Keçid linkləri

2024, 03 İyun, Bazar ertəsi, Bakı vaxtı 04:45

Azərbaycanda ‘Fethullah Gülen tərəfdarlarının’ dayaqları nə qədər güclüdür?


Türk liseyləri Gülənlə bağlıdır? Valideynlər etiraz edir
Gözlə

No media source currently available

0:00 0:15:28 0:00

Türk liseyləri Gülənlə bağlıdır? Valideynlər etiraz edir

İyulun 24-də Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, FETÖ (Fethullah Gülen Terror Örgütü) bir çox ölkədə məktəb açıb və bu məktəblər sayəsində həmin ölkələrdəki bütün qurumlara sızmağa çalışıb. Onun sözlərinə görə, Azərbaycandakı bu məktəblər Türkiyənin "Maarif” Vəqfinə verə bilər. Xəbəri APA yayıb.

Türkiyə rəsmiləri FETÖ deyəndə, Türkiyədə dövlət çevrilişini planlamaqda ittiham olunan, ABŞ-da yaşayan ilahiyyatçı Fetlullah Gülen tərəfdarlarını nəzərdə tuturlar, onları terrorçuluqda suçlayırlar. Gülen və tərəfdarları bu ifadəni də, onlara qarşı ittihamları da rədd edirlər.

Bakıda, “Tolerantlıq" ictimai birliyinin sədri, siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, Gülenlə bağlı qüvvələr 30-40 ildir fəaliyyətdədir, onun Azərbaycandakı qolu bir neçə ildə tam aradan götürülə bilməz, ola bilsin ki, bu qüvvələr başqa müstəviyə köçürülüb:

“Fethullah Gülenə yaxın dairələr artıq onun istifadə müddətinin başa çatdığını düşünürlər. Güman etmirəm ki, Gülen kartından bir daha istifadə edəcəklər. Ola bilsin ki, həmin şəbəkəni idarə edən dairələr onları başqa müstəviyə transfer edəcəklər, ola bilsin, başqa bir qurum yaradılacaq, ola bilər ki, mövcud qurumların içərisində əridiləcəklər. Hər halda, 30-40 ilin şəbəkəsinin aradan çıxmasına imkan verilməyəcək”.

Valideynlər İstək liseyinin müdafiəsinə qalxıb

Son günlər mətbuatda - bağlanmış “İstək” liseyinin Gülenə yaxınlığı iddia edilir.

2014-cü ildə Fethullah Gülenə bağlı olduqları iddia edilən türk liseyləri –“Çağ Öyrətim İşletmeleri” liseyləri Zərifə Əliyeva adına liseyin bazasına verilmişdi. Bakıdakı “İstək” liseyi də Zərifə Əliyevanın adınadır.

Lisey özü bildirir ki, keçən il məzunlarının 99 faizi ali məktəbə qəbul olub, təkcə keçən il beynəlxalq olimpiadalardan 47 medal gətiriblər.

Lisey Valideyn Komitəsinin üzvü Gülnar Məcidova deyir ki, onun uşağına yalnız yaxşı dərs keçilib, hansısa təbliğat aparılmayıb:

“Mənim özümü də bu həmişə maraqlandırıb, məndə də belə qorxu həmişə olub, oğlum 7-ci sinifdə oxuyandan belə həmişə soruşmuşam. Mənim ailəm dindən uzaqdır. Həmişə oğlumdan soruşmuşam ki, sənə bu barədə nəsə deyilirmi? Heç vaxt belə bir söhbət olmayıb, həmişə elə gözəl təhsil olub ki, burda…”

Gülnar Məcidova deyir ki, valideynlər və şagirdlər bu liseyin bağlanmasından çox narahatdırlar.

Başqa bir valideyn Emil Qurbanov deyir ki, əslində, həmin məktəbdə türk müəllimlər qalmayıb, hamısı Türkiyəyə göndərilib. Onun fikrincə, bu liseyi bir konfliktin nəticəsində hakimiyyətə guya “Çağ Öyrətim İşletmeleri”nin davamı kimi təqdim ediblər, əslində isə, bu belə deyil, sadəcə, orda çalışan azərbaycanlı müəllimlərin bir qismi “İstək” liseyində çalışırdı.

Emil Qurbanov deyir ki, valideynlər özəl məktəb təsis etmək, həmin müəllimləri işə götürmək istəyirlər, bu barədə Təhsil Nazirliyinə təklif veriblər.

İyulun 7-də valideynlər Təhsil Nazirliyinin qarşısında aksiya keçiriblər, Təhsil Nazirliyində qəbuldan çıxanlar kameraya danışmayıblar. Onların dediyinə görə, nazirlikdən bildiriblər ki, liseyləri təsisçi bağlamaq istəyir. Ancaq təsisçinin adı açıqlanmır.

Təhsil Nazirliyinə “İstək” liseyi barədə sorğu göndərsək də, günün sonuna qədər sorğumuza cavab gəlmədi.

Lisey Azərbaycan qanununu pozmayıbsa...

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Rasim Musabəyov deyir ki, onda olan məlumata görə, türk məktəblərinin hamısı bağlanıb, Fethullah Gülenə bağlı hansısa qurumun Azərbaycanda qalması ona məlum deyil.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə iyulun 24-də, Bakıda səfərdə olanda deyib ki, Azərbaycan FETÖ ilə bağlı Türkiyəyə ən güclü dəstəyi verən ölkələrin başında gəlir.

“Ayna-Zerkalo” qəzetlərinin şərhçisi Rauf Mirqədirov deyir ki, hansısa məktəb yalnız tədris planından kənara çıxdığı, qanunu pozduğu halda bağlanmalıdır, siyasi səbəblə yox:

“Əgər həmin məktəblər hansısa tədris planından kənara çıxıblarsa, bu başqa məsələdir. Əgər çıxmayıblarsa və Azərbaycan qanunlarına zidd hərəkətlər etməyiblərsə, Azərbaycan hökumətinin onlara heç bir iradı ola bilməz”.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Türk liseylərinin bağlanmasına necə baxırsız?
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd olub. Türkiyə hakimiyyəti iddia edir ki, bunun arxasında ABŞ-da yaşayan ilahiyyatçı Fetullah Gülen durur. Gülen bu iddianı rədd edir.

Həmin hadisələrdən sonra Azərbaycanda yerli mətbuatın yazdığına görə, Gülenə bağlı olduğu iddia edilən “Zaman” qəzeti və “Qafqaz” Universitetinin fəaliyyəti də dayandırılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG