Keçid linkləri

2025, 15 May, Cümə axşamı, Bakı vaxtı 00:39

Gürcü Arzusu ‘xoşbəxt sonluqlu filmlər görmək istəyir’ 


"Bağı ram etmə" filmindən kadr
"Bağı ram etmə" filmindən kadr

Son bir neçə ildə Gürcüstan beynəlxalq kino icmasının sevimlisinə çevrilib. Gürcü filmləri bir sıra beynəlxalq festivallarda mükafatlar qazanır.

Özü də ciddi uğur qazanan filmlərin hamısı bir mənbədən – Gürcüstan Milli Film Mərkəzindən maliyyələşir. Bu, kiçik və zəif maliyyəsi olan hökumət qurumudur.

Ancaq indi Gürcüstanın liberal dəyərlərdən get-gedə daha çox uzaqlaşan hökuməti vəziyyətə müdaxilə etməyə çalışır.

Film Mərkəzinin tabe olduğu Mədəniyyət Nazirliyi mərkəzin rəhbərliyini kino aləmində böyük təcrübəsi olmayan siyasi loyalistlərlə, yəni özünə sadiq adamlarla əvəz edib.

Mərkəzin narahatlığı və etiraz aksiyası

Bu ay nazirlik heyətə yenidən dəyişiklik etməklə gərginlik yaradıb. Film Mərkəzi iyunda Facebook-da post paylaşaraq öz müstəqilliyindən narahatlıq ifadə edib. Ancaq sonradan həmin post silinib. Daha sonra mərkəzin əməkdaşları qurumun Facebook səhifəsinə girə bilmədiklərini deyiblər.

Ölkənin kino elitası baş verənlərə Tbilisidə nümayişlərlə cavab verib. Onlar iyulun 13-də nazirliyin binası qarşısında 200 nəfərlik aksiya keçirərək dəyişikliklərə son qoyulmasını, prosesin şəffaf aparılmasını və yeni direktor seçilməsini tələb ediblər.

Rejissor Aleksandr Koberidze deyir ki, böhran ölkənin başqa vaxt bir-birinə rəqib olan kino xadimlərini birləşdirib: “İşin bir yaxşı tərəfi odur ki, bu etirazlar sayəsində çox parçalanmış qrup, heç vaxt bir-biri ilə dost olmayan kinematoqrafçılar, az qala, hər gün görüşən qrupa çevrilib. Biz bir-birimizi anladığımız nöqtələr tapmışıq”.

Gürcü kinematoqrafçılar deyirlər ki, mərkəzin susdurulması ölkə kinosuna dərin ziyan vura bilər. Çünki qurum ölkənin kino industriyası üçün mühüm rol oynayır.

İlkin maliyyənin əhəmiyyəti

"Hər dəfə mən orta və ya tammetrajlı film çəkəndə Film Mərkəzi həmişə ilkin maliyyəni təmin edib. Bu hətta çox kiçik məbləğ olsa belə, vacibdir, çünki aldığımız ilk maliyyə vəsaitidir”, – Gürcüstanın ən tanınmış rejissorlarından biri Salome Caşi deyir. İlkin maliyyə dəstəyi ona görə vacibdir ki, onu aldıqdan sonra kinematoqrafçılar daha zəngin prodüserlərə müraciət edə bilirlər. Bu prodüserlər adətən Qərbi Avropadan olur.

Caşinin 2021-ci ildə çəkdiyi “Bağı ram etmə” adlı son sənədli film hakim “Gürcü Arzusu” partiyasının ölkəni hələ də pərdə arxasından idarə etdiyi düşünülən təsisçisi Bidzina İvanişvilini ifşa etdiyi üçün hakimiyyət tərəfindən yaxşı qarşılanmayıb. Caşi ötən il filmi Gürcüstanda nümayiş etdirmək istəyəndə ciddi maneələrlə üzləşib. Ona bu problemlərin filmin siyasi baxımdan həssas olduğu üçün yarandığı deyilib.

Bu il Film Mərkəzi ətrafında ziddiyyət qızışanda “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib ki, “Bağın ram edilməsi” kimi filmlər problemdir.

"Bu cür utancverici məzmunlu film çəkilməməlidir, düzgün məzmunlu filmlər olmalıdır”, – o söyləyib. Hərçənd film Meksika və İsveçrədə keçirilən festivallardan mükafatlarla qayıdıb və nüfuzlu “Sundance” film festivalına namizəd göstərilib.

5 manatlıq yol indi 300 manatdır: Sərhədlərin bağlı qalması qazaxlıları Gürcüstana həsrət qoyub
Gözlə

No media source currently available

0:00 0:04:31 0:00

“Onlara bədii keyfiyyət lazım deyil”

Gürcüstanın kino icmasında bir çoxları hesab edir ki, hökumət ölkədəki həyatın filmlərdə necə əks olunmasına nəzarət iddiasındadır. Aktrisa Tina Lagidze deyir ki, onlar “xoşbəxt sonluqlu filmlər, vətənpərvər filmlər” görmək istəyirlər.

"Onlara bədii keyfiyyət lazım deyil. Onların istədiyi Gürcüstanın çiçəkləndiyini və burada sosial problemlərin olmadığını göstərməkdir”, – o vurğulayır.

Kino mərkəzinə təyin edilən yeni direktor Koba Xubunaya müxtəlif hökumət qurumlarında işləmiş olsa da, kino sahəsində təcrübəsi yoxdur. Mərkəzə de fakto rəhbərlik etdiyi deyilən müavini Baço Odişaria isə POSTV televiziya şəbəkəsindən gətirilib. Bu kanal “Xalq gücü” hərəkatının media qolunu təşkil edir. “Xalq gücü”nü isə “Gürcü Arzusu” partiyası yaradıb. Bu hərəkat hökumətin ən son mühafizəkar addımlarının, o cümlədən antiqərb konspirasiya nəzəriyyələrinin, habelə xaricdən maliyyə dəstəyi alan media qurumlarının “xarici agent” adlandırılması haqda qanun layihəsinin arxasında durur.

XS
SM
MD
LG