Ötən ay Tbilisidə keçirilən etiraz aksiyalarına görə daha 3 nəfər həbs edilib.
AzadlıqRadiosunda olan məlumata görə, onlar iyunda parlament binasına hücum cəhdi zamanı baş verən toqquşmalar və zorakılıqlarda iştirakda şübhəli bilinirlər.
Bu arada verilən məlumata görə daxili işlər naziri Giorgi Gakhariya da ifadə vermək üçün iyulun 17-də baş prokurorluğa çağırılıb.
Prokurorluq hazırda, iyunun 21-22-də nümayişlər dağıdılarkən hüquq-mügavizə orqanlarının həddən artıq güc tətbiq edib-etməməsini araşdırır.
Gakharia iyulun 18-də prokurorluqdan çıxanda jurnalistlərə sorğu-sual barədə heç nə deməyib, təkcə onu qeyd edib ki, suallar çox idi və tez-tez prokurorluğa gəlməli olacaq.
İndiyədək hələlik 2 polis əməkdaşı həbs edilib. Onlar parlament binasının ətrafında aksiyaçıları dağıdarkən vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar.
Bundan başqa hüquq-mühavizə orqanlarının 10 əməkdaşı, o cümlədən Daxili işlər nazirliyi xüsusi təyinatlı bölməsinin rəisi işdən kənarlaşdırılıb.
Gakhariya hələ iyunun 28-də jurnalistlərə demişdi ki, istefa verməyə hazırdır, amma istintaq yekunlaşdıqdan sonra.
Prokurorluq ötən ay Tbilisidə keçirilən kütləvi etiraz aksiyalarının, naməlum adamlar tərəfindən dövlət çevrilişinə cəhd olduğunu iddia edir.
İndiyədək həmin hadisələrə görə 15 nəfərdən çox adam həbs olunub.
Etirazlara səbəb nə oldu?
Gürcüstanda kütləvi etirazlar iyunun 20-də başlanmışdı.
Buna səbəb, rusiyalı deputat Sergei Gavrilovun parlamentlərarası assambleyanın Tbilisidə keçirilən iclasında spikerin kreslosunda oturması oldu.
Onun bu hərəkəti Gürcüstan cəmiyyətini qəzəbləndirdi.
Rusiyaya qarşı başlayan bu etirazlar sonradan daxili hakimiyyətə qarşı yönəldi.
İyunun 20-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı polislə baş verən qarşıdurmada 200-dən çox adam xəsarət alıb.
Qeyd edək ki, Rusiya 2008-ci ilin yayında Gürcüstanla qısa müharibədən sonra, onun separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıdı.
Bundan sonra tərəflər arasındakı münasibətlər daha da pisləşib.
İndi aksiyaçılar daxili işlər naziri Georgi Gakhariyanın istefasını, həmçinin seçki sistemində islahatlar aparılmasını tələb edirlər.