Gürcüstanın hakim partiyası hökumətin istefasından bir gün sonra iyunun 14-də maliyyə naziri əvəziMamuka Bakhtadze-ni ölkənin növbəti baş naziri vəzifəsinə namizəd elan edib.
Bakhtadze iyunun 14-də bəyan edib ki, o “Gürcüstan xalqının avroatlantik məkana inteqrasiya olunmaq kimi tarixi seçiminə sadiq qalacaq”.
O habelə gürcülərə “fundamental və yenilikçi islahatlar” vəd edib. Onun dediyinə görə bu addımlar hər bir Gürcüstan vətəndaşının rifahını təsirləndirəcək.
36 yaşlı Bakhtadze yeni hökumətin tərkibini bir həftə ərzində prezident Giorgi Margvelashvili-yə təqdim etməlidir. Bundan bir həftə sonra yeni heyət parlamentin təsdiqinə veriləcək.
Gürcüstan dəmir yollarının keçmiş rəhbəri Mamuka Bakhtadze 2017-ci ildən maliyyə naziri əvəzi kimi fəaliyyət göstərir.
O Tbilisi Universitetindən mikroiqtisadiyyat və menecment ixtisası ilə məzun olub.
Bakhtadze ixtisasını Moskva Dövlət Universitetində artırıb.
***
Bundan əvvəl, iyunun 13-də verilən xəbərlərdə deyilirdi ki, Gürcüstanın baş naziri Giorgi Kvirikashvili istefa qərarı qəbul edib. Onun dediyinə görə buna, digər kabinet üzvləri ilə fikir ayrılığı səbəb olub.
Kvirikashvili Tbilisini bürümüş antihökumət etirazlarının ardınca iyunun 13-də istefaya getdiyini elan edib.
50 yaşlı Kvirikashvili 2015-ci ildən bəri baş nazir idi.
***
Bundan əvvəl, iyunun 12-də yayılan xəbərlərdə deyilirdi ki, Gürcüstan parlamentində əksəriyyəti hakim Gürcü Arzusu partiyasının nümayəndələri olan çoxluq ölkədə küçə etirazlarının ardınca mümkün hökumət yerdəyişmələrini müzakirə etmək üçün görüşə toplaşıb.
İyunun 12-də keçirilən bu görüşdə hakim partiyanın lideri, maqnat Bidzina Ivanishvili və baş nazir Giorgi Kvirikashvili də iştirak ediblər.
Bu toplantıdan əvvəl ölkə mediası Kvirikashvili və daha dörd nazirin istefaya gedəcəklərini yazırdı.
Gürcü Arzusu partiyasından millət vəkili Eka Beselia iyunun 10-11-də Tbilisini silkələmiş antihökumət etirazlarının ardınca yayılmış bu media xəbərlərini şərh etməkdən boyun qaçırıb.
Tbilisidə etiraz aksiyaları mayın 31-də iki yeniyetmənin qətli ilə bağlı məhkəmənin ədalətsiz aparılmasına etirazdan qığılcım almışdı.
Etirazlar iyunun 6-da dayansa da, iyunun 10-da bərpa olunmuş və 11-də bitmişdi.
Bundan əvvəl polis etirazçıların qurduqları çadırları dağıtmış və bir sıra müxalifət liderini və onların tərəfdarlarını həbs etmişdi.