Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:39

Gülər Əhmədova: «Hamı gözəl bilir, o nə oyun idi»


Gülər Əhmədova
Gülər Əhmədova

Üzərindəki şərti cəza ilə əlaqədar ölkədən çıxışına məhdudiyyət olan keçmiş deputat Gülər Əhmədovaya üç aylıq xaricə getməyə icazə verildi. İyulun 12-də Bakı Apellyasiya Məhkəməsi keçmiş deputatın şikayətini qismən təmin edərək belə qərar verib.

Şərti məhkumluğuna görə üzərinə qoyulmuş sınaq müddətinin başa çatmasına 10 ay qalsa da, G.Əhmədova onkoloji xəstəliklə əlaqədar xaricdə cərrahiyyə əməliyyatına ehtiyacı olduğunu bildirərək, ölkədən çıxışına 8 aylıq icazə istəmişdi. Lakin Yasamal rayon Məhkəməsi sabiq deputatın bu barədə vəsatətini təmin etməmişdi. Bu gün apellyasiya məhkəməsində Həsən Əhmədovun sədrliyi ilə hakimlər kollegiyası sözügedən qərarı ləğv edib.

«3 AY MƏNƏ AZDIR»

Cəmi 3 aylıq icazə verilməsi G.Əhmədovanı qane etmir. Bu barədə o, məhkəmədən sonra jurnalistlərə açıqlamasında bildirib: «Həkimə getmək üçün yaranmış bu şansı dəyərləndirəcəyəm. Çünki sağlamlığımda ciddi problemlər var - əvvəldən də var idi, həbsdə daha da kəskinləşdi. Ailəmdə də müəyyən problemlər var, həyat yoldaşım uzun müddətdir həm şəkər, həm də onkoloji xəstədir. Xaricdə müalicəyə ehtiyacımız var və bu imkandan istifadə edəcəyik. Amma şübhəsiz ki, bu qərar məni qane etmədi. Çünki elə viza almaq xeyli vaxt aparır. Vizanın alınması, həkimlərlə danışılması, cərrahiyə əməliyyatı vaxt aparan məsələlərdir. Bu baxımdan üç ay mənə azdır».

G.Əhmədova qeyd edib ki, qərardan kassasiya şikayəti verib-verməməyəcəyini, hələlik, müəyyənləşdirməyib.

Həbsdə olduğu müddətdə səhhətindəki problemlərin kəskinləşdiyini deyən keçmiş deputat söyləyir ki, orada yeni xəstəliklər tapıb: «Kim ki həbsdə olmayıb, onlar güman edir ki, oradakılar sanatoriyaya gedib. Amma bu elə deyil. Jurnalistlərin arasında da həbsdə olanlar var və başa düşürlər ki, ora çox ağır bir həyat tərzidir. Mənim yaşda, əvvəldən xəstəlikləri olan insana, əlbəttə ki, ağır idi. Əvvəldən təzyiq, şəkər xəstəliklərim var idi ki, həbsdə olanda daha da şiddətləndi. Orda ağciyər problemi qazandım».

Bunu da oxu: Gülər Əhmədova: «Talassemiya daşıyıcısıyam»

«KİMSƏ KİMƏSƏ 100 MANAT VERSƏ, BİR HƏFTƏ SONRA GERİ İSTƏYİR»

«İddia edirsiniz ki, Elşad Abdullayevin Sizinlə bağlı yaydığı video montajdır. Aranızda nə problem var idi ki, sizə qarşı montaj olunmuş videodan istifadə etsin» sualına G.Əhmədova belə cavab verib: «Elşad Abdullayevin mənimlə heç bir problemi yox idi. Olsaydı, 2005-ci ildə olmuş hadisəni 2012-ci ildə danışmazdı. Keçən 7 ildə bir dəfə mənə və ya ailə üzvümə zəng vurardı. İndi kimsə kiməsə 100 manat pul verəndə, bir həftədən sonra geri istəyir. Hamı çox gözəl bilir ki, o, nə oyun idi, kimlər oynayırdı. Şükür ki, həmin oyunu oynayan adamlar Azərbaycan siyasətində və ictimaiyyətində artıq yoxdur».

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru E.Abdullayevin yaydığı qalmaqallı videolardan sonra G.Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. Həmin videolarda E.Abdullayevdən deputat seçilməsindən ötrü 500 min dollar rüşvət alınması və bunun prezident aparatına çatdırılması haqqında söhbət gedirdi.

G.Əhmədova CM-nin dələduzluq, cinayəti bilib xəbər verməmək maddələri ilə ittiham olunub. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. 2014-cü il mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya verilən həbs 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza ilə əvəzlənib və o, azadlığa buraxılıb.

XS
SM
MD
LG