Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:54

'Onu elə döymüşdülər, təcridxana qəbul eləmirdi'


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Bakıda baldızını və onun iki övladını qətlə yetirməkdə ittiham olunan müəllim onun işi ilə bağlı məhkəmə istintaqının təzələnməsini istəyir. O hesab edir ki, məhkəmə bu cinayət işi üzrə yetərincə araşdırma aparmayıb, istintaqdan gələn sübutları tədqiq etməyib. Bu barədə onun vəkili yanvarın 26-da məhkəmədə vəsatət qaldırıb.

39-yaşlı Gülnar Qaraxanova, eləcə də onun 11-yaşlı oğlu Ataxanla 14-yaşlı qızı Lamiyəni öldürməkdə suçlanan Əhəd Əliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Artıq məhkəmə istintaqı yekunlaşıb, prokuror Əliyevə ömürlük həbs cəzası verilməsini istəyib.

Əliyev isə özünü təqsirli bilmir. O iddia edir ki, istintaqdakı etiraf ifadəsi dözülməz işgəncənin nəticəsidir. O, keçmiş həyat yoldaşı, Gülnar Qaraxanovanın bacısı Nərminin hadisə günü və ondan öncə harada olması, kimlərlə danışması kimi məsələlərin müəyyənləşdirilməsini istəmişdi. Məhkəmə də mobil operatordan bu barədə məlumatları alıb təqdim etməyi Nərmin Əliyevanın öz öhdəsinə buraxmışdı. Yanvarın 26-da hakim məlumat verib ki, mobil operatordan həmin məlumatları almaq mümkün olmayıb.

"Bu barədə sənəd də var"

"İstintaqın təzələnməsi üçün çox ciddi əsaslar var. O məlumatları özü ala bilməyib, məhkəmə alsın. Əhəd Əliyevə o qədər işgəncə verilib ki, təcridxana onu qəbul etməyib. Bu barədə sənəd də var. İşgəncə istənilən halda, yolverilməzdir", - vəkil belə deyib.

Prokuror da, zərərçəkmişin hüquqi varisi də məhkəmə istintaqının təzələnməsinə etiraz edib. Qaraxanov deyir ki, onlar bu cinayəti Əliyevin törətdiyinə əmindilər və qaldırılmış vəsatət prosesi süni şəkildə uzatmaqdan başqa bir şey deyil.

İşgəncə məsələsinə gəlincə, prokuror deyir ki, bu şikayət üzrə Nizami Rayon Prokurorluğunda araşdırma aparılıb və iddialar təsdiqini tapmadığına görə cinayət işi başlanması rədd edilib. Onun sözlərinə görə, Əliyevin bu cinayətdə iştirakını sübut edən konkret faktlar var.

Hakimlər də məhkəmə istintaqını təzələməkdən imtina edib.

Fevralın 3-də təqsirləndirilən Əliyevin vəkili çıxış edəcək, ardınca özü son sözünü deyəcək və hökm elan olunacaq.

Xatırlatma

Hadisə 2022-ci il fevralın 20-də Nizami rayonu ərazisində baş verib. Gülnar Qaraxanova, onun 14-yaşlı qızı Lamiyə və 11-yaşlı oğlu Ataxan kirayə qaldıqları evdə bıçaqla qətlə yetirilib. Mənzildə olan 25 min manat pul isə oğurlanıb.

Ana və övladlarını öldürməkdə suçlanaraq həbs olunan 42-yaşlı Əhəd Əliyev Gülnar Qaraxanovanın bacısının həyat yoldaşı olub. Hadisədən sonra onlar rəsmi şəkildə boşanıblar.

Əliyev uzun illər müəllim işləyib, hətta bir müddət Saatlı rayonunda məktəb direktoru vəzifəsində də çalışıb. Cinayət işinin materiallarında iddia olunur ki, o, hadisəni tamah məqsədilə törədib. Ailənin ev almaq üçün pul topladığını bilib. Cinayəti törədəndən sonra evdən təxminən 25 min manat pul götürüb.

Bu cinayət işi üzrə materiallar arasındakı videodiskdə görüntülərin bir hissəsi silinib. Həmin görüntülər hadisə yeri ilə bağlıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG