Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:41

Güllələnən jurnalist vəfat edib


 Peter de Vris
Peter de Vris

Niderlandda kriminal aləmdən yazan məşhur jurnalist Peter de Vris vəfat edib. O ötən həftə silahlı hücuma məruz qalmışdı.

Bu qəsdin mütəşəkkil cinayətkar aləmin işi olduğundan şübhələr var.

64 yaşlı De Vrisə iyulun 6-da Amsterdamın izdihamlı küçələrindən birində 5 güllə atılmış və güllərindən biri onun başından dəymişdi.

Ona hücum ediləndə jurnalist şouda iştirak etdikdən sonra televiziya studiyasından çıxırdı.

Niderland qəzeti De Telegraaf jurnalistin ailəsinə istinadən yazır ki, o xəstəxanada həyatı uğrunda sonadək mübarizə aparıb və iyulun 15-də keçinib:

“Peter öz devizi ilə yaşayırdı: “Diz üstdə azad olmaq olmaz”. Biz həm hüznlənir, həm də onunla fəxr edirik”.

Niderlandın cinayətkar aləmindən cəsarətli reportajları ilə tanınan Vrisə polis mühafizəsi verilmişdi.

Bu onun hay-küylü məhkəmə prosesinin ardınca ölüm hədələri almasından sonra baş vermişdi.

De Vris Niderlandda mütəşəkkil cinayətkarlığa qarşı davam edən böyük məhkəmə prosesində əsas şahidin zamini idi.

Şübhəlilər saxlanıb

Niderland polisi jurnalistə güllə atmaqda şübhəli bilinənlərin 21 yaşlı holland və 35 yaşlı polyak olduqlarını bildirib.

Polşalı qəsd törədildikdən sonra hadisə yerindən uzaqlaşmaq üçün avtomobili idarə etməkdə ittiham olunur.

Onlar jurnalistə sui-qəsddən dərhal sonra saxlanıblar.

Bu hücum Avropa boyunca hiddət doğurub və Niderlandın baş naziri Mark Rutte “canilərin sərt mühakimə olunacağını” bəyan edib.

Baş nazir deyib ki, “bu xain aktın cəzasız qalmasına yol verilə bilməz”.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen daha bir təhqiqatçı jurnalistin ölümü ilə bağlı kədərləndiyini deyib:

“Təhqiqat jurnalistləri demokratiyalarımız üçün böyük əhəmiyyət kəsb edirlər. Biz onları qorumaq üçün əlimizdən gələni etməliyik”.

“Avropa jurnalistlərini qoruya bilmir”

Vrisin ölümü Avropa İttifaqında mütəşəkkil cinayətkarlığı və korrupsiyanı araşdıran jurnalistin ilk qətli deyil.

Sərhədsiz Reportyorlar təşkilatı bildirib ki, Vrisin ölümü mütəşəklkil cinayətkarlığın Avropa boyunca jurnalistikaya təhlükə olduğunu göstərib.

Təşkilatın rəhbəri Kristof Delua Twitter-də yazıb ki, “bu quldursayağı vur-qaç qətllərinin üçüncüsüdür. Avropa jurnalistlərini qoruya bilmir”.

Son bir neçə ildə Avropa İttifaqında jurnalistlərə qarşı silsilə ölümcül hücumlar olub.

Ötən apreldə Yunanıstanda cinayətkarlıqdan yazan jurnalist Giorgios Karaivaz Afinada, yaşadığı evin qarşısında motorollerlə hücum edənlər tərəfindən qətlə yetirilib.

2017-ci ildə antikorrupsiya jurnalisti Dafne Karuana Galitsiya avtomobilində törədilmiş partlayışda həlak olub.

Bunun ardınca Slovak jurnalist Yan Kuçiak nişanlısı ilə birlikdə öz mənzilində qətlə yetirilib.

XS
SM
MD
LG