iddia edir ki, Sultanov giriş məhdudlaşdırılmış hərbi bazadan kəşfiyyat xarakterli məlumatlar toplayaraq SEPAH-a ötürüb.

Sultanovun Kiprdə saxlanılması barədə hələ ötən il məlumat yayılmışdı; iyulun 31-də verilən rəsmi açıqlama isə Britaniya tərəfinin onun barəsində irəli sürdüyü ittihamlar və krallığa ekstradisiya tələbi ilə bağlıdır.

Akrotiri bazası ABŞ ilə İran münaqişəsi zamanı dron hücumlarına məruz qalmışdı.

Davamı

XS
SM
MD
LG